Məhkəmə qərarları › İş №2(037)-188/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-188/2024

17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-188/2024 17.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə qeydə alınaraq verilmiş **********68 nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1500 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, ölkədə aparılan torpaq islahatları zamanı onun mülkiyyətinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 0,2858 hektar biçənək torpaq sahəsi verilmişdir. Onların birgə mülkiyyət hüquqları DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə qeydə alınaraq **********68 nömrəli çıxarış verilmişdir. İsmayıllı rayonu Qalacıq kənd sakini olan Cavabdeh torpaq sahəsinin ətrafını mal-qaradan qorunması məqsədi ilə çəpərlənməsinə maneçilik edir. Cavabdehi qanuna və mülkiyyətinə mane olmamağa çalışsa da, sonuncu hətta ona fiziki güc də göstərməyə çalışır və inadından əl çəkmir. Cavabdeh hesab edir ki, torpağın bir hissəsi ona məxsusdur. O, bu mübahisəyə son qoymaq üçün səlahiyyətli qurumdan 180 manat rüsum ödəməklə mütəxəssis dəvət etmişdir. Mütəxəssis yerində torpaq sahəsinin koordinatlarını dəqiqləşdirərək döngə nöqtələrində ağaclar basdırmışdır. Sonra həmin nöqtələrdə dəmir turbalar basdırmaqla torpağın ətrafını bağlamaq istəsədə də cavabdeh dəmir turbaları əyib sındırmaqla ona mane olmuş, hətta fiziki güc göstərmişdir. Nəticədə biçənək sahəsinin otunu mal-qara otlamış və hər il 500 manat dəyərində təbii ot məhsulundan məhrum edilmişdir. Beləliklə də ona dəyən maddi zərər 1500 manat olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə qeydə alınaraq verilmiş **********68 nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1500 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, son iki-üç il ərzində iddiaçının sözügedən torpaq sahəsinin sərhədlərinin mütəxəssis tərəfindən tanıdılmasında o, iştirak etmişdir. Həmin vaxt torpaq sərhədləri ilə bağlı aralarında heç bir mübahisə yaradacaq məsələ təyin edilmədiyindən iradı olmamışdır. İddiaçı həmin torpaq sahəsinin hasara alınmasında indiyədək maraqlı olmamışdır. Ancaq nədənsə həmin illərin təbii ot gəlirlərini ondan tələb edir. 23 yanvar 2018-ci ildə ƏMDK DƏDRX-ə etdiyi şikayət ərizəsi əsasında iki mütəxəssis göndərilmiş və həmin mütəxəssislər tərəfindən torpaq sahəsinin koordinatları təyin edilmişdir. 2023-cü il təxminən noyabr ayının sonu və ya dekabrın əvvəli təsadüfən torpaq sahəsinin sərhədləri daxilində basdırılmış bir dirək görmüşdür. Ətrafında çəpər, hasar və barı olmamışdır. Dövlət orqanının səlahiyyətli nümayəndələrinin yerinə yetirdiyi işin icrasının dəqiqliyinə güvənərək həmin dirəyi çıxarıb torpaq sahəsindən qırağa atmışdır. İddiaçı iddia edir ki, torpaq sahəsinə hasar çəkərkən o, mane olmuş və fiziki güc tətbiq etmişdir. Halbuki, iddiaçını sözügedən torpaq sahəsində nə turba basdırarkən, nə də hər hansı bir iş görərkən görməmişdir. O, iddiaçı ilə nə uzaqdan belə rastlaşmış, nə də üz-üzə gəlmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. 06 sentyabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və 27 noyabr 2023-cü il tarixli BN193351 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,2858 hektar torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. 04 mart 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın və 29 fevral 2008-cü il tarixli AA000667 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi X1 mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-2184/2024 nömrəli məktubundan görünür ki, tərəflərin iştirakı ilə hüquqların dövlət reyestrində 27 noyabr 2023-cü il tarixli **********68 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,2858 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə faktiki naturada müəyyən edilərək göstərilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı (zəbt olunmadığı) müəyyən olunmuşdur. 23 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 06 sentyabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və 27 noyabr 2023-cü il tarixli BN193351 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,2858 hektar torpaq sahəsi iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. 04 mart 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış və 29 fevral 2008-cü il tarixli AA000667 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi cavabdehin mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 25 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-2184/2024 nömrəli məktubunda qeyd edir ki, əsasən tərəflərin iştirakı ilə hüquqların dövlət reyestrində 27 noyabr 2023-cü il tarixli **********68 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,2858 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə faktiki naturada müəyyən edilərək göstərilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı (zəbt olunmadığı) müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə qeydə alınaraq verilmiş **********68 nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1500 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə iddia tələbinin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən torpaq sahəsinə basdırılmış dirəyi çıxarıb torpaq sahəsindən qırağa atmışdır. Cavabdeh iddiaçının torpaq sahəsini çəpərləməsinə maneçilik törədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsini iddiaçının çəpərləməsinə cavabdehin mane olması iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1500 manat tələb edir. İddiaçı tələbində cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1500 manat tələb etsə də həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsinə dair hissədə təmin edilməməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki,mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,hazırkı mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 06 sentyabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,2858 hektar torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququna Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar