Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-2/2024 26.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Kreditor İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə müraciət edərək borclulardan müştərək qaydada 2851 manat əsas, 227 manat faiz, 1197 manat cərimə – cəmi 4275 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “İsmayıllı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2013-cü il tarixli 0822/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə 2851 manat əsas, 227 manat faiz və 1197 manat cərimə, cəmi 4275 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən cəmi 4275 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli 2(037)-379/2015 nömrəli məhkəmə əmrinə əsasən ərizə təmin olunaraq borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2851 manat əsas, 227 manat faiz və 1197 manat cərimə, cəmi 4275 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Borclular Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(037)-1495/2023 nömrəli qərardadı ilə məhkəmənin 13 may 2015-ci il tarixli 2(037)-379/2015 nömrəli məhkəmə əmri ləğv olunaraq işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh1 izahat verərək göstərdi ki, yaxından tanıdıqları və həmyerliləri olan Famil Məmmədov onlara müraciət edərək ağır xəstəsi üçün təcili pul lazım olduğunu bildirmişdir. Onlara təklif etmişdir ki, bankdan kredit götürsünlər, aylıq kredit məbləğini o ödəyəckdir. Ona görə də digər cavabdeh Yalçın Ağayevlə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “İsmayıllı” filialı ilə 29 dekabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlayaraq 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit götürərək həmyerliləri Familə vermişlər. Famil bir müddət ödənişlər aparsa da sonradan bank bağlandığı üçün ödənişləri aparmamışdır. Kreditin ödənilməsi ilə bağlı Familə bildirsələr də Famil maddi vəziyyəti ağır olduğu üçün krediti ödəməmiş, bundan sonra aylıq ödənişləri vaxtlı-vaxtında ödəyəcəyini öhdəsinə götürmüşdür. Ona görə də kredit borcunun Famil Məmmədovdan tutulmasına yönəldilməsini və bank tərəfindən əsassız olaraq hesablanmış cərimənin silinməsini xahiş edir. Cavabdeh2 digər Cavabdeh1la eyni məzmunlu izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını və onun zaminliyinə xitam verilməsini xahiş etdi. X2 ifadə verərək göstərdi ki, həmin vaxt ağır xəstəsi olduğundan təcili pula ehtiyacı var idi. Həmyerliləri olan Şükür və Yalçından bankdan kredit götürərək ona verilməsini xahiş etmişdir. Razılaşmışlar ki, aylıq krediti o ödəyəckdir. Sonradan bank bağlanmış, krediti hara ödəyəcəyini bilməmişdir. Maddi vəziyyəti ağır olduğundan krediti tam şəkildə ödəyə bilmir. Bundan sonra aylıq ödənişləri özü edəcəkdir. İş materiallarında olan -29 dekabr 2013-cü il tarixli 0822/13 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. -29 dekabr 2013-cü il tarixli 0822/13 nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh1 24 ay müddətində 3499,99 manat əsas borc və 1067,93 manat faiz borcu, cəmi 4567,92 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. -29 dekabr 2013-cü il tarixli 0822/13/01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən cavabdeh Yalçın Ağayev onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -16 yanvar 2015-ci il tarixli 13/6-01-15 nömrəli və 18 mart 2015-ci il tarixli ***-**-** nömrəli xəbərdarlıqların surətlərindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -08 may 2015-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “İsmayıllı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2013-cü il tarixli 0822/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 29 dekabr 2013-cü il tarixli 0822/13/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişini vaxtında həyata keçirməmiş, nəticədə onun gecikdirilmiş borcu yaranmışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da borc məbləği ödənilməmişdir. Məhkəmənin 13 may 2015-ci il tarixli 2(037)-379/2015 nömrəli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2851 manat əsas, 227 manat faiz və 1197 manat cərimə, cəmi 4275 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Borclular Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(037)-1495/2023 nömrəli qərardadı ilə məhkəmənin 13 may 2015-ci il tarixli 2(037)-379/2015 nömrəli məhkəmə əmri ləğv olunaraq işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 əsas borca hesablanmış cərimə borcunun silinərək iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını, cavabdeh Yalçın Ağayev isə onun zaminliyinə xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbində qeyd edilən 1197 manat cərimə məbləği kredit müqaviləsinin cavabdehlər tərəfindən qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq olmadığından iddia tələbi həmin hissədə qismən – 280 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2851 manat əsas, 227 manat faiz və 280 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 3378 (üç min üç yüz yetmiş səkkiz) manat məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2851 manat əsas, 227 manat faiz və 280 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 3378 (üç min üç yüz yetmiş səkkiz) manat məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-2/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-2/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver