Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-18/2024 01.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, borcun və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 01 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış çıxarış üzrə mülkiyyətində olan İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında yerləşən 0,0318 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, cavabdehdən borclu olduğu 2000 manat məbləğinin, cavabdehin faktiki istifadəsində olan keçmiş şəhərarası telefon borcuna görə 3,85 manat, vurduğu maddi zərərin əvəzi kimi – zoğal ağacını kəsdiyinə görə 1000 manat, digər zoğal ağacının bar verən budaqlarını kəsdiyinə görə 500 manat, 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və icazəsi olmadan mənimsədiyi dəmir çarpayıya görə 50 manat dəyərində əmlaklar, əmlaklar olmadıqda onların dəyəri olan 2250 manat məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehə İsmayıllı rayon Notariat Ofisində 22 dekabr 2021-ci ildə təsdiq olunmuş AN-İ №0876905 saylı "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində **********01-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 15 dekabr 2021-ci ildə qeydə alınmış çıxarış üzrə mülkiyyətində olan, İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında 0,0935 hektar həyətyanı torpaq sahəsində yerləşən 72,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evini və 0,0617 hektar həyətyanı torpaq sahəsini 30000 manata razılaşaraq cavabdehə satmışdır. Həmin məbləğin 1000 manatı cavabdeh tərəfindən ona əvvəlcədən sənədləşməyə görə nağd qaydada ödənilmiş, faktiki cavabdehdə nağd pul 27000 manat olduğundan əmlakın dəyəri müqavilədə cəmi 27000 manat göstərilsə də cavabdeh şifahi razılaşma üzrə 2000 manat ona borclu qalmışdır. Alğı-satqıdan sonra yerdə qalan 0,0318 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 33,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə vahid mülkiyyət hüququ üzrə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci ildə qeydə alınmış çıxarış verilmişdir. Lakin alıcı olan cavabdeh ona ümumilikdə 28000 manat ödəyərək qalan 2000 manatı da üç ay müddətində ödəyəcəyinə söz vermişdir. O, cavabdehin səmimiliyinə inanaraq razılaşmış və alğı-satqı müqaviləsində bu haqda əlavə qeyd aparılmasına lüzum bilməmiş, pulu tam aldığını qeyd etmişdir. Alğı-satqıdan bir il yarımdan artıq müddət ötməsinə baxmayaraq cavabdeh 2000 manat borcu bu günədək ödəməmişdir. Eyni zamanda cavabdeh özbaşına olaraq onun mülkiyyətində qalan digər 33,3 kv.metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0,0318 hektar həyətyanı torpaq sahəsinin ara sərhədini dəmir dam örtüyü materialı ilə hasarlayarkən həyətin şimal tərəfindən 20 sm-lə başalayaraq həyətin cənub qurtaracağına qədər 50 sm məsafədə həyətinə keçməklə torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bu zəbtetmə zamanı həyətində olan bir ədəd bar verən 1000 manat dəyərində çoxillik zoğal ağacını dibindən kəsib atmış, digər bir ədəd bar verən çoxillik zoğal ağacının bar verən əsas qol-qanadını kəsməklə ona 500 manat maddi zərər vurmuşdur. Bundan əlavə cavabdeh 5 metr ölçüdə 500 manat dəyərində dəmir çubuqlardan düzəlmiş hasarı, hər biri 100 manat olmaqla 200 manat dəyərində taxta materialından olan pəncərələri və bir ədəd 50 manat dəyərində dəmir çarpayını onun icazəsi olmadan götürərək mənimsəmiş və qaytarmamışdır. Bundan başqa cavabdeh onun adında olmaqla faktiki istifadəsinə keçmiş şəhərarası telefon borcunu ödəmədiyindən cavabdehin əvəzinə 3,85 manat məbləğini o ödəmişdir. Həmin məbləği də cavabdeh ona qaytarmalıdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçıdan əmlakları ilə birlikdə torpaq sahəsi və fərdi yaşayış evi satın almışdır. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddiaçı hasar çəkilməsi üçün 5000 manat lazım olduğunu bildirmişdir. O, iddiaçıya hasar çəkilməsi üçün 5000 manat xərci çıxacağı təqdirdə 2000 manat köməklik edəcəyini bildirmişdir. Lakin iddiaçı hasar çəkməmiş və hazırda ondan 2000 manat tələb edir. Qeyd olunan 2000 manat borc pul hasarın çəkilməsinə görə olan puldur. Onun iddiaçıya 2000 manat borcu yoxdur. İddiaçı ona evi satarkən həmin evdə 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasar, taxta materialından olan pəncərələr və çarpayı olmuşdur. İddiaçı evi ona əmlakları ilə birlikdə satmışdır. Lakin uzun müddət keçdikdən sonra həmin əmlakları ondan tələb etməkdə haqlı deyil. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, iddiaçı və cavabdehi tanıyır. O, iddiaçıdan ev almışdır. İddiaçıdan torpağını tələb edir. X3 ifadə verərək göstərdi ki, iddiaçı onun əridir. Cavabdeh ərindən pul verərək ev almışdır. Lakin qalan məbləği 2022-ci ilin mart ayında verəcəyini bildirmişdir. Cavabdeh ağac da kəsmişdir. X2 ifadə verərək göstərdi ki, cavabdeh onun atasıdır. İddiaçı evin içərisində nə əmlak varsa onunla birlikdə evi atasına satmışdır. 15 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0935 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,6 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. 22 dekabr 2021-ci il tarixli, AN-İ №0876905 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Nuriyev X4 şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 105,6 kv.metr, yaşayış sahəsi 72,8 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olan4 otaqlı fərdi yaşayış evinin 72,3 kv.metr (2 otaq) hissəsini və ümumi sahəsi 0,0935 hektar olan torpaq sahəsinin 0,0617 hektar hissəsini ümumilikdə 27000 manata Cavabdeh satmışdır. 17 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 407-1/288 inventar nömrəli texniki pasportun surətlərindən görünür ki, İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0318 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. 30 may 2023-cü il tarixli, 14187 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı “202851460” telefon üçün 3,85 manat abunə haqqı ödəmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-1162/2024 nömrəli məktubundan görünür ki, hüquqların dövlət reyestrində **********12 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,0318 hektar (318,0 kv.metr) torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) hissəsi Cavabdeh istifadəsindədir. İş materiallarına əlavə edilmiş CD diskdə olan audio yazıda Cavabdeh həyat yoldaşı borclarının olduğunu, maşını satıb pulu ödəyəcəklərini bildirir. 02 iyun 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə iddia tələbinin həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə qeyd edir ki, 15 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0935 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,6 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. 22 dekabr 2021-ci il tarixli, AN-İ №0876905 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə iddiaçı İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 105,6 kv.metr, yaşayış sahəsi 72,8 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olan4 otaqlı fərdi yaşayış evinin 72,3 kv.metr (2 otaq) hissəsini və ümumi sahəsi 0,0935 hektar olan torpaq sahəsinin 0,0617 hektar hissəsini ümumilikdə 27000 manata cavabdehə satmışdır. 17 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 407-1/288 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı şəhəri, Fizuli küçəsi, ev 70 ünvanında 0,0318 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli, 3-21-3-42/2-1162/2024 nömrəli məktubunda qeyd edir ki hüquqların dövlət reyestrində **********12 saylı çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,0318 hektar (318,0 kv.metr) torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) hissəsi cavabdehin istifadəsindədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin 2000 manat borc hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin ona ümumilikdə 28000 manat ödəyərək qalan 2000 manatı da üç ay müddətində ödəyəcəyinə söz verdiyini bildirir. Cavabdeh iddiaçının tələb etdiyi 2000 manat pulun hasarın çəkilməsinə görə olan pul olduğunu bildirir. İddiaçının təqdim etdiyi CD diskdə olan audio yazıda cavabdehin həyat yoldaşı borclarının olduğunu, maşını satıb pulu ödəyəcəklərini qeyd edir. Cavabdehin iddiaçıya 2000 manat borcu olması faktı sübuta yetirildiyindən məhkəmə qərara gəlir ki, iddia tələbi 2000 manat borc hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 3,85 manat telefon borcu hissəsinə münasibətdə qeyd edir ki, 30 may 2023-cü il tarixli, 14187 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı “202851460” telefon üçün 3,85 manat abunə haqqı ödəmişdir. İddiaçı 3,85 manat telefon borcunu cavabdehdən tələb etsə də məhz həmin borcun cavabdehə aid olması və həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 3,85 manat telefon borcu hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən maddi zərərin əvəzi kimi – zoğal ağacını kəsdiyinə görə 1000 manat, digər zoğal ağacının bar verən budaqlarını kəsdiyinə görə 500 manat, 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və icazəsi olmadan mənimsədiyi dəmir çarpayıya görə 50 manat dəyərində əmlaklar, əmlaklar olmadıqda onların dəyəri olan 2250 manat məbləğini tələb edir. İddiaçı tələbində cavabdehdən zoğal ağacını kəsdiyinə görə 1000 manat və digər zoğal ağacının bar verən budaqlarını kəsdiyinə görə 500 manat tələb etsə də həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh izahatında iddiaçı ona evi satarkən həmin evdə 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasarın, taxta materialından olan pəncərələrin və çarpayının mövcud olduğunu bildirir. (Bu işin mübahisəsiz halıdır.) Sözügedən əmlaklar iddiaçıya məxsus olduğundan iddia tələbi 5 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və icazəsi olmadan mənimsədiyi dəmir çarpayıya görə 50 manat dəyərində əmlaklar, əmlaklar olmadıqda onların dəyəri olan 2250 manat məbləğinin alınması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə təmin edilmiş iddia tələbi 2750 manatdır. Ona görə də həmin məbləğə uyğun olaraq 47,5 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 52,5 manatı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində **********12-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Fizuli küçəsi 70 ünvanında yerləşən 0,0318 hektar (318,0 kv.metr) həyətyanı torpaq sahəsinin 0,00082 hektar (8,2 kv.metr) zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılsın, torpaq sahəsi boşaldılsın və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulsun. Cavabdeh 2000 (iki min) manat borc alınaraq İddiaçı verilsin. Cavabdeh 05 metr ölçüdə dəmir çubuqlardan düzəlmiş hasara görə 500 manat, taxta materialından olan pəncərələrə görə 200 manat və dəmir çarpayıya görə 50 manat – cəmi 750 (yeddi yüz əlli) manat dəyərində əmlaklar natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların dəyəri olan 750 (yeddi yüz əlli) manat maddi zərər məbləği alınaraq İddiaçı verilsin. Cavabdeh 47 (qırx yeddi) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 52,5 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-18/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-18/2024
01.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver