Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1607/2025 21.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 21 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1500 manat və 35,40 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə - cəmi 1535,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, şəhid atasıdır. Övladı Qǝndiyev Vüsal Firidun oğlu işğaldan azad olunmuş Şuşa rayonunun Daşaltı kəndi ərazisində əmək fəaliyyətini icra edərkən piyada əleyhinə minaya düşərək 09 dekabr 2021-ci ildə şəhid olmuşdur. Cavabdeh əvvəllər onun kürəkəni olmuş və normal münasibətləri olmuşdur. Cavabdeh banklardan kredit götürmək istəsə də banklar kredit verməkdən imtina etmişdir. Cavabdeh ona müraciət edərək kredit alıb verməsini xahiş etmişdir. O da 19 dekabr 2016-cı il tarixdə Azərbaycan Beynəlxalq Bankın İsmayıllı filalı ilə bağlanmış müqavilə əsasında 1500 manat kredit götürüb cavabdehə vermişdir. Cavabdeh hər dəfə qeyd olunan məbləği geri qaytaracağını bildirsə də sonradan həmin məbləğdən heç bir manat da ödəniş etməmiş və ödəniş etmək imkanının olmadığını bildirmişdir. Beləliklə, cavabdeh ilə övladı X1 ilə aralarında bağlanmış nikah İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Sonradan cavabdeh ilə aralarında olan münasibətləri pisləşmişdir. Cavabdeh ailəsinə qarşı olan kinini, hikkəsini yeritməyə başlamış və ondan borc kimi aldığı pulu geri qaytarmayacağını bildirmişdir. Bütün bunlara baxmayaraq o, bank qarşısında götürdüyü öhtəliyini tam şəkildə yerinə yetirməklə kredit öhdəliyinin olmaması haqqında bankdan arayış almışdır. Ona görə də məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, onun iddiaçıya 1500 manat borcu var. Maddi vəziyyəti yaxşı olmadığından borcunu qaytara bilməmişdir. O, borcunu iddiaçıya ödəyəcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 14 yanvar 2022-ci il tarixli AZ-İİ №243363 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. "xxxx" ASC-nin İsmayıllı filialının 13 noyabr 2025-ci il tarixli 6-2-85/2-62/2025 nömrəli arayışından görünür ki, İddiaçı 19 dekabr 2016-cı il tarxli 332PLL********** nömrəli kredit müqaviləsi üzrə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. 17 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qbəzinin surətindən görünür ki, iddaçı məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu və 0,40 manat komissiya məbləği ödəmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin iddiaya münasibətini, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, məhkəmə tərəflərin izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı bankdan 1500 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh ümumilikdə iddiaçıya kredit borcundan heç bir ödəniş etməmişdir. Hazırda iddiaçı 1500 manat borcu cavabdehdən tələb edir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh isə iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara və cavabdehin iddianı etiraf etməsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi və cavabdehin etiraf etdiyi həcmdə, yəni 1500 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 1500 manat və 35,40 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat və 35,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 1535 (bir min beş yüz otuz beş) manat 40 (qırx) qəpik alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1607/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1607/2025
21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver