Məhkəmə qərarları › İş №2(046)-258/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-258/2022

07.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-258/2022 07.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehlər Cavabdeh1, Cavabdeh8 Abdul oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 iştirakı ilə, torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehlərin mülkiyyətimdə olan və Göyçay rayonu Potu kəndində yerləşən 27.88 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması, əldən çıxmış faydaya görə vurulmuş 30.000 manat maddi ziyanın, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı Göyçay rayonu Potu kəndi ərazisindən həmin kənd sakinlərinə Göyçay rayonu Aqrar İslahat Komissiyasının müfaviq qərarı ilə ayrılmış torpaq sahələrini alqı-satqı müqaviləsi əsasında almışdır. Ümumilikdə aldığı 27.88 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra, həmin torpaq sahəsindən təyinatına uyğun olaraq bir mövsüm taxıl əkib məhsul əldə etsə də, növbəti mövsümdə cavabdehlər buna imkan verməmişlər. Belə ki, cavabdehlər mülkiyyətində olan 27.88 ha torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsinin onların olduğunu iddia edirlər və bu səbəbdən torpaq sahəsini boşaltmayacaqlarını bildirirlər. Dəfələrlə cavabdehlərlə görüşüb mübahisənin məhkəmədən kənar qaydada həll olunmasına səylər göstərsə də, lakin müsbət nəticə əldə olunmamışdır. Cavabdehlərin mülkiyyətində olan torpaq sahələri naturada mütəxəssislər tərəfindən tanıdılmasına baxmayaraq, onlar bununla razılaşmamış və öz qanunsuz tələblərində israrlı olmuşlar. Bunun nəticəsidir ki, mülkiyyətimdə olan torpaq sahəsində növbəti mövsüm üçün taxıl əkmək məqsədi ilə zəruri aqrotexniki və şum işləri görülməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində hər il mülkiyyətində olan torpaq sahəsində əkdiyi taxıl məhsulundan əldə etdiyim 30.000 manat gəlirdən məhrum olmuşam. Bu səbədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh8 Abdul oğlu, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh5 oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Potu kəndində yerləşən iddiaçıya məxsus olan 27.88 ha torpaq sahəsi Göyçay rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə onlara verilmişdir. Həmin torpaq sahəsinin onlara məxsus olduqlarını iddia edirlər, buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh6 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışlarından (26 ədəd) və 08.09.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayon Potu kəndində yerləşən 27.88 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X3 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 22.11.2021 tarixli rəydən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 27.68 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 22.02.2022-ci il tarixli 10/7071 saylı rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 27.68 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 27.88 ha torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 27.88 ha torpaq sahəsinin cavabdehlərin zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi 30.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq ona verilməsinə əsas verə bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 1707-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 27.88 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh8 Abdul oğlu, Cavabdeh2, Cavabdeh6, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 çıxarılmalı, cavabdehlərə qeyd edilən torpaq sahəsinə daxil olmaları qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışlara əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 27.88 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh8 Abdul oğlu, Cavabdeh2, Cavabdeh6, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 çıxarılsın. Cavabdehlərə qeyd edilən torpaq sahəsinə daxil olmaları qadağan edilsin Dövlət rüsumu kimi ödənilmiş 30 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar