Məhkəmə qərarları › İş №2(037)-307/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-307/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-307/2022 03.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4191,49 manat əsas, 253,9 manat faiz borcu, 4,76 manat cərimə olmaqla, cəmi 4450,15 manat borcun və 64,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19.9 faizlə 36 ay müddətinə 4600 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 21 yanvar 2022-ci il tarixədək Cavabdeh banka 24 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4191,49 manat əsas, 253,9 manat faiz borcu, 9,52 manat cərimə olmaqla, cəmi 4454,91 manat borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə banka olan cərimə borcu 9,52 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, 4,76 manat məbləğində tələb olunmuşdur. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 19.9 faizlə 36 ay müddətinə 4600 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən yayınmışdır. 21.01.2022-ci il tarixə Cavabdeh 4191,49 manat əsas, 253,9 manat faiz borcu, 4,76 manat cərimə olmaqla, cəmi 4450,15 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmış və nəticədə 4450,15 manat borcu yaranmışdır. İddiaçı ASC cavabdehin 4450,15 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən 21.01.2022-ci il tarixli maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 64,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4191,49 manat əsas, 253,9 manat faiz borcu, 4,76 manat cərimə olmaqla, cəmi 4450,15 manat borcun və 64,50 manat dövlət rüsumu alınaraq İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4191,49 manat əsas, 253,9 manat faiz borcu, 4,76 manat cərimə və 64,50 manat dövlət rüsumu, cəmi 4514 (dörd min beş yüz on dörd) manat 65 (altmış beş) qəpik məbləğ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar