Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1628/2025 02.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 5000 manat ziyan borcu və 70,40 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5070,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh ona məxsus "VAZ 21150" markalı **-NL-*** dövlət nömrə nişanlı minik avtomobilini kreditlə almaq istədiyini bildirmişdir. Aralarında şifahi razılaşmaya əsasən ilkin olaraq 500 manat və hər ayın 10-dək 500 manat olmaqla 14 ay müddətinə cavabdehlə razılığa gələrək sonuncuya 06 noyabr 2025-ci il tarixdə "VAZ 21150" markalı 90- NL-974 dövlət nömrə nişanlı minik avtomobilini 1 il 1 ay 17 gün müddətinə nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə əsasında vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü razılaşmanı pozaraq müəyyən olunmuş müddətə ödəniş etməmişdir. Cavabdehdən böyük çətinliklərlə hissə-hissə ödənişlər almışdır. Bu səbəbdən də cavabdehǝ öz narazılığını bildirmişdir. Cavabdeh hər dəfə bir daha ödənişlərdə problemlərin yaranmayacağını ona bildirirərək yalandan söz vermişdir. 2025-ci ilin fevral ayının ortalarında cavabdeh istifadəsində olan mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini bildirmiş və o, cavabdehlə həmin gün "Kəpənək dairəsi" adlanan yerdə görüşmüşdür. Görüş zamanı cavabdeh yanvar ayının sonunda guya Ağdaş rayon ərazisində avtoqəza törətdiyini, avtomobilin arxa hissəsinin yararsız hala düşdüyünü bildirmiş və avtomobilin Ağdaş rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında olduğunu bildirmişdir. Lakin buna baxmayaraq aylıq ödənişi ödəyəcəyini ona bildirmişdir. Beləliklə, hər dəfə cavabdeh kirayə götürdüyü avtomobilin dəyərini ödəyəcəyinə onu inandırmağa çalışmışdır. Bir neçə gündən sonra o, cavabdehǝ zəng edib avtomobilin harada olmasını soruşmuşdur. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobilin Ağdaş rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında olduğunu ona bildirmişdir. 2025-ci ilin fevral ayının sonunda İsmayıllı şəhəri, Natəvan küçəsində cavabdehə satdığı "VAZ 21150" markalı avtomobilə bənzər avtomobil görmüş, lakin avtomobilin dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün həmin avtomobilin onun avtomobili olmasına tam əmin olmamışdır. Buna görə də cavabdehə zəng edib həmin avtomobilin öz satdığı avtomobil olduğunu soruşmuş, sonuncu bunu təsdiqləyərək avtomobili saxlamağa yer olmadığı üçün qohumunun evinin qarşısında saxladığını bildirmiş və 1-2 gün ərzində avtomobili oradan götürəcəyini bildirmişdir. Beləliklə, cavabdeh verdiyi nəqliyyat vasitəsini yararsız vəziyyətə salmış, avtomobilin şinlərini və dövlət nömrə nişanını çıxararaq ona məlum olmayan yerə aparmışdır. O bu barədə DİN-nin 102 saylı qaynar xəttinə, eləcə də İsmayıllı rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində təxirəsalınmaz tədbirlərin görülməsini, ona vurulmuş 5000 manat məbləğində olan ziyanın ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Müraciətindən sonra İsmayıllı rayon Polis Şöbəsində tətqiqat araşdırması aparılmışdır. Aparılmış araşdırmada müəyyən izahatlar alınmış və alınmış izahatlarda cavabdeh baş vermiş hadisəni etiraf etmişdir. Cavabdeh barəsində cinayət işinin başlanması əvəzinə İsmayıllı rayon Polis Şöbəsində aparılmış araşdırmada guya cavabdehin əməllərində cinayət tərkibi olmadığı müəyyən edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 noyabr 2025-ci il tarixdə qərar qəbul olunmuşdur. Cavabdehin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179 və 322-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Belə ki, cavabdeh etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq yolu ilə ona ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də İsmayıllı rayon Polis Şöbəsində aparılan istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsindən çox narazıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 178, 179 və 322-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilmək əvəzinə polis şöbəsi barışdırıcı mövqey nümayiş etdirərək ona vurulmuş olduğu ziyanı ödəyəcəyi barədə iltizam almaqla kifayətlənmişdir. Halbuki, cavabdeh zərərçəkmiş şəxs kimi ona vurduğu ziyanı tam şəkildə ödəməmişdir. Bununla da cavabdeh cinayət məsuliyyətindən azad edilərək sərbəst buraxılmışdır. Cavabdehin məsuliyyətə cəlb olunmadan azad olunması haqlı narazılığına və şikayətinə səbəb olmuşdur. Cavabdeh ətrafında baş verənlərdən sanki buna heç bir adiyyatı olmadığını nümayiş etdirmişdir. Belə ki, o, cavabdehin bu əməlində dələduzluq, mənimsəmə, israf etmə, özbaşınalıq kimi cinayət tərkibinin olduğuna inanır. Yəni, cavabdehin əməli etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, israf etmə və özbaşınalıq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirmək və əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülür. Həmin cinayət bütün hallarda törədilmə üsulundan asılı olmayaraq özgə əmlakına ziyan vurmaqla nəticələnir, amma ona cavabdehin cinayət məsuliyyətinə cəlb olunması yox, pulu lazımdir. Ötən dövr ərzində cavabdehdən avtomobilin dəyərinin ödənilməsini tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ondan uzaqlaşmış, aparılmış söhbətdə cavabdeh müxtəlif cür bəhanələr gətirmiş, onu aldatmış, pulu olan kimi borcu qaytaracağını bildirsə də konkret pulu qaytarmaqdan qəsdən yayınmışdır. Beləliklə, cavabdehlə aparılmış fərdi söhbətlərin heç bir nəticəsi olmamışdır. Belə olan halda məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, onun iddiaçıya 5000 manat borcu var. Maddi vəziyyəti yaxşı olmadığından borcunu qaytara bilməmişdir. O, 650 manat maaş alır və ayda 400 manat iddiaçıya ödəməyə gücü çatır. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 20 oktyabr 2025-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh iltizamda qeyd etmişdir ki, “X1 ona məxsus “VAZ 2150” markalı avtomobili almağımla bağlı ona qalmış 5000 manat pulu 2025-ci ilin oktyabr ayının sonundan etibarən hər ay 300-400 manat ödəməyi öz öhdəmə götürürəm. Əks halda qanunla məsuliyyət daşıyacağım mənə izah olundu.” İsmayıllı rayon Polis Şöbəsinin 06 noyabr 2025-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin, Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulan mənimsəmə və ya israf etmə cinayətinin və Azərbaycan Respublikası CM-nin 322-ci maddəsində nəzərdə tutulan özbaşınalıq cinayətinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. 26 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddaçı məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu və 0,40 manat komissiya məbləği ödəmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin iddiaya münasibətini, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda,məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi,əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. «Mahmudov Rusiyaya qarşı»iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin müəyyən edilmiş halların əsasən hesab edir ki, iddiaçı şifahi razılaşmaya əsasən ilkin olaraq 500 manat və hər ayın 10-dək 500 manat olmaqla 14 ay müddətinə "VAZ 21150" markalı 90- NL-974 dövlət nömrə nişanlı minik avtomobilini etibarnamə əsasında cavabdehə vermişdir. Lakin cavabdeh öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, dəymiş ziyanı iddiaçıya qaytarmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarsızlığı nəticəsində isə cavabdehin varlanması faktı müəyyən edilir ki, bu halda da tərəflər arasındakı münasibətlər əsassız varlanmadan irəli gələcəkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir.Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 5000 manat ziyan borcu və 70,40 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat ziyan borcu və 70,40 manat ödənilmiş dövlət rüsumu - cəmi 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1628/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1628/2025
02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver