Məhkəmə qərarları › İş №2(037)-176/2023

İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-176/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-176/2023 03.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Naqif oğluna qarşı pul tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 6543 manat və Cavabdeh2 Naqif oğlundan 6640 manat məbləğinin və iddianın verilməsi üçün ödədiyi 130 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən ona olan borclarına müvafiq olaraq alınıb ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək cavabdehlər Cavabdeh1 4543 manat və Cavabdeh2 Naqif oğlundan 4640 manat borc məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun tələbin təmin ediləcək hissəsinə uyğun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh1 qaynıdır. Digər Cavabdeh2 isə qaynı vasitəsilə tanımışdır. 2015-ci ilin sentyabr ayının 27də cavabdehlər onun evinə qonaq gəlmişlər. Həmin vaxtlar mülkiyyətində olan “VAZ 21099” markalı avtomobili satmaq qərarına gəlmişdir. O, qeyd edilən avtomobili sataraq behini qəbul etmişdir. Lakin qaynı Zöhrab İsmayıllı şəhərində mebel sexi açmaq istədiklərini, hətta yüz min manatlıq sifariş qəbul etdiklərini, onlara işlə bağlı avtomobil lazım olduğunu, dostu və şəriki Zaurun avtomobili almaq istədiyini bildirərək behi qaytarıb avtomobili Zaura verməyi ondan xahiş etmişdir. Avtomobili satmaqda məqsədi evinə qonaq,yataq və mətbəxt mebeli almaq olmuşdur. O, qaynı Zöhrabın səmimiyyətinə inanmış və avtomobili Zaura 4000 manat məbləğində dəyərləndirərək baş etibarnamə ilə ona təhvil vermiş, əvəzində isə Zaur avtomobilin pulunu ona hissə-hissə və ya əvəzində ev üçün qonaq, yataq və mətbəxt mebeli bağlayacağına söz vermişdir. Zöhrab və Zaur ona özləri ilə birlikdə işləməyi təklif edərək ona aylıq 600 manat əmək haqqı ödəyəcəklərini, həmçinin öz minik avtomobilindən istifadə etdiyi təqdirdə benzin xərcini ödəyəcəklərini bildirmişlər. Cavabdehlər İsmayıllı şəhərində mebel sexi üçün yer alaraq işə başlamışlar. O, cavabdehlərlə 2015-ci ilin sentyabr ayının 26-dan, 2016-cı ilin fevral ayının 7-dək birlikdə işləmişdir. Bu müddət ərzində onun əmək haqqı 2833 manat təşkil etsə də, ona cəmi 1400 manat əmək haqqı ödənilmişdir. Bundan başqa o cavabdehlərin xahişi ilə gündəlik tələb olunan xərcləri öz vəsaiti hesabına ödəmişdir.Cavabdehlər onun tərəfindən öz vəsaiti hesabına çəkilən xərclərin ona tam şəkildə ödəniləcəyinə söz vermişlər. Beləliklə cavabdehlərlə işlədiyi müddətdə öz vəsaitindən 2630 manat xərcləmişdir. O, bütün xərclədiyi pulları siyahıda qeyd etmiş və özündə yaddaş üçün saxlamışdır. Bu çəkilən xərcləri Zöhrab öz üzərinə götürmüşdür. Bundan əlavə mülkiyyətində olan əkin torpaq sahəsini hər ilə 500 manat müqabilində icarəyə vermişdir. Zöhrab 2015-ci ilin payız əkinində torpağın ona icarəyə verilməsini xahiş etdiyindən o torpağı başqasına verməyərək Zöhraba vermişdir. Lakin Zöhrab nə torpağı əkməmiş, nə də icarə haqqını ödəməmişdir. Beləliklə də, Zöhrabın ona 4563 manat borcu yaranmışdır. Həmin borcun 220 manatı ödənilmiş, qalan 4343 manatı isə ödənilməmişdir. Eyni zamanda Zaur bu günədək avtomobilin 4000 manat dəyərindən ona 900 manat dəyərində mətbəxt mebeli bağlayıb vermiş, əlavə olaraq ondan yenidən 60 manat borc almışdır. Eyni zamanda Zaurun xahişi ilə anasının adına 1000 manat kredit götürərək Zaura vermişdir. Zaur götürdüyü kreditin əsas və faiz borcunu ödəyəcəyini bildirsə də həmin məbləğdən ümumilikdə 150 manat pul ödəmişdir. Zaur krediti ödəmədiyindən məcbur qalaraq krediti faizi ilə birlikdə 1330 manatı banka özü ödəmişdir. Beləliklə Zaurun ona borcu 4440 manat təşkil edir. Bundan əlavə 2015-ci ildən hal-hazıradək cavabdehlərdən pulunu almaq üçün 8 dəfə Bakı şəhəri Zabrat yaşayış massivinə getmiş, hər gediş-gəlişi 50 manata başa gəlmişdir.Onun yollara çəkdiyi xərc ümumilikdə 400 manat təşkil edir və həmin məbləği də cavabdehlərdən tələb edir. Hazırda Cavabdeh1 ona 4543 manat və Cavabdeh2 isə 4640 manat borcu qalmışdır. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Naqif oğluna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. İddiaçı məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Ona görə də məhkəmə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı əri, Cavabdeh1 isə qardaşıdır. Digər Cavabdeh2 isə qardaşı vasitəsilə tanımışdır. 2015-ci ilin sentyabr ayının 27-də cavabdehlər yaşadığı evə qonaq gəlmişlər.Həmin vaxtlar mülkiyyətində olan “VAZ 21099” markalı avtomobili əri sataraq behini almışdır. Lakin qardaşı Zöhrab İsmayıllı şəhərində mebel sexi açmaq istədiklərini, hətta yüz min manatlıq sifariş qəbul etdiklərini, onlara işlə bağlı avtomobil lazım olduğunu, dostu və şəriki Zaurun avtomobili almaq istədiyini bildirərək behi qaytarıb avtomobili Zaura verməyi ərindən xahiş etmişdir. Ərinin avtomobili satmaqda məqsədi evinə qonaq,yataq və mətbəxt mebeli almaq olmuşdur. Əri qardaşı Zöhrabın səmimiyyətinə inanaraq avtomobilin behini qaytararaq 4000 manat məbləğində dəyərləndirərək baş etibarnamə ilə Zaura təhvil vermişdir. Zöhrab və Zaur ərinə özləri ilə birlikdə işləməyi təklif edərək ona aylıq 600 manat əmək haqqı ödəyəcəklərini, həmçinin öz minik avtomobilindən istifadə etdiyi təqdirdə benzin xərcini ödəyəcəklərini bildirmişlər. Əri cavabdehlərlə 2015-ci ilin sentyabr ayının 26-dan, 2016-cı ilin fevral ayının 7-dək birlikdə işləmişdir. Bu müddət ərzində ərinin əmək haqqı 2833 manat təşkil etsə də, ona cəmi 1400 manat əmək haqqı ödənilmişdir. Bundan başqa əri cavabdehlərin xahişi ilə gündəlik tələb olunan xərcləri öz vəsaiti hesabına ödəmişdir.Cavabdehlər əri tərəfindən öz vəsaiti hesabına çəkilən xərcləri ona ödəyəcəklərinə söz versələr də həmin məbləği də ödəməmişlər. Əri cavabdehlərlə işlədiyi müddətdə öz vəsaitindən 2630 manat xərcləmişdir. Çəkilən xərcləri Zöhrab öz üzərinə götürmüşdür. Zöhrabın ərinə 4563 manat borcu yaranmışdır. Həmin borcun 220 manatı ödənilmiş, qalan 4343 manatı isə ödənilməmişdir. Eyni zamanda Zaur bu günədək avtomobilin 4000 manat dəyərindən ərinə 900 manat dəyərində mətbəxt mebeli bağlayıb vermiş,əlavə olaraq ərindən yenidən 60 manat borc almışdır. Bundan əlavə əri Zaurun xahişi ilə anasının adına 1000 manat kredit götürərək Zaura vermişdir. Zaur kreditin əsas və faiz borcunu ödəyəcəyini bildirsə də həmin məbləğdən ümumilikdə 150 manat pul ödəmişdir. Zaur krediti ödəmədiyindən məcbur qalaraq əri krediti faizi ilə birlikdə 1330 manatı banka ödəmişdir. Zaurun ərinə borcu 4440 manat təşkil edir. Bundan əlavə 2015-ci ildən hal-hazıradək əri cavabdehlərdən pulunu almaq üçün 8 dəfə Bakı şəhəri Zabrat yaşayış massivinə getmiş,hər gediş-gəlişi 50 manata başa gəlmişdir. Ərinin yollara çəkdiyi xərc ümumilikdə 400 manat təşkil edir.Hazırda Zöhrabın ərinə 4543 manat və Zaurun isə 4640 manat borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə iddiaçı ilə Cavabdeh2 arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 4000 manat dəyərində avtomobili Cavabdeh2 mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləğin bir qismini (900 manat dəyərində mebel) ödəmiş, qalan hissəsini isə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 icarəyə verilməsinə hüquqi qiymət verərək hesab edir ki, tələb bu hissədə də əsaslı olduğundan iddiaçının tələb etdiyi həcmdə, yəni 500 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Eyni zamanda məhkəmə iddianın cavabdehlərin tapşırığı əsasında mebel sexində işləməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsi mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin: 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir.Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt - varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, iddiaçı cavabdehlərin tapşırığı əsasında müəyyən işləri görmüş, həmin işlərin görülməsi qarşılığında müəyyənləşdirilmiş məbləğin bir hissəsi, 1400 manat ödənilmiş, qalan 1433 manat hissəsi isə iddiaçıya verilməmiş və cavabdehlər əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdehlər əsassız olaraq varlandığı-1433 manat məbləğində vəsaiti iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə iddianın anasının adına bankdan kredit götürərək Cavabdeh2 1000 manat borc verməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə arasında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 4543 manat və Cavabdeh2 Naqif oğlundan 4640 manat borc məbləği alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130 manat dövlət rüsumunun 111,83 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, 18.17 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 4543 manat və Cavabdeh2 Naqif oğlundan 4640 manat borc məbləği və 111,83 manat dövlət rüsumu məbləği müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin 18.17 manatı İddiaçı özünə aid edilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar