Məhkəmə qərarları › İş №2(037)-201/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-201/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-201/2024 29.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 29 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı 14529.8 kv.metr torpaq sahəsinin real bazar dəyəri olan 14560 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 133.68 manat olmaqla, ümumilikdə 14693.68 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2018-ci il tarixdə İsmayıllı rayonu Diyallı kənd sakini olan Cavabdeh özünə məxsus olan torpaq sahəsini satdığını bildirmişdir. O, torpaq sahəsinin sənədlərinin qaydasında olub-olmaması ilə maraqlandıqda Cavabdeh ona torpaq sahəsinin plan və ölçü sənədinin əsilini təqdim etmişdir.Həmin sənəd Paşa Mamedovun adına hazırlanmış - İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 14529.8 kv.metr torpaq sahəsinin Paşa Mamedova verilməsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş,1151 nömrə ilə uçota alınmış A № 153453 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmuşdur. Sənədə diqqət yetirdikdə həmin sənədin Paşa Mamedovun adına hazırlandığını görmüşdür. Bununla bağlı dərhal Cavabdehla görüşmüşdür.Həmin vaxt Seyfəddin X1 mərhum atası olduğunu,miras əmlakla bağlı mərhumun nəvəsi,yəni Seyfəddinin öz oğlu Sahil Paşazadəyə vərəsəlik şəhadətnaməsinin verildiyini, heç bir narahatçılıq olmadığını, torpaqları özü satdığını demişdir.Həmin vaxt razılaşdıqları məbləği Seyfəddinə vermişdir. Seyfəddin oğlu Sahil Paşazadənin şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Bundan bir müddət sonra o,Seyfəddinə aldığı torpaq sahəsini sənədləşdirmək lazım olduğunu xatırlatmışdır. Seyfəddin vərəsəlik sənədlərinin qaydasında olmadığını bildirərək ondan bir müddət gözləməyi xahiş etmişdir.Həmin müddət artıq iki il oldu,bu müddət ərzində dəfələrlə Seyfəddinə aldığı torpaq sahəsini sənədləşdirmək istədiyini bildirsə də hər dəfə bir bəhanə ilə bundan boyun qaçırmışdır. Xatırlamadığı bir gün isə Seyfəddin ona zəng edərək sənədini geri istəmişdir. Səbəbini soruşduqda isə Seyfəddin ona heç bir açıqlama verməyərək sənədi tələb etmişdir.O,isə yenidən ona həmin torpaq sahəsini ondan satın aldığını xatırlatmış və aralarındakı razılıq pozulacağı təqdirdə torpaq sahəsinin həmin vaxt bazar qiyməti ilə qiymətləndirilərək dəyərinin ona qaytarılmasını tələb etmiş,Seyfəddin isə onunla razılaşmamışdır. Bundan sonra isə dəfələrlə Seyfəddinlə əlaqə yaratmış, lakin hər dəfə Cavabdeh müxtəlif bəhanələr gətirərək aldığı torpaq sahələrini adına rəsmiləşdirilməsindən imtina etmişdir. 2023-cü ilin əvvəllərində isə o Cavabdehla açıq söhbət etmiş və bu zaman cavabdehin danışığından başa düşmüşdür ki,onun heç bir sənədləşdirmə aparmaq fikri yoxdur. Belə qənaətə gəlir ki, Cavabdeh indi də həmin torpaq sahəsinin onun adına rəsmiləşdirmək fikri yoxdur. Hesab edir ki, Cavabdeh ona torpaq satmaq niyyəti olmamış, o sadəcə onu müxtəlif yollarla aldadaraq pulunu ələ keçirmişdir. Hazırda İsmayıllı rayonun Diyallı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir hektarı üçün satış qiymətləri torpağın yerləşmə yerindən və relyefindən asılı olaraq 7000 manatdan 15000 manatadək dəyişir. Ona görə də o, cavabdehdən aldığı 14529.8 kv.metr torpaq sahəsinin hazırkı real bazar qiymətləri ilə dəyəri olan 14560 manat məbləğini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Diyallı kəndində yaşayır.İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İsmayıllı rayonu,Diyallı kəndi ərazisində yerləşən 14529.8 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum atası X2 mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə aralarında alğı-satqı müqaviləsi bağlanmamışdır və həmin torpaq sahəsinin alğı-satqısına görə iddiaçıdan pul almamışdır.Sözügedən torpaq sahəsi 2000 manat qarşılığında iddiaçıya uzun müddətə icarəyə verilmiş, mübahisəli torpaq sahəsini iddiaçıya satmamışdır və torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir.İddiaçı torpaq sahəsinin alğı-satqısına görə ona pul verməmişdir.Qeyd etdikləri nəzrə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli A№ 153453 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İsmayıllı rayon Diyallı kənd sakini X3 İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 14529.8 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və X4 kitabında xx.xx.2009-cu il tarixdə 1151 nömrə ilə uçota alınmışdır. İşdə olan "xxxx" MMC-nin 17 noyabr 2023-cü il tarixli “Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında hesabatdan” görünür ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən X3 məxsus 14529.8 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 14560 manat təşkil edir. Məhkəmə iddia ərizəsini, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyini nəzərdən keçirib, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı tələb üzrə iddianın 14.560 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından da göründüyü kimi, 2018-ci ildə Cavabdeh özünə məxsus İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən 14529.8 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçılə aralarında olan razılaşmaya əsasən pul müqabilində sonuncuya vermiş, sonradan isə cavabdeh sözügedən torpaq sahəsini satmadığını, icarəyə verdiyini bildirərək, həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdir.Cavabdehin 2018-ci ildə iddiaçıya satmağı vəd etdiyi 14529.8 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 14560 manat təşkil edir.İddiaçı cavabdehdən 2018-ci ildə aldığı 14529.8 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri olan 14.560 manat məbləğini tələb edir.Cavabdeh mübahisəli torpaq sahəsini iddiaçıya satmadığını, torpaq sahəsinin iddiaçıya icarəyə verildiyini, iddiaçının ona torpaq sahəsinin alğı-satqısına görə pul vermədiyini bildirir və qeyd etdikləri nəzrə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İlk baxışda tərəflər arasında ilkin müqavilə bağlandığı kimi görünsə də, əslində ilkin müqavilənin formasına dair qaydalara əməl edilmədiyi üçün onun əhəmiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir.Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə,əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanuna uyğunluğunu yoxlamalıdır.Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa,tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir.Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir.İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 14529.8 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 14.560 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinə dair iddiaçı ilə aralarında icarə müqaviləsinə dair münasibət olduğunu, həmin torpaq sahəsini satmadığını, satmaq fikri olmadığını, sadəcə icarəyə verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçıdan aldığı 2000 manatın icarə haqqı olduğunu bildirməsinə iddiaçının həmin dövrdə icarə haqqının ona verilmiş 2000 manatdan dəfələrlə az olduğunu, cavabdehin etiraz mülahizəsinin həqiqətə və reallığa uyğun olmadığını qeyd etməsini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 14.560 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 133.68 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14.560 manat 14529.8 kv.metr torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri və 133.68 manat dövlət rüsumu olmaqla, cəmi 14693.68 (on dörd min altı yüz doxsan üç manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar