Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-203/2022 10.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 10 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək 23 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin 15.05.2020-ci il tarixli, 2(037)-349/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək hər ay 175 (yüz yetmiş beş) manat olmaqla sabit pul məbləğində təyin olunması və uşaq məktəbli olduğu üçün hər ay 70 (yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 29-cu maddəsinə əsasən mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı uşaqlarla ünsiyyət saxlamaq hüququnun təmin olunmasını tələb etdiyi halda iddia ərizəsinə uşaqların doğumu haqqında sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. İddiaçıya izah edilir ki, ilkin mediasiya sessiyasının aparılması üçün qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatına müraciət etməli, bunu təsdiq edən sənədi və uşaqların doğumu haqqında sənədi iddia ərizəsinə əlavə etməli və bundan sonra məhkəməyə müraciət etməlidir. İddia ərizəsinin qaytarılması qərardadında qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-203/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-203/2022
10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver