Məhkəmə qərarları › İş №2(037)-27/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-27/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-27/2023 16.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 iyul 2019-cu il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh İsmayıllı şəhəri H.Əliyev küçəsində yerləşən iaşə obyektini on dörd min manata hissə-hissə ödəmək şərti ilə almışlar. Cavabdehə həmin puldan on üç min manatını ödəmiş, borcundan min manat qalmış, cavabdeh isə ona verilən 2000 manatı danır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, həmin iaşə obyektini on dörd min manata o, Cavabdeh və Ağabacı Balaqardaşova arasında razılaşaraq notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu müqavilə əsasında on üç min dörd yüz on səkkiz manata almışdır. Cavabdehə verilmiş 2000 manat borcun isə bunların arasındaki müqavilə ilə heç bir əlaqəsi olmamışdır. Həmin pulu cavabdeh ondan sonradan qaytarmaq şərti ilə almışdır. Belə ki, həmin razılaşmaya əsasən pulun bir hissəsi hazırki cavabdeh olan Cavabdeh, bir hissəsi ilə Ağabacı Balaqardaşova verilməli idi. O, razılaşdıqları pulun on üç min manat hissəsini vermiş, qalan 1000 manatın 450 manat hissəsini isə Cavabdeh borclu qalmış, 1000 manatın qalan hissəsi isə Ağabacı Balaqardaşova məxsusdur. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh daşınmaz əmlakın qiymətinin on dörd min manata deyil, 16 min manata razılaşdığını bildirərək ona olan 2000 manat borcunu ödəməmişdir. Belə ki, alğı-satqı müqaviləsindən də görünür ki, daşınmaz əmlakın dəyəri ilə bağlı onlar arasında razılaşma məhz on üç min dörd yüz on səkkiz manata razılaşdırılmışdır, qalan pul isə müqavilə və rəsmiləşdirmə xərclərinə çıxılmışdır. Lakin cavabdeh ondan aldığı iki min manatı qaytarmamaq üçün belə bir ssenari oynamışdır. Belə ki, cavabdehlə onun arasında müxtəlif vaxtlarda telefon danişıqlarında da o, 2000 manatın müqaviləyə aid olmadığını etiraf etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, H.Əliyev prospektində yerləşən Lalə Məmmədovadan borc müqabilində ona və Balaqardaşova Ağabacıya mağazanı 2019-cu ilin oktyabr ayında İddiaçı satmaq qərarına gəlmiş, 14 min manata razılaşmışlar. Həmin pulu məhkəmənin qərarı ilə Ağabacıya 4600 manat, ona isə 9400 manat ödənilməli idi. Lakin aylıq ödəniş bir il müddətinə Ağabacıya, sonra isə ona ödənilməli idi. Ona 4600 manat ödənilmiş, qalan 9400 manat əvəzinə 6500 manat kapital bank vasitəsi ilə ona ödənilmiş, qalan 2850 manat pulu isə iki il üç aydır ki, ala bilmir. Çünki 2019-cu il 10 oktyabr-2023-cü il 09 yanvar - 3 il 3 ay ərzində ödəniş olsaydı heç arenda pulu etmirdi, heç kreditlə satılan əmlak bu müddətə verilmir. Əgər pulunu tam ödəməsə imza atmayacaq və tələb edir ki, mağazanı təhvil versin və o, 6550 manatı iddiaçıya qaytaracaqdır. Cavabdeh əlavə olaraq göstərdi ki, daşınmaz əmlak notariusda satılarkən əslində 16500 manata razılaşmışlar, lakin o, Elxanla razılaşaraq müqavilləyə 14000 manat qeyd etdirmişlər və bu səbəbdən də iddiaçının hazırda ona 2850 manat borcu qalmışdır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AN-1 №0813454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh və X1 şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 50,6 kv/m olan qeyri yaşayış binasını 13418 (569 manat vergi) manat məbləği qarşılığında alıcı İddiaçı mülkiyyətinə vermişlər. İş materiallarına əlavə edilmiş audio diskin 1,707 KB həcmində olan səs yazısının 16:51:03 və 515 KB həcmində olan səs yazısının 16:51:44 dəqiqələrində cavabdehin iddiaçı ilə danışqığı zamanı ona olan borcunu tam ödədikdən sonra 2000 manatını verəcəyini, əks təqdirdə ona heç bir vaxt pul verməyəcəyini, heç bir sənədə imza etməyəcəyini bildirir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, 10 oktyabr 2019-cu il tarixli, AN-1 №0813454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh və X1 şəhəri H.Əliyev pr ünvanında yerləşən ümumi sahəsi 50,6 kv/m olan qeyri yaşayış binasını 13418(569 manat vergi) manat məbləği qarşılığında alıcı İddiaçı mülkiyyətinə vermişlər. İddiaçı həmin məbləğin bir hissəsini hazırki cavabdehə, bir hissəsini isə Ağabacı adlı şəxsə verdiyini, cavabdeh isə sözügedən qeyri yaşayış sahəsinin 14000 manata deyil, 16500 manata razılaşdıqlarını, yalnız görünüş üçün müqaviləyə 13418 manat yazıldığını iddia edir. Belə ki, cavabdeh həm məhkəmə iclasında, həm də müxtəlif vaxtlarda iddiaçı ilə telefon danışıqları zamanı ondan 2000 manat aldığını etiraf etmiş, lakin həmin məbləğin qeyri yaşayış sahəsinə dair razılaşdıqları 16500 manat qarşılığında hazırda iddiaçın ona əlavə 2850 manat borcu olduğunu iddia edir. Belə ki, cavabdeh iddiaçıdan 2000 manatı aldığını etiraf etməklə yanaşı, məhkəməyə ünvanlandığı ərizədə sözügdən fərdi yaşayış evinə dair müqavilə bağlayarkən qiymətin 14000 manat olduğunu, lakin məhkəmə iclasında 16500 manat razılaşdırqlarını bildirməklə ziddiyyətli ifadələr vermişdir. Belə ki, cavabdeh sözügedən məbləğin 14000 deyil, 16500 olduğunu ona gördə də həmin 2000 manatın müqavilə üzrə ödənilməli öhdəlik olduğunu bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda müqavilədə razılaşdırılaraq qeyd edilən 13418 manat məbləğin deyil, 16500 manat olmasını mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 2000 manat verildiyi, iddiaçın isə alğı-satqı müqaviləsinə əsasən cavabdehə 450 manat borcu olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehə 1000 manat borcu olduğunu bildirsə də məhkəmə araşdırması zamanı həmin məbləğin yalnız 450 manat hissəsinin hazırki tələb üzrə cavabdehə aid olduğu müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasındaki telefon danışığı zamanı da sözügedən 2000 manat məbləğinin alğı-satqı müqaviləsi əsasında qeydi yaşayış sahəsinə dair razılaşdıqları pul kimi verilmədiyi, sırf iddiaçı tərəfindən cavabdehə borc olaraq verildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu barədə tələb olmadığından onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1550 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1550 (bir min beş yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar