Məhkəmə qərarları › İş №2(037)-1429/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1429/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1429/2025 21.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 21 yanvar 2026-cı il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2230 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu Rahil Əliyevin yaxın dostu olmuşdur və evlərində bir müddət qalmışdır.Cavabdeh onun qohumu Tacir Şikarovu məktəbdə işə düzəldə biləcəyini deyərək ondan 5000 manat pul tələb etmiş, o isə 5000 manatın 2000 manatını əvvəlcədən, qalan hissəsini isə müvafiq şəxs işə düzəldikdən sonra verə biləcəyini bildirmişdir. Nəticədə 2000 manat pulun 1500 manatını ünvan 1 ünvanında nağd şəkildə, 500 manatı isə Cavabdeh kartına göndərmişdir. Bundan sonra Cavabdeh oğlu Rahil Əliyevi 3-cü mikrorayon dairəsində yerləşən İşıq İdarəsində işə düzəltmək adı ilə əlavə olaraq ondan 200 manat almışdır. Bundan başqa İsmayıllı rayonundan yumurta alacağını vədd edərək əlavə olaraq 30 manat da pul almışdır. Cavabdeh ondan 2230 manat pul almasına baxmayaraq, nə qohumu Tacir Şikarovu, nə də oğlu Rahil Əliyevi işə düzəltməmişdir. Cavabdeh ona ümumilikdə 2230 manat borcu vardır. Cavabdeh dəfələrlə pulu geri tələb etsə də, həmin pul məbləğini geri qaytarmamışdır. Hətta bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə da müraciət etmişdir. Bundan başqa, həmin borcu təsdiq edən səs yazıları da mövcuddur. Onun müraciəti əsasında 712/24 (HK-1/451) 19PŞ) saylı material əsasında Bakı Şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində 712/24 (HK-1/451) 19PŞ) saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmiş, ona qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə Nəsimi rayon prokurorluğuna və ya rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma zamanı Cavabdeh izahatı alınmış, Cavabdeh izahatında ondan aldığı ümumilikdə 2230 manat borcu etiraf etmişdir. O, məhkəməyə müraciət etməzdən əvvəl 2230 manat pul məbləğinin Cavabdeh tərəfindən könüllü surətdə ödənilməsinə şərait yaratmaq məqsədi ilə onun ünvanına pretenziya göndərmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bugünədək 2230 manatı geri qaytarmamışdır. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin əsaslılığı Cavabdeh Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatla da bir daha təsdiq olunur. Cavabdeh təqsirli olduğunu sübut edən səs yazıları mövcuddur. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qızı X2 təmsil etmişdir. İddiaçı iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin mobil nömrəsinə zəng edilərək məhkəmə iclasında iştirak edilməsi barədə məlumat verilmiş, ancaq cavabdeh iki dəfə səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməməsini qeyd etsə də, həqiqəti əks etdirən hər hansı tibbi sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin bu hərəkətini üzrlü hesab etməyərək məhkəmədən yayınma kimi qiymətləndirmiş və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı Şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X1 01 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında 712/24 (HK-1/451) 19PŞ) saylı material əsasında Bakı Şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən araşdırma aparılmış,araşdırma nəticəsində 712/24 (HK-1/451) 19PŞ) saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmiş, ərizəçiyə qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə Nəsimi rayon prokurorluğuna və ya rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2025-ci il tarixli, pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu İsmayıllı rayonu, İsmayıllı kəndi və faktiki yaşadığı ünvan 2i ünvanına pretenziya məktubu göndərərək 2230 manat borc məbləğinin 3 iş günü müddətində ona ödənilməsini tələb etmiş,əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. CD disketdə olan audio səs yazılarından görünür ki, tərəflər arasında pulun verilməsi ilə bağlı müxtəlif məzmunlu danışıqlar olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutların mümkünlüyü baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi,hazırda iddiaçıya Cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu 01 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatında borcu etiraf etməsi ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2230 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddia tələbinin tam və ya qismən etiraf edilməsini tənzimləyən prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozubpozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçının qohumu Tacir Şikarovu məktəbdə işə düzəldə biləcəyini deyərək ondan 5000 manat pul tələb etmiş, sonuncu isə 5000 manatın 2000 manatını əvvəlcədən, qalan hissəsini isə müvafiq şəxs işə düzəldikdən sonra verə biləcəyini bildirmişdir. Nəticədə iddiaçı 2000 manat pulun 1500 manatını ünvan 1 ünvanında cavabdehə nağd şəkildə, 500 manatı isə kartına göndərmişdir. Bundan sonra cavabdeh iddiaçının oğlu Rahil Əliyevi 3cü mikrorayon dairəsində yerləşən İşıq İdarəsində işə düzəltmək adı ilə sonuncudan əlavə olaraq 200 manat, eyni zamanda İsmayıllı rayonundan yumurta alacağını vədd edərək əlavə olaraq 30 manat da pul almışdır. Cavabdeh iddiaçıdan ümumilikdə 2230 manat pul almasına baxmayaraq, nə sonuncunun qohumu Tacir Şikarovu, nə də oğlu Rahil Əliyevi işə düzəltməmişdir. İddiaçı cavabdehdən dəfələrlə pulu geri tələb etsə də, sonuncu həmin pul məbləğini geri qaytarmamışdır. İddiaçı bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş, müraciəti əsasında 712/24 (HK-1/451) 19PŞ) saylı material əsasında Bakı Şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində 712/24 (HK-1/451) 19PŞ) saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmiş, iddiaçıya qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə Nəsimi rayon prokurorluğuna və ya rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma zamanı cavabdehin izahatı alınmış, sonuncu izahatında iddiaçıdan aldığı ümumilikdə 2230 manat borcu etiraf etmişdir. İddiaçıya cavabdehin təqsiri üzündən 2230 manat maddi ziyan dəyməsi Bakı Şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadənin icraatında olmuş 712/24 (HK- 1/451) 19 PŞ) nömrəli material əsasında aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunsa da, qeyd edilən 2230 manat ziyan sonuncu tərəfindən hazırkı vaxtadək iddiaçıya ödənilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh 2230 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia tələbi təmin edildiyindən hazırkı iddia tələbi üzrə ödənilməli olan 42.30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2230 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Cavabdeh 42.30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar