Məhkəmə qərarları › İş №2(037)-314/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-314/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-314/2023 29.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Qalacıq Bələdiyyəsinə qarşı tərəflər arasında bağlanmış icarə müqaviləsinin uzadılması tələbinə dair mülki işə 29 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Qalacıq Bələdiyyəsi ilə aralarında 20 il müddətinə bağlanmış 14 avqust 2002-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,14 avqust 2002-ci il tarixdə İsmayıllı rayon Qalacıq Bələdiyyəsi ilə 20 il müddətinə icarə müqaviləsi bağlayaraq bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 10 hektar torpaq sahəsini icarəyə götürmüşdür. İcarə müqaviləsini 01 oktyabr 2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində dövlət qeydiyyatına aldıraraq RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Müqavilə dövlət qeydiyyatına alınan vaxt icarəsində olan torpaq sahəsi yenidən ölçülmüş və həmin torpaq sahəsinin 10 hektar deyil, 8.26 hektar olduğu müəyyən edilmişdir. Müqavilə müddətində hər iki tərəf üzərinə düşən öhdəlikləri tam icra etmiş və bir-birlərinə qarşı hər hansı bir təklif və tələb olmamışdır. O, icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqını vaxtlı-vaxtında,hətda əvvəldən ödəmiş və bələdiyyəyə heç bir borcu qalmamışdır. Hər il torpaq sahəsini əkib-becərmişdir.İcarə müqaviləsinin müddəti 2022-ci ilin avqust ayında bitdiyi üçün 01 iyun 2022-ci il tarixdə Qalacıq Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək müqavilə bağlamaqda qanunla müəyyən olunmuş üstünlük hüququndan istifadə etmək istədiyini bildirərək yeni icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Qalacıq Bələdiyyəsinin rəsmi şəxsləri onun təklifinə yazılı və ya şifahi formada etiraz etməmişlər.Ona görə də həmin torpaq sahəsini yeni əkin ili (2022-2023-cü məhsul ili) üçün şumlamış,torpaq sahəsinə şumaltı kübrə vermiş və torpaq sahəsini toxum səpini üçün aqrotexniki qaydada hazırlayaraq yaxın günlərdə səpin işini aparacaqdır. Əks halda torpaq sahəsi bu il üçün istifadəsiz qalardı ki, bu da ölkə üzə yaxşı qəbul olunmur və hətta əkilməyən sahələrə görə qanunvericiliklə cərimə müəyyən olunmuşdur. Eyni zamanda artıq 20 ildir torpaq sahəsi onun icarəsindədir və o həmin torpaq sahəsinə hər il lazımi formada aqrotexniki qulluq göstərərək tam məhsuldar bir əraziyə çevirmiş və həmin ərazi onun ailəsinin dolanacaq mövcudluğunun iqtisadi əsasını təşkil edir. O, ərizə ilə müraciət edən tarixdən 4 aya yaxın vaxt keçdikdən sonra 2022-ci ilin sentyabr ayının 30-da poçt vasitəsilə Qalacıq Bələdiyyəsinin ona ünvanladığı 23 sentyabr 2022-ci il tarixli 65 nömrəli məktubunu almışdır. Həmin məktubda Qalacıq Bələdiyyəsi ona icarəsində olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarını qeydiyyata aldıqdan sonra həmin sahənin müsabiqəyə çıxarılacağını bildirmişdir. O, Qalacıq Bələdiyyəsinin sədrinin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki, aralarında bağlanmış 14 avqust 2002-ci il tarixli icarə müqaviləsinin 2.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, icarəçinin hüquqları kimi “icarə müqaviləsinin uzadılması üçün icarəverənə təklif vermək hüququ” vardır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil X2 təmsil etmişdir. İddiaçı nümayəndəsi/vəkil X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, hazırda Qalacıq Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Qalacıq Bələdiyyəsinin mülkiyyətində olan 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 14 avqust 2002-ci il tarixli 03 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iyirmi il müddətinə Qalacıq kənd sakini İddiaçı icarəsinə verilmişdir. Qeyd edilən icarə müqaviləsinin müddəti 2022-ci ilin avqust ayında bitmişdir. İddiaçı tərəfindən icarə müqaviləsinin uzadılması barədə Qalacıq Bələdiyyəsinə rəsmi müraciət olunmamışdır. Ona görə də Qalacıq Bələdiyyəsi 23 sentyabr 2022-ci il tarixdə iddiaçıya rəsmi məktub göndərərək icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsinin istifadə müddətinin bitdiyi, bələdiyyənin qanunamüvafiq şəkildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldıqdan sonra müsabiqəyə çıxarılacağı və müsabiqədə iştirak etmək hüququnun olduğu bildirilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilnəsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işdə olan 2002-ci il tarixli 03 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin sürətindən görünür ki, Qalacıq Bələdiyyəsinin mülkiyyətində olan 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iyirmi il müddətinə Qalacıq kənd sakini İddiaçı istifadəsinə verilmişdir. İşdə olan 01 oktyabr 2018-ci il tarixli RX seriyalı №1388631 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********12 reyestr və ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qalacıq Bələdiyyəsinin mülkiyyətində olan 8.26 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi 14 avqust 2002-ci il tarixdə 20 il müddətinə İddiaçı icarəyə verilmiş və bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayonu Qalacıq Bələdiyyəsinin 23 sentyabr 2022-ci il tarixli 65 nömrəli məktubundan görünür ki, Qalacıq Bələdiyyəsi tərəfindən X1 yaşadığı ünvana 23 sentyabr 2022-ci il tarixdə məktub göndərilmiş, məktubda icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsinin istifadə müddətinin bitdiyi, qanunamüvafiq şəkildə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra müsabiqəyə çıxarılacağı və müsabiqədə iştirak etmək hüququnun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 719.2 torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. 719.3 əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin müəyyənləşdirilməsi barədə razılaşma yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə xitam veriləcək icarə yarımilliyinin üçüncü iş günündən gec olmayaraq verilməlidir. 720.5. İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. 720.6. Əgər razılıq əldə edilməzsə, iddiaya əsasən məhkəmə müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtləri haqqında qərar qəbul edir.Lakin məhkəmə cari hüquq münasibətlərinin başlanğıcından hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü maddəsində göstərilmiş müddətlərdən kənara çıxmayan anadək müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi haqqında qərar qəbul edə bilər. Müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi icarəyə götürülmüş torpağın bir hissəsi ilə də məhdudlaşdırıla bilər. 720.7. İcarəçi müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsinə ən geci doqquz ay qalmış və (ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha qısa müddət təşkil etdikdə) ləğvetməyə dair bildirişin məhkəməyə daxil olmasından iki ay sonra məhkəməyə ərizə verməlidir. Əgər mənfi nəticələrə yol verməmək üçün ağlabatan hesab edilərsə və əgər torpaq icarəsi müqaviləsinin qüvvədə olma müddəti hələ qurtarmamışsa, məhkəmə ərizənin daha gec daxil olmasına yol verə bilər. 720.8. Bu məcəllənin 720-ci maddəsinə uyğun olaraq müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etmək hüququ yalnız o halda istisna edilə bilər ki, icarə hüquq münasibətlərinə dair mübahisəyə son qoymaq məqsədilə bu tələbdən imtina barəsində məhkəməyə ərizə verilsin. Müqavilə iştirakçılarından birinin öz hüquqlarını həyata keçirməsi və ya həyata keçirməməsi nəticəsində onun üçün xüsusi mənfi nəticələr və ya üstünlüklər yaranmasını nəzərdə tutan razılaşmanın qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı və cavabdeh İsmayıllı rayon Qalacıq Bələdiyyəsi 14 avqust 2002-ci il tarixdə aralarında 20 il müddətinə 14 avqust 2022-ci il tarixədək bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə azı üç ay qalmış müqavilənin uzadılması və ya ləğv edilməsinə dair əvvəlcədən bir-birlərinə xəbərdarlıq (pretenziya) qaydasında məlumat verməli olduqları halda həmin qaydalara əməl etmədiklərindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İsmayıllı rayon Qalacıq Bələdiyyəsinə qarşı tərəflər arasında bağlanmış icarə müqaviləsinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar