Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-312/2025 23.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1656 manat pul və 37 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhərində yaşayır. Cavabdehlə əvvəllər aralarında normal münasibət olmuşdur. 2015-ci ilin ortalarında Cavabdeh ondan beş baş quzu istəmişdir. O, da Cavabdeh göstərişi ilə 20 kq xalis əti olan bir baş 360 manat dəyərində quzunu sonuncunun həyətində ona təhvil vermişdir. Digər dörd baş hər birinin orta xalis çəkisi 18 kq olan, hər biri 324 manat olmaqla, ümumilikdə 1296 manat dəyərində olan dörd baş quzunu da Cavabdeh göstərişi ilə Ağakərim adlı şəxsə vermişdir. Cavabdeh bildirdi ki, həmin dörd baş quzu Ağakərim tərəfindən Bakı şəhərinə aparılacaq, pulunu isə özü, yəni Cavabdeh ödəyəcəkdir. Lakin artıq 10 ilə yaxın müddət ötməsinə, dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq sonuncu satın aldığı heyvanların dəyəri olan cəmi 1656 manat pulu bu günədək ona ödəməmişdir. Cavabdeh heyvanların dəyəri olan 1656 manat pulu ona ödəmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi iki, İsmayıllı rayonu, Mican kəndində yaşayır. 1997-ci ildən 2008-ci ilədək ölkədən kənarda Rusiya Federasiyasında olmuşdur. İddiaçı iddia ərizəsində 20 kq xalis əti olan bir baş 360 manat dəyərində quzunu həyətində ona təhvil verdiyini, digər dörd baş hər birinin orta xalis çəkisi 18 kq olan, hər biri 324 manat olmaqla, ümumilikdə 1296 manat dəyərində olan dörd baş quzunu da onun göstərişi ilə Ağakərim adlı şəxsə verdiyini qeyd etmişdir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, həyətində iddiaçıdan bir baş quzu təhvil almamış, eyni zamanda iddiaçıdan Ağakərim adlı şəxsə dörd baş quzu verməsini xahiş etməmişdir. O, ümumiyyətlə nə iddiaçıdan nə də ki, digər şəxslərdən həyətində heyvan qəbul etməmişdir. Belə ki, əvvəllər rayonda heyvanların kəsim məntəqəsində işləmişdir. İşlədiyi müddətdə rayon ərazisindən ətlik heyvanlar qəbul etmişdir. Heyvanları həyətində deyil, kəsim məntəqəsində qəbul etmişdir. İddiaçıdan heyvan almağı yadına gəlmir. İddiaçının ondan beş baş heyvanların dəyəri olan 1656 manat pulu tələb etməsindən məhkəmədən ona bildiriş gələndən sonra məlumatı olmuşdır. Əgər 2015-ci ildə iddiaçı ona beş baş heyvan vermişdirsə, nə üçün həmin vaxtdan indiyənədək heyvanların dəyərini ondan tələb etməmişdir. Həmin vaxtdan 10 ilə yaxın müddət keçibdir. Bundan əlavə iddiaçı iddia ərizəsində güya onun xahişi ilə Ağakərim adlı şəxsə dörd baş quzu verdiyini, həmin yeyvanların dəyərinin onun tərəfindən ödəniləcəyini qeyd etmişdir. Bildirir ki, əgər Ağakərim adlı şəxs gəlib məhkəmədə onun xahişi ilə iddiaçının ona dörd baş quzu verməsini təsdiq etsə həmin heyvanların dəyərini iddiaçıya ödəməyə hazırdır. Ancaq həqiqətən belə bir şey olmamışdır. Əgər belə bir şey olardısa Ağakərim adlı şəxs gəlib məhkəmədə şahid kimi ifadə verərək həmin faktı təsdiq edərdi. İddiaçının iddia ərizəsində qeyd etdikləri yalan və cəfəngiyatdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 1656 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi faktlarla bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, 10 ilə yaxın keçən müddət ərzində cavabdehdən özünün iddia etdiyi pulunu tələb etməməsi və hazırkı iddia ilə məhz aralarındakı münasibətlərin pisləşməsindən sonra məhkəməyə müraciət etməsi də məhkəmədə iddianın əsassız olması qənaətini yaradır. Belə qənaətə gələrkən məhkəmə onu da qeyd edir ki, iddiaçının keçən müddət ərzində alacağı pulunu cavabdehdən tələb etdiyini sübut kimi məhkəməyə şahidlərin gətirilməsi barədə şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin, iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmiş və bu barədə məhkəmədə hər hansı bir əsaslı səbəb göstərməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-312/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-312/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver