Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-286/2021 09.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombo, üçün 2679 manat ödənilməmiş hissə, 761 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 3843 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxx» MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən ümumilikdə 3813 manat məbləğində Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombo və İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefon almışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2820 manat olan (12 ay x 49 manat+30 manat ilkin ödəniş) Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombo, üçün 2679 manat ödənilməmiş hissə, 761 manat dəbbə pulu, alqı-satqı qiyməti 394 (18 ay x 18 manat + 70 manat ilkin ödəniş) manat, İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 373 manat olmaqla, ondan, 287 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh cəmi 248 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrdən məlum olur ki, bir tərəfdən “xxxx” MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqavilələr bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən ABC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombo və İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefon. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, maliyyə və ödəmə cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2820 manat olan Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombonu 20 ay müddətinə aylıq 141 manat ödəməyi, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 394 manat olan İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefonu 18 ay müddətinə aylıq 18 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş Məmmədova X2 şəhəri, M.F.Axundov küçəsi, D-2, ev 15 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinin şərtləri cavabdeh X1 tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 2679 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə əsas borcu 287 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2679 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 761 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 7,61 manata, eyni zamanda xx.xx.2019-cu il tarixli müqavilə üzrə 287 manat əsas borca görə tərəfindən hesablanmış 86 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 0,86 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombo üçün 2679 manat ödənilməmiş hissə, 7,61 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 0,86 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 3004,47 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Loft qonaq masa, Loft qonaq stul, yumuşaq divan Colombo üçün 2679 manat ödənilməmiş hissə, 7,61 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə İMEİ kodu **********84066 olan Samsung Galaxy A10 markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 0,86 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 3004,47 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəkiı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-286/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-286/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver