Məhkəmə qərarları › İş №2(037)-19/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-19/2023

13.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-19/2023 13.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş 1940 manat və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1980 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “VAZ 21060” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla 11 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisindən keçən Qaraməryəm- İsmayıllı-Şəki magistral yolunda İsmayıllı şəhər istiqamətində hərəkətdə olarkən Cavabdeh məxsus bir baş inək qəflətən asfalt yola çıxdığından inəyi vurmuş, nəticədə avtomobilinə 1940 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş maddi ziyan heyvanın sahibi Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onkoloji xəstə olmaqla heç bir yerdə işləmir, 10 nəfər ailə üzvi var və yeganə gəlir yeri, iri buynuzlu heyvandarlıqla məşğul olmasıdır. 11 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində təsərrüfatında olan bir baş inəyi İddiaçı idarə etdiyi avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda vurmuş və mal tələf olmuşdur və ona dəymiş ziyan İddiaçı tərəfindən ödənilməmişdir.O,malı yolda nəzarətsiz qoymamışdır. Hadisədə birbaşa sürücünün günahı olmuşdur. İddiaçı avtomobili yüksək sürətlə idarə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə də hadisədən yayınmaq üçün heç bir tədbir görməmiş, hadisə yerində əyləc izi 30 metr olduğu halda 13 metr yazılmışdır.Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 06 iyul 2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki,İsmayıllı RPŞ-nin təhqiqatçısı, polis baş leytinantı Nurlan Atakişiyev tərəfindən HK-1/694 saylı material üzrə araşdırma aparılmış, toplanmış HK-1/694 saylı material üzrə cinayət işi başlanılması rədd edilmiş və qərarın sürəti Cavabdeh özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü yol ilə ötürdüyü üçün sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin DYPB-nə verilmişdir. İş materiallarına əlavə olunmuş,xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X2 protokol və həmin tarixli TP ******* nömrəli elektron qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, “VAZ 21060” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. İş materiallarına əlavə olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7786 saylı rəyindən görünür ki, “VAZ 21060” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1820 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması,zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, cavabdeh ona məxsus heyvanın sahibi olaraq üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş, qanunvericiliyin tələblərini pozaraq iddiaçıya ziyan vurmuşdur. Ona görə də Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7786 saylı rəyi ilə razılaşaraq, sözügedən rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, rəydə müəyyənləşdirilmiş 1820 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrində və sözügedən mübahisə ilə bağlı istinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verməyi zəruri hesab edərək bildirir ki, iddiaçının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu (yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulmaqla), zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər,o cümlədən,məhkəmə araşdırması zamanı cavabdehin etiraz mülahizəsini əsaslandıran hallara dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı sözügedən mübahisə üzrə cavabdehin təqsiri qanuni qüvvəyə minmiş TP ******* saylı elektron qərarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı,100 manat məhkəmə əmtəəşünaslıq ekspertizası xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1820 manat maddi zərər və 40 manat dövlət rüsumu olmaqla, cəmi 1860 (bir min səkkiz yüz altmış) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat pul Cavabdeh tutulsun, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22,büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar