Məhkəmə qərarları › İş №2(037)-153/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-153/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-153/2024 08.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun istifadəsində qalan fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin əvəzi kimi 37892 manat, qiymətləndirmə təşkilatına ödədiyi 250 manat olmaqla, cəmi 38142 manat məbləğinin və iddianın verilməsi üçün ödədiyi 214 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o,İsmayıllı rayon Talıstan kəndində doğulmuş və həmin kənddə yaşayır. 1988-1989-cu illərdə valideynləri ilə və cavabdeh olan qardaşı ilə bir ailədə yaşadığı zaman X37 qanuni istifadəsində olan 0.30 hektar həyətyanı torpaq sahəsini iki yerə bölərək 0.15 hektarını ev tikmək üçün qeyri rəsmi şəkildə ona vermişdir. Bu haqda bütün ailə üzviləri bilmiş və etirazları olmamışdır.O, həmin vaxtlar keçmiş 4 nömrəli Bakı Avtonəqliyyat kontoruna məxsus «Kamaz» markalı yük avtomobilini idarə etmiş və yüksək əmək haqqı almışdır. Eyni zamanda tikinti materiallarının alveri ilə də məşğul olmuş və fərdi yaşayış evinin tikintisi üçün 10000 rubl həcmində kredit alaraq atasının ona verdiyi həyətyanı torpaq sahəsində smeta dəyəri 12222 rubl təşkil edən fərdi yaşayış evinin tikintisinə başlamışdır. Fərdi yaşayış evinin tikintisini başa çatdırmış, lakin təmir işləri yarımçıq qalmışdır. Tikdiyi fərdi yaşayış evi üçün tikinti materialları aldığı hesab fakturalarını da ərizəyə əlavə edir. Sonralar ailə münasibətləri pozulmuş o məcbur qalaraq başqa bir yerdən həyətyanı torpaq sahəsi alaraq orada özünə ikinci fərdi yaşayış evi inşa etdirmiş və hazırda həmin ikinci evdə yaşayır.O, həmin evin və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu rəsmiləşdirmək üçün atasının vərəsəsi kimi vərəsəlik qaydasında həll etməyə çalışmışdır. Lakin İsmayıllı Rayon Məhkəməsinin 22 avqust 2013-cü il tarixli 2(037)-26/2013 nömrəli qətnaməsi ilə onun cavabdehlərə qarşı mirasın bölünməsi və 1989-cu ildə inşa olunmuş fərdi yaşayış evinə mülkiyyət hüququnun müəyyən olunmasına dair tələbi təmin edilməmişdir. O,həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2014-cü il tarixli, 2(107)-136/2014 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Beləliklə də atasının həyətində tikdiyi iki mərtəbəli fərdi yaşayış evi cavabdeh olan qardaşı Cavabdeh istifadəsində qalmışdır.2015-ci ildən cavabdeh onu həmin evə buraxmır. O, sözügedən mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi üçün "Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə Xidməti” MMC-yə müraciət etmişdir. "Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə Xidməti” MMC fərdi yaşayış evinə çəkilən xərcləri 37892 manat məbləğində qiymətləndirmişdir.O, qiymətləndirici təşkilata 250 manat məbləğində xidmət haqqı ödəmişdir. X37 12 avqust 2004-cü ildə vəfat etmişdir. Hazırda cavabdeh olan qardaşı Cavabdeh onu öz vəsaiti hesabına atasına məxsus olmuş həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə buraxmır.Yuxarıda qeyd edilənlərdən görünür ki,o, həmin mübahisəli fərdi yaşayış evinin tikintisinə 37892 manat vəsait xərcləmişdir.Cavabdeh isə nə onu evə buraxmır, nə də çəkdiyi xərci ödəmir.Ona görə də çəkdiyi xərcin cavabdehdən alınıb ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,İsmayıllı rayonu,Talıstan kəndində yaşayır. İddiaçı qardaşıdır. 2004-cü ildə X37 vəfat etmişdir. Atası sağlığında 1989-cu ildə öz vəsaiti ilə həyətyanı torpaq sahəsində ikinci fərdi yaşayış evi tikmişdir. X34 məxsus “QAZ 53” markalı yük avtomaşını olmuşdur.Atası həmin avtomaşınla yük daşımışdır.Evin fundamentinə 1988-ci ildə başlanılmışdır. Evə xərc çox çıxmışdır. Evin tikilməsi üçün çəkilən xərcin hamısını atası Mirzağa ödəyibdir. Atası evdə olanda tikintiyə özü nəzarət etmiş, evdə olmayanda isə evin tikintisinə nəzarəti Mirzağaya tapşırmışdır. Mirzağa evin tikintisində lazım olan malmaterialı atasının vəsaiti hesabına almışdır. Belə ki, Mirzağa idarədə “Kamaz” markalı avtomaşınla sürücü işləmişdir. Atası Mirzağaya pul verərək evin tikintisinə lazım olan mişar daşı, sement və digər mal-materialın gətirilməsini tapşırmışdır. Mirzağa da atasının vəsaiti hesabına evin tikintisinə lazım olan mal-materialı alıb gətirmişdir. Evin palıd pərləri atası Mirzağa tərəfindən kəsdirilərək həyətə gətirilmişdir. Atası hər dəfə dağdan evə gələndə özü ilə plaşının altında çay daşı yığıb evə gətirmişdir.Kənd sakinləri atasından çay daşlarını hara aparmasını soruşmuşlar, atası isə cavabında çay daşlarını həyətində özü üçün ikinci ev tikdirdiyi üçün apardığını bildirmişdir. Atasının ev tikmək üçün maddi imkanı olmuşdur. Belə ki, atasına məxsus mal-qara və tütün sahəsi olmuşdur. Atası mal-qaranın və tütünün pulu hesabına mübahisəli evi tikdirmişdir. O,anası və bacıları ev tikilərkən atasına köməklik etmişlər. Birinci qarabağ müharibəsində iştirak etdiyi üçün dövlət tərəfindən ona yaşadığı kənddən 0.32 sot torpaq sahəsi ayrılmışdır. Məmmədağa ona dövlət tərəfindən ayrılmış 0.32 sot torpaq sahəsini ondan xəbərsiz hərrac yolu ilə sataraq pulunu mənimsəmişdir. Evin qardaşı Məmmədağaya heç bir aidiyyatı olmamışdır. Belə ki, Məmmədağa 1990-cı illərin əvvəllərində ayrı həyətyanı torpaq sahəsi alaraq ata həyətindən çıxmış və özünə həmin həyətyanı torpaq sahəsində hazırda yaşadığı fərdi yaşayış evini tikdirmişdir. Eyni zamanda Məmmədağa ayrılarkən atası ilə dalaşmış, atası Məmmədağanı həyətdən qovmuş, sonralar da atası ilə heç bir əlaqə saxlamamışdır. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Talıstan kəndində yaşayır. Məmmədağa əri, Sabit isə qaynıdır. Mübahisəli evi ancaq əri Məmmədağa öz vəsaiti və zəhməti hesabına tikmişdir. Belə ki, əri Məmmədağa evi tikərkən kubik qaldırmaqdan üç dəfə əməliyyat olunubdur və əl barmağının biri işləmir. Əri Məmmədağa “Kamaz” markalı avtomaşınla gecə həyətə daş gətirəndə ata,ana, bacı və qardaş yatılı olmuş, daşı o və əri Məmmədağa boşaltmışdır.Sabitin və digər uşaqların evin tikilməsində heç bir zəhmətləri olmamışdır. O, evdə işləyən ustalara yemək və çay vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Talıstan kəndində yaşayır. Məmmədağa və Sabit kəndçiləridir. Mübahisəli evin pəyə ilə evin arasında olan hissəsini o tikmişdir. Evin üstünü Umud kişi ilə o vurmuşdur.Evdə gördüyü işə görə pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Talıstan kəndində yaşayır. Məmmədağa və Sabit kəndçiləridir. Özü üçün həyətdə ev tikəndə ağac kəsmək lazım olmuşdur. Bir gün meşədən ağac kəsib gətirəndə rəhmətlik Mirzağa kişi onu görmüş, yaxınlaşaraq özü üçün həyətdə ev tikdirdiyini, ev üçün ağac lazım olduğunu, gətirdiyi ağacların yerini meşədə ona göstərməsini xahiş etmişdir. O da Mirzağa kişi ilə birlikdə meşəyə gedərək kəsdiyi ağacların yerini ona göstərmişdir. Mirzağa kişi də icazə bileti alaraq göstərdiyi ağacları meşədən kəsdirib gətirib ramada çəkdirdikdən sonra evində istifadə etmişdir. O,ancaq Mirzağa kişiyə meşədə ağacların yerini göstərmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Talıstan kəndində yaşayır.Tərəflər hər ikisi kəndçiləridir. İddiaçı atasına məxsus həyətdə mübahisəli evi tikdirməsini görmüşdür. Belə ki, İddiaçı atasına məxsus həyətdə ev tikdirərkən evin tikintisində işləyən ustalar ona məxsus evdə qalmışlar. Evi Məmmədağa tikmişdir. O, özü də həmin evin tikintisində işləmişdir, ancaq gördüyü işə görə pul almamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadə verərək göstərdi ki,İsmayıllı şəhərində yaşayır. İddiaçılə əvvəllər bir yerdə işləmişdir,Cavabdeh isə Məmmədağa tərəfindən tikilən evdə usta işləyərkən Məmmədağanın qardaşı kimi tanımışdır.O, kran ustası işləmişdir. Evi Məmmədağa tikdiribdir. Belə ki,o, Məmmədağa tərəfindən tikilən evdə kran işlərini görmüşdür. Mübahisəli ev təxminən 1992-1993-cü illərdə tikilmişdir. Evdə nə qədər kran işləri olub hamısını o görmüşdür. Onun evdə gördüyü işin pulunu Məmmədağa vermişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçılə əvvəllər bir yerdə işləmişdir,Cavabdeh isə Məmmədağa tərəfindən tikdirilən evdə işləyərkən Məmmədağanın qardaşı kimi tanımışdır.O, svarka işləri görür. Mübahisəli ev Məmmədağa tərəfindən tikilibdir. Onu həmin evdə usta işləməyə Məmmədağa dəvət etmişdir. Evdə svarka işlərini görmüş və gördüyü işin pulunu Məmmədağa vermisdir. Evdə usta işləyərkən Məmmədağanın atasını orada görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Talıstan kəndində yaşayır.İddiaçı və Cavabdeh hər ikisi kəndçiləridir və aralarında qohumluq münasibətləri yoxdur. Məmmədağa və Sabit arasında olan mübahisə valideyinlərinə məxsus həyətdə tikilən evlə bağlıdır. Mübahisəli tikilinin ev kimi heç bir mahiyyəti yoxdur və həmin tikili ancaq mişar daşından inşa edilmiş köhnə tikilidir. Mübahisəli evi Məmmədağa və Sabitin valideyinləri Mirzağa kişi ilə Səfiyyə arvad tikmişlər. Ev ata və ananın əziyyəti ilə tikilən ev olmuşdur. Sabitin bir sotası olub və onu da Məmmədağa satmışdır. Məmmədağa valideyinləri rəhmətə gedəndə onların yas mərasimini təşkil etmək üçün oğul kimi maddi köməklik etməmiş, yas mərasimlərini oğlanları Sabit tərəfindən təşkil edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Talıstan kəndində yaşayır. Məmmədağa və Sabit hər ikisi qardaşlarıdır.Evi valideyinləri tikiblər,o və digər uşaqlar da 17-18 yaşları olanda evin tikilməsində valideyinlərinə köməklik etmişlər. Ağılları kəsəndən evdə işləmişlər. O, həm ata həyətində tikilən evdə, həm də Məmmədağa üçün kəndin aşağısında tikilən evdə işləmişdir. O və digər uşaqlar ev tikilərkən nasılkada kərpiç daşımışlar. Atasının tütün sahəsi olubdur və onlar uşaqlar da tütün sahəsində valideyinləri ilə birlikdə işləmişlər. Ev tütün pulu və atasının öz şəxsi vəsaiti hesabına tikilmişdir. Məmmədağa atası ilə yola gəlmədiyindən atası onu evdən çıxarmışdır. Sabitin yaşadığı evin tikintisi pis vəziyyətdədir və yağış yağanda uşaqlarının başına su tökülür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Diyallı kəndində yaşayır. Məmmədağa və Sabit hər ikisi qardaşlarıdır. Evi atası Mirzağa tikmişdir. O və digər uşaqlar da evin tikilməsində atasına köməklik etmişlər. Atasının tütün sahəsi olmuş, 18 il həmin tütün sahəsində işləmişdir. Ev tikilərkən kran işləyib və kranın pulunu atası veribdir. Ev tütün pulu və atasının öz şəxsi vəsaiti hesabına tikilmişdir və Sabit orada fəhlə işləmişdir. Sabit müharibə iştirakçısı olduğu üçün ona torpaq sahəsi verilmiş və həmin torpaq sahəsini qardaşı Məmmədağa satmışdır. Məmmədağa üçün kəndin aşağısında ev tikilmişdir. Uşaqların hamısının öz evləri vardır. O isə Diyallı kəndində Vaqonda qalır və ankoloji xəstədir və əri də gözdən əlildir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Talıstan kəndində yaşayır. Məmmədağa və Sabit əmisi uşaqlarıdır.Onların hər ikisinin yaxşı və pis işlərini bilir. Mübahisəli evi əmisi Mirzağa kişi tikibdir. Belə ki, əmisi Mirzağanın qoltuğunda daş gətirdiyini görmüşdür, əmisindən həmin daşları nə üçün gətirməsinin səbəbini soruşmuş,cavabında isə əmisi daşları həyətdə özü üçün tikdirdiyi ev üçün gətirdiyini bildirmişdir. Məmmədağa və Sabitlə birlikdə digər uşaqlar da evin tikintisində ataları Mirzağaya köməklik etmişlər.Evin tikilməsi xərcini əmisi Mirzağa çəkibdir. Həmin vaxt əmisinin ev tikməyə pulu olmuşdur.Sabit Qarabağ müharibəsində iştirak etmiş və xəsarət almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Quşencə kəndində yaşayır. Məmmədağa ilə əvvəllər birlikdə işləmiş, Sabiti isə Məmmədağanın qardaşı kimi tanıyır. O, kamaz sürücüsü işləyir. Məmmədağa üçün Mingəçevir şəhərindən kamazla qum gətirmişdir. Onun gətirdiyi qumun pulunu Məmmədağa vermişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Quşencə kəndində yaşayır. Məmmədağa ilə əvvəllər bir yerdə işləmişdir, Sabiti isə Məmmədağanın qardaşı kimi tanımışdır. O, svarka ustası işləmişdir. Məmmədağanın ata evində tikdirdiyi evdə 3 gün işləmişdir. Evdə gördüyü işin pulunu Məmmədağa vermişdir. Evdə işləyərkən çayını və çörəyini Məmmədağa vermişdir. Məmmədağanın atası “QAZ 53” markalı avtomaşın sürürdü. Evdə işləyərkən bir dəfə Məmmədağanın atasını görmüş, sonradan isə evdə işləyərkən Məmmədağanın atasını orada görməmişdir. O, evdə işləyərkən Sabit uşaq olmuşdur. İş materiallarına əlavə edilmiş Talıstan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2013-cü il tarixli AZ-İ№ 606330 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin 08 ayının 12 günündə 17 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Texniki Araşdırma və Qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu,Talıstan kəndi ünvanında yerləşən mərhum X11 məxsus 0.299 hektar torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin tikinti-quraşdırma işləri və tikinti materialları məsrəfi üzrə ümumi xərclər smetası 37.892 manat həddində hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin sifarişi əsasında MMC-nin uyğun işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC-nin direktoru Rəşad Məhərrəmovla sifarişçi İddiaçı arasında Texniki Araşdırma və Qiymətləndirmə rəyi verilməsi üçün müqavilə imzalanmış,müqaviləyə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına 250 manat vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən verilmiş A№363047 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə Talıstan kənd sakini X7 mülkiyyətinə İsmayıllı rayonu,Talıstan kəndi ərazisindən 2997.45 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın Talıstan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 445 nömrəli arayışdan görünür ki, Talıstan kənd sakini olmuş X18,həqiqətən Talıstan kəndində qeydiyyatda olmaqla, xx.xx.2004-cü il tarixdə vəfat etmişdir,vəfatından sonra aşağıdakı vərəsələri oğlanları -İddiaçı,Cavabdeh və qızları X17,X12,X4 qalmışdır. Mirzağa Musayevin həyat yoldaşı X19 1998-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Talıstan bələdiyyəsi tərəfindən verilmiş 2023-cü il tarixli arayışdan görünür ki, Talıstan bələdiyyəsi ərazisində İddiaçı mərhum atası X8 adına verilmiş A№363047 nömrəli sənədlə 0.2997 hektar həyətyanı torpaq sahəsində iki ədəd fərdi yaşayış evi və iki ədəd giriş yeri vardır. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-266/2013 saylı, 22 avqust 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh, X12, X17 və X1 qarşı 12 avqust 2004-cü il tarixdə vəfat etmiş atası X5 miras qalan,qanuni istifadədə olan,İsmayıllı rayonu,Talıstan kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin həyətyanı torpaq sahəsində 1989-cu ildə inşa olunmuş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun müəyyən olunması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-136/2014 saylı, 28 yanvar 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş X33 tərəfindən yazılaraq öz imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli izahatda Əziz Manafovun 1987-1988-ci ildə Talıstan kəndində yaşayan İddiaçı həyətində olan təzə ev tikiləndə 1-ci mərtəbədən sonra qaynaqçı işlədiyi,haqqının əvəzinə kubik aldığı,təmannasız kömək elədiyi, ara sıra günlərdə usta kimi gördüyü bütün işin haqqını İddiaçı aldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X20 tərəfindən yazılaraq öz imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli izahatda Əjdər Əliyevin 1979-1980-ci ildə İsmayıllı şəhərində ev tikən zaman Məmmədağanın köməklik edərək əlavə heç bir zəhmət haqqı almadan dövlət qiymətinə evinə lazım olan qədər mişar daşı gətirdiyi, ondan əlavə ona evin tikintisində kifayət qədər hər tərəfli kömək etdiyi,ona elədiyi köməkliklərin müqabilində 1987-1989-cu illərdə idarə rəisi işləyərkən,Məmmədağanın həmin idarədə sürücü işlədiyi, Məmmədağanın atası Talıstan kənd sakini Mirzağa Musayev öz həyətyanı torpağından ev tikmək üçün müəyyən hissə ayırıb verdiyi,İddiaçı dövlətdən 1000 manat kredit götürdüyü, onun da idarə müdiri olaraq Məmmədağaya materialların alınmasında köməklik etdiyi, Məmmədağaya şveler, borular, armatur, sement, evin üstünün dəmirinin alınmasında, öz pulu hesabına köməklik etdiyi və İddiaçı ata həyətində tikdiyi evi öz vəsaiti hesabına tikdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X21 tərəfindən yazılaraq öz imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli izahatda 1987-1988-ci illərdə Talıstan kənd sakini İddiaçı X37in onun üçün ayırdığı torpaqda ev tikmək üçün ərazinin hamarlanması traktorla onun tərəfindən edildiyi, ona gördüyü işə görə zəhmət haqqını İddiaçı verdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X14 tərəfindən yazılaraq öz imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli izahatda 1987-1989-cu illərdə Talıstan kənd sakini İddiaçı X37in özünə məxsus torpaq sahəsindən oğluna ev tikmək üçün müəyyən hissə ayrılıb verildiyi, X25 Musayev üçün həmin həyətdə iki mərtəbəli ev tikdiyi,pulunu İddiaçı özünün verdiyi, yeməyini şəxsən İddiaçı arvadı tərəfindən verildiyi, iki ay işlədiyi müddətdə qaynatasının evində qaldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qərib Vəliyev,Kamil Hüseynov,Gülsurə Kazımova və Mehri Musayeva tərəfindən yazılaraq öz imzaları ilə təsdiq edilmiş izahatda İddiaçı 1987- 1988-ci illərdə X37 tərəfindən ona ayrılıb verildiyi həyətyanı torpaq sahəsində özü üçün öz vəsaiti hesabına iki mərtəbəli ev tikdiyi,həyətə giriş darvazasının həmin illərdə asıldığı qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını,şahid ifadələrini,iddia ərizəsini, "xxxx" MMC-nin texniki araşdırma və qiymətləndirmə rəyini nəzərdən keçirib, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki,iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı tələb üzrə iddianın əsasını fərdi yaşayış evinin inşası üçün iddiaçı tərəfindən çəkilən pul məbləğinin cavabdehdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından da göründüyü kimi, iddiaçı mərhum X34 məxsus həyətdə onun üçün ayrılmış torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş, ailədə olan problemlərə görə iddiaçı ilə cavabdeh arasında narazılıq yaranmış və sonuncu iddiaçını həyətə buraxmamışdır. İddiaçının atasına məxsus həyətdə tikdirdiyi fərdi yaşayış evinin mülkiyyət sənədi olmamış, o, atasından qalan miras əmlakı faktiki qəbul etməsi və sözügedən yarımçıq tikilinin onun adına rəsmiləşdirilməsi tələbləri ilə məhkəməyə müraciətlər etmiş, lakin iddiaları təmin edilməmişdir. Belə ki, tərəflərin atalarından miras qalmış əmlaklar hazırda iş üzrə cavabdeh olan Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. İddiaçının ata həyətində tikdirdiyi evin mülkiyyət sənədi olmasa da, həmin evin inşasına iddiaçı tərəfindən xərc çəkilmişdir. Cavabdeh iddiaçını ata həyətində tikdirdiyi evə buraxmamaqla, sonuncunun hesabına əmlak əldə etməklə əsassız varlanan şəxsdir. İsmayıllı rayonu,Talıstan kəndi ünvanında yerləşən mərhum Mirzağa Musayevə məxsus 0.299 hektar torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin tikinti-quraşdırma işləri və tikinti materialları məsrəfi üzrə ümumi xərclər smetası "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli Texniki Araşdırma və Qiymətləndirmə rəyində 37892 manat həddində hesablanmışdır. İddiaçı cavabdehdən istifadəsində qalan fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin əvəzi kimi 37892 manat məbləğini tələb edir. Cavabdeh evin atası tərəfindən tikdirildiyini,evə çəkilən xərcin atası tərəfindən ödənildiyini, iddiaçının həmin evə heç bir aidiyyatının olmadığını və özünə məxsus ayrıca fərdi yaşayış evinin olduğunu bildirir və iddia tələbini əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından,o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir.Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir.İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə,məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının atasına məxsus həyətdə tikdirdiyi evin sənədi olmasa da, həmin evə iddiaçı tərəfindən xərc çəkilmişdir, cavabdeh evdən istifadə edərək iddiaçını ora buraxmamaqla sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli fərdi yaşayış evinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə qismən təmin olunaraq İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən fərdi yaşayış evində iddiaçı tərəfindən tikinti quraşdırma işləri üzrə çəkilən xərcin 9.999 manat, material məsrəfi xərclərin 13675 manat,nəqliyyat daşıma xərclərinin 1500 manat və əlavə xərclərin 500 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi də zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi hətda dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın tikinti meydançasının planlaşdırılması üçün 300 manat, bünövrənin perimetri boyunca torpaq qatının doldurulması və hamarlanması üçün 18-75 manat, karkasın betonlanması üçün taxta qəliblərin hazırlanması üçün 396 manat,karkasın betonlanması üçün beton qarışığın əl ilə hazırlanması üçün 395 manat,binanın çardaq örtüyünün yerli ağac-taxta materialından quraşdırılması üçün 1188 manat,mərtəbəarası örtük üçün ağac brusların quraşdırılması (tarazlaşdırma,bərkitmə daxil olmaqla) üçün 1312 manat və binanın 2-ci mərtəbəsinin bir otağı və zal üzrə taxta döşəmənin vurulması üçün 808 manat dəyərində tikinti quraşdırma işləri üzrə xərclərin cavabdehdən tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tikinti meydançasının planlaşdırılması,bünövrənin perimetri boyunca torpaq qatının doldurulması və hamarlanması, karkasın betonlanması üçün taxta qəliblərin hazırlanması, karkasın betonlanması üçün beton qarışığın əl ilə hazırlanması,binanın çardaq örtüyünün yerli ağac-taxta materialından quraşdırılması, mərtəbəarası örtük üçün ağac brusların quraşdırılması (tarazlaşdırma,bərkitmə daxil olmaqla) və binanın 2-ci mərtəbəsinin bir otağı və zal üzrə taxta döşəmənin vurulmasına dair tikinti quraşdırma işlərinin tərəflərin mərhum ataları Mirzağa Musayev tərəfindən icra edilməsi şahid ifadələri və tərəflərin izahatları ilə təsdiq edildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddianın material məsrəfi xərclərə görə 7000 manat dəyərində 20 kub ağac-taxtanın dəyərinin cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mübahisəli evin tikintisində istifadə olunan ağac-taxta materialının alınmasının mərhum Mirzağa Musayev tərəfindən təşkil edilməsi məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən təsdiq edildiyindən iddia tələbi qeyd edilən hissədə qismən 7000 manat dəyərində 20 kub ağac-taxtanın dəyərinin yarısı-3500 manat material məsrəfi xərcin cavabdehdən tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, İddiaçı mübahisəsli fərdi yaşayış evinə dair tikinti meydançasının planlaşdırılması üçün 300 manat, bünövrənin perimetri boyunca torpaq qatının doldurulması və hamarlanması üçün 18-75 manat,karkasın betonlanması üçün taxta qəliblərin hazırlanması üçün 396 manat,karkasın betonlanması üçün beton qarışığın əl ilə hazırlanması üçün 395 manat,binanın çardaq örtüyünün yerli ağac-taxta materialından quraşdırılması üçün 1188 manat,mərtəbəarası örtük üçün ağac brusların quraşdırılması (tarazlaşdırma,bərkitmə daxil olmaqla) üçün 1312 manat və binanın 2-ci mərtəbəsinin bir otağı və zal üzrə taxta döşəmənin vurulması üçün 808 manat dəyərində tikinti quraşdırma işləri üzrə xərc çəkdiyini bildirsə də bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında dindirilən şahid ifadələrində sözügedən işlərin və materialların iddiaçının atası tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh bünövrənin əl ilə qazılması üçün 396 manat, bünövrənin betonlanması üçün beton qarışığının hazırlanması üçün 495 manat,bünövrəyə çay daşlarının düzülməsi və beton qarışığı ilə betonlanması üçün 297 manat,çay daşından kürsü divarlarının hörülməsi üçün 99 manat,mişar daşı və çay daşından 1-ci mərtəbə divarlarının hörülməsi üçün 1485 manat,birinci və ikinci mərtəbənin daşıyıcı divarlarının perimetri boyunca metal karkasın qurulması üçün 3300 manat,karkasın əl ilə betonlanması (daşınması, sıxlaşdırılması daxil olmaqla) üçün 553 manat, mişar daşından ikinci mərtəbə daşıyıcı və arakəsmə divarların hörülməsi üçün 1280 manat, dam örtüyünün dalğalı ağ dəmir təbəqələrdən örtülməsi üçün 1014 manat,divar hörgüsü üçün səviyyələr üzrə stilajlarının ağac taxtadan hazırlanması üçün 330 manat, həyətyanı sahədə hasarın çay və mişar daşından hörülməsi üçün hazırlıq işləri (daşınma, doğrama,çeşidləmə,sement məhlulunun hazırlanması) üçün 500 manat, həyətyanı sahədə dəmir darvazanın quraşdırılması üçün 50 manat, həyətyanı sahədə abadlıq işləri üçün 200 manat olmaqla, cəmi 9.999 manat tikinti quraşdırma işləri üzrə xərc, 1000 manat dəyərində 50 kub qum, 300 manat dəyərində 10 kub çınqıl, 4200 manat dəyərində 6000 ədəd mişar daşı, 3500 manat dəyərində 20 ton sement, 7000 manat dəyərində 20 kub ağac-taxtanın dəyərinin yarısı-3500 manat, 400 manat dəyərində dəmir təbəqə,700 manat dəyərində dəmir qapı və 75 manat dəyərində 30 kq mismar olmaqla, cəmi 13675 manat dəyərində material məsrəfi xərclər, 1500 manat nəqliyyat daşıma xərci və 500 manat əlavə xərclər olmaqla, ümumilikdə 25674 manat fərdi yaşayış evinin tikintisinə çəkilən xərc alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın qiymətləndirmə təşkilatına ödənilən 250 manat xərcin cavabdehdən tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı tərəfindən Texniki Araşdırma və Qiymətləndirmə rəyi verilməsi üçün "xxxx" MMC-nin bank hesabına 250 manat vəsait ödənilməsi "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin sifarişi əsasında MMC-nin uyğun işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləsi ilə təsdiq edildiyindən iddia tələbi qiymətləndirmə təşkilatına ödənilən 250 manat xərcin cavabdehdən tutulmasına dair hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 214 manat dövlət rüsumu məbləğinin 167.02 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 46.98 manatı isə iddiaçının özünə aid edilməli, eyni zamanda iddiaçı tərəfindən qiymətləndirmə təşkilatına ödənilən 250 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh bünövrənin əl ilə qazılması üçün 396 manat, bünövrənin betonlanması üçün beton qarışığının hazırlanması üçün 495 manat,bünövrəyə çay daşlarının düzülməsi və beton qarışığı ilə betonlanması üçün 297 manat,çay daşından kürsü divarlarının hörülməsi üçün 99 manat,mişar daşı və çay daşından 1-ci mərtəbə divarlarının hörülməsi üçün 1485 manat,birinci və ikinci mərtəbənin daşıyıcı divarlarının perimetri boyunca metal karkasın qurulması üçün 3300 manat,karkasın əl ilə betonlanması (daşınması, sıxlaşdırılması daxil olmaqla) üçün 553 manat,mişar daşından ikinci mərtəbə daşıyıcı və arakəsmə divarların hörülməsi üçün 1280 manat,dam örtüyünün dalğalı ağ dəmir təbəqələrdən örtülməsi üçün 1014 manat,divar hörgüsü üçün səviyyələr üzrə stilajlarının ağac taxtadan hazırlanması üçün 330 manat,həyətyanı sahədə hasarın çay və mişar daşından hörülməsi üçün hazırlıq işləri (daşınma,doğrama,çeşidləmə,sement məhlulunun hazırlanması) üçün 500 manat, həyətyanı sahədə dəmir darvazanın quraşdırılması üçün 50 manat,həyətyanı sahədə abadlıq işləri üçün 200 manat olmaqla, cəmi 9.999 manat tikinti quraşdırma işləri üzrə xərc, 1000 manat dəyərində 50 kub qum,300 manat dəyərində 10 kub çınqıl, 4200 manat dəyərində 6000 ədəd mişar daşı,3500 manat dəyərində 20 ton sement, 7000 manat dəyərində 20 kub ağac-taxtanın dəyərinin yarısı-3500 manat, 400 manat dəyərində dəmir təbəqə,700 manat dəyərində dəmir qapı və 75 manat dəyərində 30 kq mismar olmaqla, cəmi 13675 manat dəyərində material məsrəfi xərclər, 1500 manat nəqliyyat daşıma xərci və 500 manat əlavə xərclər olmaqla, ümumilikdə 25674 (iyirmi beş min altı yüz yetmiş dörd) manat fərdi yaşayış evinin tikintisinə çəkilən xərc, 250 manat qiymətləndirmə təşkilatına ödənilən xərc və 167.02 manat dövlət rüsumu məbləği alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin 46.98 manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar