Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-285/2020 15.05.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Allahverdı̇yev Azər Hüseyn oğlunun cavabdehlər Əzı̇mova Samı̇rə Fı̇rudı̇n qızı və Cavabdeh2 Hı̇kmət oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Allahverdı̇yev Azər Hüseyn oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Əzı̇mova Samı̇rə Fı̇rudı̇n qızı (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 Hı̇kmət oğlundan (bundan sonra ikinci cavabdeh) müştərək qaydada dəymiş maddi ziyana görə 10199 (on min yüz doxsan doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu – cəmi 10229 (on min iki yüz iyirmi doqquz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində “Mitsubishi Pajero” markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ və etibarnamə olmadan hərəkət edərkən manevr qaydasını pozaraq idarəetməni itirmiş və yolun sağında dayanmış vəziyyətdə olan ona məxsus “X1” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Hadisə zamanı onun avtomobilinə maddi ziyan dəymişdir. “Mitsubishi Pajero” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Əzı̇mova Samı̇rə Fı̇rudı̇n qızına məxsusdur. İkinci cavabdeh həmin avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən birinci cavabdeh barəsində İXM-nin 335.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(008)502/2020 nömrəli qərarı ilə ikinci cavabdeh İXM-nin 332.1 və 332.4-cü maddələri ilə təqsirili bilinərək İXM-nin 332.4-cü maddəsinə əsasən 10 gün müddətinə həbs edilmişdir. Hadisə zamanı ona məxsus “X1” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin bazar qiyməti ümumilikdə 5849 manat və avtomobilin təmiri üçün ustaya verilən pul 4350 manat olmaqla, cəmi 10199 manat məbləğində ona ziyan dəymişdir. O, cavabdehlərdən müştərək qaydada dəymiş maddi ziyana görə 10199 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 10229 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, ** XJ *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomaşın Allahverdı̇yev Azər Hüseyn oğlunun adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buraxılışlı, ** CE *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomaşın Əzı̇mova Samı̇rə Fı̇rudı̇n qızının adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Əzı̇mova Samı̇rə Fı̇rudı̇n qızı barəsində İXM-nin 335.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(008)-502/2020 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh2 Hı̇kmət oğlu İXM-nin 332.1 və 332.4-cü maddələri ilə təqsirili bilinərək İXM-nin 332.4-cü maddəsinə əsasən 10 gün müddətinə həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş 02 nömrəli arayışın surətindən görünür ki, Allahverdı̇yev Azər Hüseyn oğluna məxsus “X1” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyan 10199 (on min yüz doxsan doqquz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 idaretmə hüququ olmadan idarə etdiyi avtomobillə İddiaçı məxsus avtomobili vurmuş və nəticədə ona məxsus avtomobilə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəyən maddi ziyanın məbləği “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən 10199 (on min yüz doxsan doqquz) manat qiymətləndirilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada dəymiş maddi ziyana görə 10199 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 10229 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, onların iddia tələbinin mahiyyətinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci cavabdeh özünə məxsus avtomobili etibarnamə olmadan idarəetmə hüququ olmayan ikinci cavabdehə idarə etməyə verdiyinə, ikinci cavabdeh isə idarəetmə hüququ və etibarnamə olmadan həmin avtomobili idarə edərkən iddiaçıya məxsus avtomobillə toqquşaraq qəza törətdiyinə görə birgə məsuliyyət daşıyırlar. Cavabdehlərin baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobilə 10199 (on min yüz doxsan doqquz) manat məbləğində maddi ziyan vurması faktı məhkəmə iclasında sübuta yetirilmişdir. Ona görə də iddia tələbi dəymiş ziyana görə 10199 (on min yüz doxsan doqquz) manat məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsinə dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.1, 214.2, 214.4, 216-220, 226, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Əzı̇mova Samı̇rə Fı̇rudı̇n qızı və Cavabdeh2 Hı̇kmət oğlundan müştərək qaydada 10199 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 10229 (on min iki yüz iyirmi doqquz) manat məbləği alınaraq iddiaçı Allahverdı̇yev Azər Hüseyn oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-285/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-285/2020
15.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver