Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1441/2025 26.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 yanvar 2026-cı il tarixdə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 6250 manat məbləğində pulun, məhkəmə xərclərinin və dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 4750 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayında dayısı qızı X1 ona hazırkı iş üzrə Cavabdeh yaxın tanışı olduğunu, kənd təsərrüfatı ilə məşğul olaraq aqronom olduğunu bildirmişdir. Cavabdeh ona borca pul lazım olduğunu bildirərək ondan borc pul istəmiş, aldığı borcu kənd təsərrüfatı məhsullarını satıb qaytaracağını bildirmişdir. O, cavabdehə inanaraq evdə yığıb saxladığı 5800 manat məbləğində pulu sonuncuya vermiş, qalan 1200 manat pulu isə qızıllarını "xxxx" MMC-yə girov qoyaraq götürüb vermişdir. O, cavabdehə ümumilikdə 6250 manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan pulu alanda borc pul almasına dair qəbz yazmış və özünün razılığı ilə şəkili çəkilmiş və bu günə qədər həmin məbləği geri qaytarmamışdır. Hər dəfə cavabdehdən pulu istəyəndə onu hədələyərək barəsində nalayiq sözlər işlətmişdir. Cavabdeh ondan borc olaraq aldığı pulu qaytarmadığından məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ona olan 6250 manat borcundan hissə-hissə olmaqla,1500 manatını ödədiyini, hazırda cavabdehin ona ödənilməmiş 4750 manat məbləğində borcu qaldığını və cavabdehdən 4750 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. İddiaçı məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. İş materiallarına əlavə olunan sənədlər xx.xx.2025-ci il tarixli müqavilədən ibarət qəbzin məzmunundan görünür ki, “Mən Cavabdeh xx.xx.1993-cü ildə İsmayıllı rayonunda anadan olmuşam və hal-hazırda həmin rayonda qeydiyyatdayam. Mənim İddiaçı 6250 manat borcum var. Mən bu borcu xx.xx.2025-ci il tarixinə kimi Şirvan şəhərində qeydiyyatda olan İddiaçı olan borcumu tam bağlanılmasına görə bütün məsuliyyəti üzərimə götürürəm və bildirmək istəyirəm ki, xx.xx.2025-ci il tarixinədək həmin borcu ödəyib bitirməsəm Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cəzalanmağımı xahiş edirəm.Yazdığım ərizəni imzamla təsdiq edirəm. xxxxxxx” məzmunda qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli,********** nömrəli, mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 142211 büdcə təsnifat kodu vasitəsilə 85 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları və məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının təhlili baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşıyır, iş materiallarında isə belə bir sübut mövcud deyildir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə iddiaçının izahatının işdə olan sübutların müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, iddiaçı özündə yığıb saxladığı 5800 manat və qızıl-zinət əşyasını girov qoyaraq götürdüyü 1200 manat olmaqla, ümumilikdə 6250 manat məbləğində pulu cavabdehin özü tərəfindən imza edilmiş xx.xx.2025-ci il tarixli sadə yazılı müqavilə əsasında sonradan qaytarmaq şərti ilə cavabdehə borc vermişdir. Cavabdeh isə xx.xx.2025-ci il tarixli sadə yazılı müqavilə əsasında həmin pulun bir hissəsini, yəni 1500 manatını qaytarmış, digər 4750 manat hissəsini isə ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 4750 manat borcu iddiaçıya ödəməlidir. Prosessual qanunvericilik konteksindən yanaşaraq məhkəmə diqqətə çatıdırır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 85 manat dövlət rüsumu məbləğinin 67.50 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 17.5 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 4750 manat pul və 67.50 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1441/2025
İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-1441/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver