Məhkəmə qərarları › İş №2(037)-1395/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1395/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1395/2022 21.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 21 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 3818 manat borc və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3876 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. 2009-cu ildən İsmayıllı rayon X8 Mərkəzində işləyir. Cavabdeh 2017-ci ildən işlədiyi mərkəzin müdiri təyin edilmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində cavabdeh ona müraciət edərək bir neçə Bankda krediti olduğundan ona kredit verilmədiyini, mümkünse öz adına "xxxx" ASC-dən kredit götürüb ona verməyini, götürdüyü kreditlə bağlı hesablanacaq faizləri və əlavə xərcləri özü ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanaraq 05 dekabr 2019-cu il tarixdə "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürüb həmin gün işlədiyi İsmayıllı rayon X8 Mərkəzinin inzibati binasının həyətində sayıb cavabdehə vermişdir. Cavabdeh pulu alarkən bir daha narahat olmamağını, krediti faizləri ilə birlikdə bütünlüklə onun adından özü ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bütün bunlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən götürdüyü krediti faizləri ilə birlikdə özü ödəmişdir. Nəticədə cavabdehin özünün xahişinə əsasən bankdan kredit götürüb verdiyi 2600 manata görə banka 3818 manat pul ödəmişdir. O, dəfələrlə cavabdehin yaşadığı ünvana gedərək pulunu tələb etmişdir. Cavabdeh borcunu qaytarmadığından məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 58 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 3818 manat borcun və 58 manat dövlət rüsumunun alınıb ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2017-ci ildə İsmayıllı rayon X8 Mərkəzinə müdir təyin edilmiş və bir müddət həmin mərkəzin rəhbəri olmuşdur. İddiaçı rəhbəri olduğu mərkəzdə gözətçi işləmişdir. İddiaçıdan "xxxx" ASC-dən öz adına kredit götürüb ona verməsini xahiş etmiş, həmin dövrdə iddiaçı bankdan öz adına 2600 manat kredit götürərək ona vermişdir. Sonradan o, iddiaçıdan aldığı pulu hər ay hissə-hissə arvadı Laləyə vermişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, Xanəhmədov Cəmil Bakıxan oğlu və X4 ifadə verərək göstərdi ki, iddiaçı ilə dostdular, cavabdehi isə rayon sakini kimi tanıyırlar. Dostları ilə birlikdə İsmayıllı rayon X1rşısındakı parkın giriş hissəsində dayanarkən iddiaçının yuxarıdan əlində sənədlə parka tərəf gəldiyini görmüş, iddiaçıdan hara getdiyini soruşmuş, sonuncu isə ona bankdan kredit götürdüyünü və həmin pulu müdiri Anara verəcəyini bildirmişdir.Onlar,iddiaçının bankdan götürdüyü pulu cavabdehə verməsini görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, iddiaçı əri, cavabdeh isə əvvəllər işlədiyi idarənin müdiri olmuşdur. İddiaçı bankdan kredit götürüb cavabdehə vermişdir. Cavabdeh pulu ödəmədiyindən bank pulu iddiaçının əmək haqqı kartından tutmuşdur. İddiaçı cavabdehdən verdiyi pulu tələb etsə də sonuncu müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina etmiş və aldığı pulu qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materilallarına əlavə edilmiş, "xxxx" ASC-nin İsmayıllı rayon filialı tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, xx.xx.2019-cu il tarixli GTKR1678630A178 saylı kredit müqaviləsi üzrə KapitalBank” ASC-nin İsmayıllı rayon filialı tərəfindən İddiaçı illik 26.9% dərəcəsi ilə 36 ay müddətinə 2600 manat məbləğində kredit verilmiş,ödəniş qrafikinə əsasən İddiaçı 2600 manat əsas və 1218 manat faiz olmaqla, cəmi 3818.39 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materilallarına əlavə edilmiş, "xxxx" ASC-nin İsmayıllı rayon filialı tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli GTKR1678630A178 saylı kredit müqaviləsi üzrə KapitalBank” ASC-yə kredit borcunu tam ödəmişdir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı 2019-cu ildə "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürərək aralarında olan razılaşmaya əsasən cavabdehə borc vermişdir. Bu işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıdan 2600 manat pul aldığını lakin, həmin pulu hər ay hissə-hissə iddiaçının arvadına verdiyini bildirsə də, həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən pulu aldığını etiraf edir və qaytardığını iddia edir. Bu halda sözügedən pul məbləğinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzrərinə düşür. Belə ki, cavabdeh məhkəmə iclasında pulu iddiaçının arvadına verdiyini bildirsə də, lakin iddiaçının arvadı məhkəmə iclasında ona pul verilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəflərin izahatlarına,şahid ifadələrinə və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir,məsələn,pul ödəməli,xidmətlər göstərməli,əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Yuxarıda sadalananlara əsasən iddia tələbi təmin edilməli, cavabdehdən 3818 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 58 manat məbləğin cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3818 manat borc pul və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3876 (üç min səkkiz yüz yetmiş altı) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar