Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1353/2024 11.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 11 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8360 manat dəymiş ziyan və 104 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8464 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 2022-ci ildə İsmayıllı rayonu Cülyan kəndində ona məxsus fərdi yaşayış evinin qarşısında çardağ tikmək qərarına gəlmişdir. Bu məqsədlə usta kimi tanıdığı Cavabdeh1 ilə görüşüb evin qarşısında çardağ tikməyini təklif etmişdir. Cavabdeh1 yaşadığı əraziyə gələrək çardağ tikiləcəyi yerə baxış keçirmişdir. Qeyd olunan işin görülməsi üçün Cavabdeh1 ona Şamaxı rayonunda tanış ustaların olduğunu və onların köməyi ilə 7 metr eni, 16,5 metr uzunluğunda çardağ tikə biləcəyini bildirmiş və işə başlamamışdan əvvəl zəhmət haqqının 600 manat olacağını bildirmişdir. O, Cavabdeh1la razılığa gələrək işə başlamasını bildirmişdir. İşə başlayan vaxt Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 usta kimi özü ilə gətirmişdir. 2022-ci ilin dekabr ayında cavabdehlər çardağ tikintisinə başlamışlar. Cavabdehlərin üç-dörd gün işlədikdən sonra iki-üç gün işə gəlmədiklərini gördükdə Cavabdeh1 soruşmuşdur ki, nəyə görə Ağa və Şakir işə gəlmirlər. Cavabdeh1 ona bildirmişdir ki, X4 rayon Laləzər kəndində yerləşən məktəbdə məktəbin direktoru vəzifəsində işləyir, Zakir Osmanov isə həmin məktəbin təsərrüfat işləri üzrə köməkçisi işləyir. Hazırda həmin məktəbdə yoxlama getdiyindən yoxlama başa çatdıqdan sonra işlərini davam etdirəcəklər. Bir müddətdən sonra cavabdehlər tikilmiş çardağı ona təhvil vermişlər. Cavabdeh1 vəd etdiyi 600 manat pulu işlərini başa çatdıranadək cavabdehlərə ödəmişdir. Bundan bir ay sonra, yəni 12 yanvar 2023-cü il tarixdə yaşadığı Cülyan kəndinə qar yağan zaman yeni tikdirdiyi çardağ qarın ağırlığına dözməyərək çardağın altında saxladığı "Mercedes" markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə tökülmüşdür. Nəticədə tikilmiş çardağın dam örtüyü və avtomobil yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, cavabdehlərin günahı üzündən ona tikinti materiallarının alışına görə 4430 manat, cavabdehlərə ödənilmiş zəhmət haqqına görə 1570 manat və nəqliyyat vasitəsinin bərpa olunması üçün ödənilmiş 2360 manat, ümumilikdə 8360 manat məbləğində maddi ziyan dəymişdir. Hesab edir ki, bu işdə peşəkar olmayan şəxslər tərəfindən inşa edilmiş çardağ inşa edilərkən, onun cavabdehlərə tikinti normativlərinə uyğunlaşdırılmasına tikinti işlərinə nəzarət etmək barədə xahişi olmuşdur. Hər dəfə səsləndirdiyi sözləri cavabdehlər qulaq ardına vurmuş, çağırışına məhəl qoyulmamış, öz istədikləri qaydada çardağı inşa edərək tələsik başa çatdırmışlar. Baş vermiş hadisədən sonra cavabdehlər hərəfindən görülmüş işlər barəsində və hadisə nəticəsində ona dəymiş ziyanın ödənilməsi üçün İsmayıllı rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciətindən sonra Polis şöbəsində aparılan araşdırmalarda cavabdehlərin və şahidlərin izahahları alınmışdır. İş üzrə toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmədiyi üçün material üzrə cinayət işi başlanması rədd edilmiş, aparılan araşdırmanın nəticəsi olaraq İsmayıllı Rayon Polis şöbəsi tərəfindən ona bu işlə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, "Mercedes" markalı **-ES-*** dövlət nömrə nişanlı avtomabili dəyən ziyanın müəyyən edilməsi üçün "Avtoservis MMC” servis xidmətinə aparmış və yoxlamadan sonra qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktına əsasən avtomobilin təmir xərcləri 2360 manat təşkil etməsi müəyyən edilmişdir. Hadisənin baş verdiyi ərazidə uçmuş çardağın dam örtüyü və altında qalan avtomabilin fotoşəkilləri çəkilmişdir. İddia ərizəsinə əlavə olunmuş şəkillərdən görünür ki, sözügedən avtomobilin üzərinə düşən dəmir konstruksiya və taxta avtomobilin ön və arxa süşələri, ön və arxa amortizatorları avtomobilin faraları, yan güzgüləri, salon güzgüsü, yan qapı şüşəsi, prujin, kol, lanjeronun qaynağı və damın salon obivkası zədələnərək yararsız vəziyyətə düşmüşdür. Bundan başqa avtomobilin bərpa olunması üçün avtomobilin üzərində dəmir işləri, armatur işi, malyar işi və çilingər işləri görülmüşdür. İlk öncə aşınmaya məruz qalmış və müxtəlif səbəblərdən zədə almış konstruksiyaların yenidən təmir-bərpa işlərinin görülməsi üçün cavabdehlərlə fərdi söhbətlər aparılmışdır. Aparılmış söhbətlərin heç bir nəticəsi olmamışdır. Ötən dövr ərzində cavabdehlər ona məxsus fərdi yaşayış evində konstruksiyaların yenidən təmir-bərpa işlərinin görüləcəyini bildirmiş bu məqsədlə çardağ tikintisində istifadə olunmuş müxtəlif tikinti materiallarını özləri ilə aparmış və çardağ üçün quraşdırılacaq 16 ədəd ferma konstruksiyaları hazırlayaraq ona təqdim etmişlər. Lakin qalan təmir bərpa işləri görülməmiş qalmışdır. Cavabdehlərdən müştərək qaydada 8360 manat dəymiş ziyan və 104 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8464 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında əsasən iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2022ci ilin dekabr ayında İsmayıllı rayonu Cülyan kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısında çardağ tikintisinə başlamışdır. İddiaçı materialla birlikdə ona 1396 manat pul vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bu məsələ ilə bağlı heç bir günahları yoxdur. Mübahisəli çardağ torpağın tökmə torpaq olması səbəbindən çökmüşdür. Bu məsələ ilə bağlı onun 2020 manat xərci çıxmışdır. Dama dəmir vuran şəxslərin pulunu öz cibindən vermişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə şifahi və ya yazılı müqavilə bağlamamış, mülki hüquq münasibətində olmamış, iddiaçı ilə işlərin görülməsi ilə bağlı danışıq aparmamış, əqd bağlamamış, iş təhvil verməmiş və iddiaçıdan hər hansı ödəniş almamışdır. O, sadəcə işin icrası prosesində, yəni iş başlayandan sonra Cavabdeh1 ödənişsiz olaraq kömək etmişdir. Onunla iddiaçı arasında hər hansı müqavilə bağlanmadığı, aralarında hər hansı razılaşma olmadığı üçün öhdəlik də əmələ gəlməmişdir. Onunla iddiaçı arasında öhdəlik əmələ gəlmədiyi üçün iddiaçı qarşısında da hər hansı məsuliyyət daşımır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh3 Cavabdeh2 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 03 may 2011-ci il tarixli ƏN-İİİ №345856 nömrəli şəhadətnamənin surətindən görünür ki, “Mercedes Benz 230” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və digər hərəkətlər etmək üçün X1 tərəfindən İddiaçı Əfsər oğluna 50 il müddətinə baş etibarnamə verilmişdir. “X3” MMC-nin 20 yanvar 2023-cü il tarixli qüsur aktından görünür ki, Mercedes Benz 230” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir xərci ümumilikdə 2360 manat müəyyən edilmişdir. İsmayıllı rayon Polis şöbəsinin 17 yanvar 2024-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, 05 dekabr 2023-cü il tarixli, HK-1/1719 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. 20 sentyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 104 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, iş materiallarından və tərəflərin izaharından görünür ki, iddiaçı və Cavabdeh1 arasında podrat müqaviləsi mövcud olmuş, cavabdeh (podratçı) müqavilədə nəzərdə tutulan işi, yəni iddiaçının (sifarişçinin) yaşadığı evin həyətində dəmir konstruksiyalarla quraqlıq tikilməsini icra etməyi, iddiaçı isə cavabdehlə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüş, tələbin dəmir konstruksiyalarla quraqlıq tikilməsi hissəsi icra olunmuş və razılaşdırılmış muzd ödənilmişdir. Lakin sonradan quraqlığın dəmir profilləri ağırlığa tab gətirməyərək çökmüş, nəticədə quraqlığın altında iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində onun sifarişi əsasında təmir-tikinti işlərini görməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə vermiş, cavabdeh isə sifarişi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin: 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1–ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1-ci maddəsinə əsaəsn əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-cü maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2-ci maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Məhkəmə işin müəyyən edilmiş halların əsasən hesab edir ki, cavabdeh görməli olduğu işlərin müqabilində iddiaçıdan muzd almış, lakin öhdəliyi lazımınca yerinə yetirəməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya məxsus fərdi yaşayış evində quraqlıq tikintisi işlərini lazımi qaydada aparmamışdır. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, dəymiş ziyanı iddiaçıya qaytarmalıdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 8360 manat dəymiş ziyan məbləği tələb etsə də Cavabdeh1 mübahisəli çardağın çökməsi nəticəsində 2020 manat xərc çəkdiyini bildirir və bu hal iddiaçı tərəfindən etiraf edilmişdir. Belə olan halda məhkəmə qərara gəlir ki, iddia tələbi 8360 manat dəymiş ziyan hissəsində qismən – 6340 (8360-2020=6340) manat həddində təmin edilməlidir. Belə ki, Cavabdeh1 öhdəsinə götürdüyü işin qüsurlu icrası nəticəsində quraqlıq uçmuş və nəticədə quraqlığın altında olan iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin keyfiyyətsiz iş nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə, iddia tələbini digər cavabdehlərə münasibətdə əsaslı hesab etmir. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3la iddiaçı arasında sözügedən çardağın tikilməsi məqsədi ilə razılaşma olmamış, iddiaçı tərəfindən adı çəkilən cavabdehlərə çardağın tikilməsi məqsədi ilə pul verilməmiş və onlar bu barədə üzərilərinə öhdəlik götürməmiş, iddiaçı da bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda,məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi,əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. «Mahmudov Rusiyaya qarşı»iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6340 manat dəymiş ziyan və 83,40 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 6423 (altı min dörd yüz iyirmi üç) manat 40 (qırx) qəpik alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə təmin edilmiş iddia tələbi 6340 manatdır. Ona görə də həmin məbləğə uyğun olaraq 83,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Mülki iş üzrə ödənilmiş 104 manat dövlət rüsumunun 20,6 manatı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6340 manat dəymiş ziyan və 83,40 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 6423 (altı min dörd yüz iyirmi üç) manat 40 (qırx) qəpik alınaraq İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş 104 manat dövlət rüsumunun 20,6 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1353/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1353/2024
11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver