Məhkəmə qərarları › İş №2(037)-205/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-205/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-205/2024 24.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 24 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi - böyük icra məmuru (probasiya üzrə) X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-58/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Cavabdeh xx.xx.2021-ci il tarixdə şöbədə probasiya qeydiyyatına götürülmüş, xx.xx.2021-ci il tarixdə isə sonuncuya elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilərək müvafiq protokol tərtib edilmişdir. Cavabdehə tətbiq olunan “Şans” markalı ENV-də nasazlıq olduğundan xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi 36531091 nömrəli “Attenti” markalı ENV ilə əvəz olunmuşdur.xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh cəza müddətinin bitməsi səbəbindən tətbiq olunmuş ENV təhvil götürülərək, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir.Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin 36531091 nömrəli “Attenti” markalı ENV-nin vəziyyəti haqqında ED000437 nömrəli rəyində qeyd olunmuşdur ki,qurğunun qapaqları yapışdırılmışdır,təmiri mümkün deyil,istifadəyə tam yararsızdır.Belə olan halda hesab edir ki, cavabdehin mülki məsuliyyətsizliyindən elektron nəzarət vasitəsi yarasız vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 01 ədədinin dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(037)-58/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.xx.xx.2021-ci il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq olunmuşdur.Ona tətbiq olunan “Şans” markalı ENV-də nasazlıq olduğundan xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi 36531091 nömrəli “Attenti” markalı ENV ilə əvəz olunmuşdur.xx.xx.2023-cü il tarixdə cəza müddətinin bitməsi səbəbindən tətbiq olunmuş ENV ondan təhvil götürülmüşdür.Ona tətbiq olunan elektron nəzarət vasitəsi təhvil götürülərkən işlək vəziyyətdə olmuşdur.O,nəzarət vasitəsini qəsdən yararsız vəziyyətə salmamışdır.Nəzarət vasitəsinin dağılmaması üçün məcbur qalaraq kənarını yapışdırıcı vasitə ilə yapışdırmışdır.Nəzarət vasitəsinin yararsız vəziyyətə salınmasında özünü qismən təqsirli bilir.Belə ki, əgər nəzarət vasitəsi ona tətbiq olunan vaxt yararsız vəziyyətə düşərdisə onda özünü tam təqsirli bilərdi.Nəzarət vasitəsi ondan təhvil götürülərkən işlək vəziyyətdə olduğundan özünü tam təqsirli hesab etmir.Hazırda ondan tələb edilən nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğini ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(037)-58/2021 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 13 dekabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh yaşadığı ünvanda elektron qolbaq tətbiq edilərək ona 2690 nömrəli “Şans” markalı ENV komplekti, 01 ədəd mobil qurğu,01 ədəd sadə elektron qolbaq,01 ədəd enerji adabtoru, 01 ədəd enerji toplayıcısı kabeli və 03 ədəd ev nəzarət stansiyası təhvil verilərək məhkəmə hökmünün (qərarının) tələbləri,cəzanın icrası qaydaları,həmin qaydaların pozulmasının hüquqi nəticələri,o cümlədən,üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu,həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları,hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi,habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” 24 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış,lakin mobil qurğu izləmə məlumatı düzgün ötürmədiyi,mobil qurğu enerji ehtiyyatını saxlamadığı və tez-tez sönüb qoşulduğu texniki səbəbdən irəli gəldiyi məlum olmuş və xx.xx.2022-ci il tarixdə “Attenti” markalı 35631091 nömrəli ENV-i komplekti ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli, ED 000437 nömrəli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış “Attenti V6” markalı 35631091 nömrəli elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun qapaqları yapışdırıldığı,təmirinin mümkün olmadığı,istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin xx.xx.2021-ci il tarixli 21/3-1149 nömrəli məktubunun surətindən görünür ki,elektron qolbaq mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğindədir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Attenti” markalı, 35631091 nömrəli V6 mobil qurğusu Probasiya Xidməti tərəfindən yoxlama və təmir işləri həyata keçirmək məqsədi ilə "xxxx" QSC-yə təqdim edilmiş, servis mərkəzində aparılan yoxlama zamanı qurğunun korpus qapaqlarının yapışdırıldığı aşkarlanmış, bu da özlüyündə qurğunun istehsalçı tərəfindən buraxılan standartların pozulması deməkdir ki, hansı ki,özlüyündə qurğu üzərində aparılacaq gələcək təmir-bərpa işlərini mümkünsüz edir, məlumat üçün bildirilir ki, korpus qapaqları yapışdırılmış qurğuları açarkən daxildə olan vacib elementlər qırılır və qurğu yararsız vəziyyətə gəlir. İstehsalçının qurğular üzərində nəzərdə tutulmuş servis xidmətləri təlimatına əsasən bu kateqoriyalı zədə almış qurğular istifadəyə tam yararsız hesab olunur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, "xxxx" QSC-nin sorğuya cavab məktubunu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edildi ki,İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-58/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək,həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 13 dekabr 2021-ci il tarixli protokola əsasən Cavabdeh yaşadığı ünvanda elektron qolbaq tətbiq edilərək ona 2690 nömrəli “Şans” markalı ENV komplekti, 01 ədəd mobil qurğu,01 ədəd sadə elektron qolbaq,01 ədəd enerji adabtoru, 01 ədəd enerji toplayıcısı kabeli və 03 ədəd ev nəzarət stansiyası təhvil verilərək məhkəmə hökmünün (qərarının) tələbləri,cəzanın icrası qaydaları,həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu,həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları,hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” 24 may 2022-ci il tarixli protokola əsasən məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış,lakin mobil qurğu izləmə məlumatı düzgün ötürmədiyi,mobil qurğu enerji ehtiyyatını saxlamadığı və tez-tez sönüb qoşulduğu texniki səbəbdən irəli gəldiyi məlum olmuş və xx.xx.2022-ci il tarixdə “Attenti” markalı 35631091 nömrəli ENV-i komplekti ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli, ED 000437 nömrəli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəydə məhkum Cavabdeh üzərinə quraşdırılmış “Attenti V6” markalı 35631091 nömrəli elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun qapaqları yapışdırıldığı, təmirinin mümkün olmadığı,istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin xx.xx.2021-ci il tarixli 21/3-1149 nömrəli məktubunda elektron qolbaq mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğindədir. İddiaçı cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir.Cavabdeh Nəzarət vasitəsinin kənarı qopduğundan yapışdırıcı vasitə ilə kənarını yapışdırdığını, ona tətbiq olunan elektron nəzarət vasitəsi təhvil götürülərkən işlək vəziyyətdə olduğunu, nəzarət vasitəsini qəsdən yararsız vəziyyətə salmadığını,nəzarət vasitəsinin yararsız vəziyyətə salınmasında özünü qismən təqsirli bildiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277,40 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,40 manat maddi ziyan məbləği alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 42.77 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına(X1, M/H:AZ41NABZ******************** VÖEN: **********, KOD 210005, SWİFT:CTREAZ 22,Bakı şəhər Maliyyə İdarəsi,H/H AZ 66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifatının kodu:142330) hesaba ödənilsin. Cavabdeh 42.77 (qırx iki manat yetmiş yeddi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar