Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-268/2022 23.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 23 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) dəymiş ziyana görə 350 manat məbləğinin alınaraq X2 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “5 saylı tam orta məktəb” həyətində ağac kəsilməsi ilə bağlı şifahi məlumat daxil olmuşdur. Daxil olmuş şifahi məlumatla bağlı idarənin əməkdaşları tərəfindən 03 dekabr 2021-ci il tarixli “0081” saylı sərəncama əsasən araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində “5 saylı tam orta məktəb” həyətində bir ədəd diametri 36 sm olan sərv cinsli ağacın kök üstə yaş halda kəsilərək götürüldüyü, həmin ağacın İsmayıllı Kominal Mənzil Kombinatının əməkdaşı Cavabdeh tərəfindən kəsildiyi aşkar edilərək 23 dekabr 2021-ci il tarixli 72189 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın hesablanması cədvəlinə əsasən təbiətə dəymiş maddi ziyanın məbləği hesablanaraq 350 manat olduğu müəyyən edilmişdir. Vurulmuş ziyan müvafiq qanunvericiliyə əsasən X2 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Təbiətə dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki,vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən yaşıllıqlar dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş X2 üzrə dövlət fondu haqqında Əsasnaməyə uyğun olaraq X2 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənədi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidir. 23.12.2021-ci il tarixdə cavabdehə 350 manat məbləğində ziyanın X2 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilmiş,lakin cavabdeh tərəfindən ziyanın ödənilməsi həyəta keçirilməmişdir. Cavabdehdən dəymiş ziyana görə 350 manat məbləğinin alınaraq X2 üzrə Dövlət Fonduna ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayır və İsmayıllı Kommunal Müəssisələri Kombinatının mühəndisi vəzifəsində işləyir.2021-ci ilin dekabr ayının əvvəllərində 5 saylı tam orta məktəbin direktoru tərəfindən məktəbin həyətində aşma təhlükəsi olan 1 ədəd ağac olması barədə idarəyə şifahi məlumat verilmişdir. Həmin müraciət əsasında məktəbin həyətinə gedərək baxış keçirilmiş və ağacın qısa müddət ərzində aşma təhlükəsinin olması müəyyən olunmuşdur. Bu barədə İsmayıllı şəhər Bələdiyyəsinə şifahi müraciət olunmuşdur. Müraciətlərindən bir neçə gün keçsə də, onlara hər hansı şifahi və ya rəsmi cavab verilməmişdir. Hava şəraiti qarlı və küləkli olduğundan, məktəbdə təhsil alan uşaqların həyatı üçün təhlükə yarandığından həmin ağacın qısa müddətdə kəsilməsi zərurəti yaranmışdır. Bu səbəbdən 22 dekabr 2021-ci il tarixdə məktəbin həyətində olan həmin ağacı kəsməli olmuşdur. Eyni zamanda artıq kəsilmiş ağacı sırf ictimai maraqlar naminə qarşıdan yeni il bayramı gəldiyi üçün yolka bəzədilməsindən ötürü rayon mərkəzində yerləşdirmişdir. Bundan sonra 23 dekabr 2021-ci il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu idarəyə dəvət edərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokol əsasında 06 yanvar 2021-ci il tarixdə 4000 (dörd min) manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Bundan əlavə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktəbin həyətindən 1(bir) ədəd sərv cinsindən ibarət ağacın qanunsuz olaraq kəsilərək götürülməsi nəticəsində təbiətə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan dəydiyi hesablanmışdır.Barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla, həmçinin məktəbin həyətindən 1 (bir) ədəd sərv cinsindən ibarət ağacın qanunsuz olaraq kəsilərək götürülməsi nəticəsində təbiətə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan dəydiyinin hesablanması ilə razı deyil. Çünki həmin ağacın aşma ehtimalının olması barədə İsmayıllı şəhər Bələdiyyəsinə şifahi müraciət etmişdir.Ağacın kəsilməsi ilə bağlı rəsmi qərar gözləməli olmuş olsaydı, həmin məktəbdə təhsil alan uşaqların həyatı təhlükəsi yaranacaqdır. Bu səbəbdən həmin ağacı vaxt itirmədən kəsməli olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 23 dekabr 2021-ci il tarixli 72189 nömrəli akt və akta əsasən tərtib edilmiş hesablama cədvəlindən müəyyən edilir ki,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “5 saylı tam orta məktəb” həyətində ağac kəsilməsi ilə bağlı şifahi məlumat daxil olmuş, daxil olmuş şifahi məlumatla bağlı idarənin əməkdaşları tərəfindən 03 dekabr 2021-ci il tarixli “0081” saylı sərəncama əsasən araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində “5 saylı tam orta məktəb” həyətində bir ədəd diametri 36 sm olan sərv cinsli ağacın kök üstə yaş halda kəsilərək götürüldüyü, həmin ağacın İsmayıllı Kominal Mənzil Kombinatının əməkdaşı Cavabdeh tərəfindən kəsilərək götürüldüyü aşkar edilmiş və təbiətə dəymiş maddi ziyanın məbləği hesablanaraq 350 manat olduğu müəyyən edilmişdir. Həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən yazılaraq öz imzası ilə təsdiq edilmiş 23 dekabr 2021-ci il tarixli izahatın sürətindən görünür ki, Cavabdeh 23 dekabr 2021-ci il tarixdə izahat yazaraq izahatında İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin həyətində kəsilmiş sərv ağacının onun tərəfindən kəsildiyini, ağacı kəsməkdə məqsədinin yeni il şənliyi ilə bağlı şəhərin mərkəzində yolka ağacı kimi bəzədilərək istifadəsi olduğunu və barəsində görülən qanuni tədbirlərə heç bir etirazının olmadığını qeyd etmişdir. 23 dekabr 2021-ci il MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 5 saylı tam orta məktəbin həyətindən qanunsuz olaraq ağac kəsmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 06 yanvar 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 5 saylı tam orta məktəbin həyətindən qanunsuz olaraq ağac kəsməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 3(037)-86/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından şikayəti təmin edilərək Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli 3(107)-75/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 3(037)-86/2022 nömrəli qərarının ləğv edilməsi və İnzibati xəta haqqında işin yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İsmayıllı rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 3(037)-86/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “5 saylı tam orta məktəb” həyətində ağac kəsilməsi ilə bağlı şifahi məlumat daxil olmuşdur. Daxil olmuş şifahi məlumatla bağlı idarənin əməkdaşları tərəfindən 03 dekabr 2021-ci il tarixli “0081” saylı sərəncama əsasən araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində “5 saylı tam orta məktəb” həyətində bir ədəd diametri 36 sm olan sərv cinsli ağacın kök üstə yaş halda kəsilərək götürüldüyü, həmin ağacın cavabdeh tərəfindən kəsildiyi aşkar edilərək 23 dekabr 2021-ci il tarixli 72189 nömrəli akt tərtib edilmiş və həmin akt cavabdeh tərəfindən imza edilmişdir. Cavabdeh 23 dekabr 2021-ci il tarixdə izahat yazaraq izahatında İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin həyətində kəsilmiş sərv ağacının onun tərəfindən kəsildiyini,ağacı kəsməkdə məqsədinin yeni il şənliyi ilə bağlı şəhərin mərkəzində yolka ağacı kimi bəzədilərək istifadəsi olduğunu və barəsində görülən qanuni tədbirlərə heç bir etirazının olmadığını qeyd etmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində təbiətə cəmi 350 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında yazılmış hesablama cədvəlinə uyğun olaraq cavabdehdən 350 manat maddi ziyan məbləğinin ödənilməsi tələb edilmişdir. Cavabdeh təbiətə vurduğu və ondan tələb edilən maddi ziyan məbləğini ödəməkdən imtina etmişdir. “X2” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən X2 haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən X2 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən X2 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən məktəbin həyətindən 1 (bir) ədəd sərv cinsindən ibarət olan ağacın qanunsuz olaraq kəsilərək götürülməsi nəticəsində təbiətə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 350 manat məbləği alınaraq X2 üzrə Dövlət Fonduna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-268/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-268/2022
23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver