Məhkəmə qərarları › İş №2(037)-330/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-330/2022

18.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-330/2022 18.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə 18 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə əsasən 6 ay müddətinə ödənilməsi şərti ilə götürdüyü 311 manat dəyərində Samsung A105 markalı mobil telefonun başqa eyni dəyərli və markalı mobil telefonla əvəz edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh MMC-nin İsmayıllı şəhərində yerləşən mağazasından 15 noyabr 2019-cu il tarixdə BL367359 saylı nisyə satış müqaviləsinə əsasən 311 manat dəyərində Samsung A105 markalı mobil telefonu 6 ay müddətinə ödənilməsi şərti ilə satın almışdır. Müqaviləyə əlavə edilmiş 1 saylı əlavəyə əsasən ilkin 12 manat ödəmək şərti ilə qalan 299 manatı 6 ay müddətində hər ay 50 manat ödəmək şərti ilə öhdəsinə götürmüşdür. O, aldığı telefona görə 2019-cu ilin noyabr ayının 15-də 22 manat, həmin ilin dekabr ayının 15-də 50 manat və 2020-ci ilin yanvar ayının 15-də 50 manat olmaqla, ümumilikdə 112 manat ödəniş etmişdir. Ödəniş etdiyi müddətlər ərzində telefonun ekranında müəyyən xətlər yaranmışdır. Telefonun ekranında yaranmış xətlər barədə telefon aldığı mağazaya gedərək mağazanın məsul işçisi Nurlan adlı şəxsə məlumat vermişdir.Nurlan ona telefonun ekranında yaranan xətlərin müvəqəti xarakterli olduğunu və bir müddətdən sonra keçib gedəcəyini bildirmişdir. 2020-ci ilin yanvar ayının 10-dan etibarən telefonun ekranında qaralmalar baş vermişdir. O, ikinci ödənişi etdikdən sonra telefonun ekranı tamamilə qaralmış və heç nə görmək mümkün olmamışdır. O, yenidən İsmayıllı şəhərinə telefon aldığı mağazaya gələrək telefonda yaranmış problem barədə Nurlana məlumat vermişdir. Nurlan onu Cavabdeh MMC-nin İsmayıllı şəhərindəki telefon ustası Azad adlı şəxsin yanına göndərmişdir. Azad telefona baxıb bildirdi ki, telefonun burada təmiri mümkün deyil, mütləq Cavabdeh MMCnin Bakıdakı mərkəzi servisinə göndərilməlidir. Telefonda ekranın qaralmasından başqa üzdə görünən heç bir deffekt olmamışdır. O,telefonu 2020-ci ilin yanvar ayının 16-da Azad adlı şəxsə təhvil vermişdir. Azad telefonu ondan götürərək Cavabdeh MMC-nin Bakı şəhərində yerləşən servisinə göndərmişdir. Təqribən həmin ilin yanvar ayının sonlarında telefonu ona qaytardılar və bildirdilər ki, güya telefonda fiziki təsir nəticəsində müəyyən deformasiya əmələ gəlmiş və bu səbəbdən də telefonun ekranı sıradan çıxmışdır. Ona əlavə olaraq bildirildi ki, telefon alıcının öz günahı səbəbinə görə deformasiyaya uğradığından təmiri servisə aid deyildir. Bu barədə servis tərəfindən zəmanət talonunun arxasında qeyd edilərək telefon geriyə qaytarılmışdır. Bundan sonra o telefonu qəbul etməmiş və aldığı mağazaya geri qaytarmışdır. O, telefonda yaranan deformasiya ilə bağlı olaraq bildirir ki, tərəfindən telefona heç vaxt, heç bir müdaxilə olunmamış, telefonu ustanın iştirakı ilə Bakı servis mərkəzinə göndərərkən heç bir deformasiya olmamışdır. Telefonda yaranmış deformasiya Bakıda servis mərkəzində baş vermişdir. Əgər telefonda belə bir deformasiya olsa idi “Baku Electronicsin” İsmayıllı filialındakı məsul şəxs onu servisə göndərməzdi. Hesab edir ki, telefonda deformasiya servis mərkəzində qəsdən edilmişdir. Heç bir vətəndaş öz əmlakına bu cür yanaşmaz və zəhmətlə qazandığı pulla aldığı əmlakını korlamaz. O, telefonu mağazanın məsul şəxsi Nurlan adlı şəxsə göstərəndə və telefona İsmayıllı şəhərindəki servisdə usta tərəfindən baxılanda heç bir deformasiya olmamışdır. Lakin buna baxmayaraq Cavabdeh MMC tərəfindən İsmayıllı rayon Notariat ofisinə müraciət edilərək ondan 199.25 manat pulun tutulmasına dair icra vərəqəsi çıxardılaraq İsmayıllı rayon icra və probasiya şöbəsinə verilmişdir. Cavabdeh MMC tərəfindən 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə əsasən aldığı Samsung A105 markalı mobil telefon başqa eyni dəyərli və markalı mobil telefonla əvəz edilmədiyindən məhkəməyə müraciət etmişdir. O, Cavabdeh MMC ilə aralarında bağlanmış 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə əsasən 6 ay müddətinə ödənilməsi şərti ilə götürdüyü 311 manat dəyərində Samsung A105 markalı mobil telefonun başqa eyni dəyərli və markalı mobil telefonla əvəz edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi Saeid Nakhjavani məhkəmə iclasına gəlməmiş elektron qaydada etiraz qeydləri ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçıla Cavabdeh MMC arasında 15 noyabr 2019-cu il tarixdə BL367359 saylı nisyə-satış müqaviləsi bağlanmış və iddiaçı Samsung A105 markalı telefonu 6 ay müdətində 50 manat və sonuncu 49 manat ödəmək şərti ilə almışdır. Borc ödənilmədiyindən tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq borcun ödənilməsi üçün “İcra qeydinin aparılması” haqqında müraciət edilmişdir və İsmayıllı rayon notariat ofisinin xüsusi notariusu Abdulla Cabbarovun 12.01.2022-ci il tarixli icra qeydinə əsasən, İddiaçı 199 manat pulun və 25 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi tələb olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı aldığı Samsung A105 markalı telefonda nasazlıq olduğundan “X1” MMC-yə 24.01.2020-ci il tarixdə müraciət etmişdir. “X1” MMC-nin 24.01.2020-ci il tarixli rəyinə əsasən, Samsung A105 markalı mobil telefon deformasiya uğradığı, arxa qapaqda, ekranda, korpusda cızıqlar olduğu, karkasda və arxa kamerada zədələr aşkar edilmişdir. Telefon deformasiyaya uğradığından və telefonda əyrilik olduğundan yaranan qüsurun istehsalçı zəmanətinin şərtlərinə daxil edilmədiyi qeyd edilmişdir. Bildirir ki, iddiaçı tərəfindən ümumilikdə ödənilən 112 manat məbləğində pulu hazırkı günə kimi tələb etməməsi və aldığı telefonu hazıkı günə kimi özündə saxlayaraq, yenisi ilə əvəz edilməsi barədə iddia tələbi irəli sürməməsi, servis mərkəzinin rəy verməsindən iki il müddət keçməsinə baxmayaraq, bu müddət ərzində iddiaçı mobil telefonu özündə saxlamaqla servis mərkəzinin verdiyi rəylə razı olmamasını mübahisələndirməməsi onu deməyə əsas verir ki, iddiaçı mobil telefonun aldıqdan sonra deformasiyaya uğraması ilə razılaşmışdır. Ona görə də hesab edir ki, servisin rəyi ilə razı olmadığını və telefonun dəyişdirilməsi barədə iddiaçının iddia tələbi irəli sürmək üçün cavabdehin “pul tələb” etməsini gözləməsi İsmayıllı rayon icra və probasiya şöbəsi tərəfindən icra qeydinə əsasən borcu ödəməkdən yayınması məqsədi daşıyır. Bundan başqa iddia tələbində göstərilir ki, deformasiya Bakıda Servis Mərkəzində baş vermişdir və bunu qəsdən ediblər. Heç bir vətəndaş öz əmlakına bu cür yanaşmaz və min bir zəhmətlə qazandığı pulla aldığı əmlakını korlamaz. Bu tələbin birbaşa Cavabdeh MMC-yə aidiyyəti yoxdur, lakin qeyd olunan halın dolayı yolla "xxxx" MMC-nin hüquqlarına təsir etdiyini nəzərə alaraq qeyd edir ki, mobil telefon daşınan əşyadır və hər an ehtiyatsızlıqdan zədələnməsi mümkündür. Əgər əşya deformasiyaya uğrayırsa, bu alıcının qəsdən mala zərər vurmaq məqsədi daşımaya bilər. Bundan başqa deformasiya servisdə qəsdən baş vermişsə və alıcı bundan maddi zərər çəkmişsə, həmin pul 2 il müddət ərzində tələb etməli və qəsdən əmlaka vurulmuş zərərlə bağlı ərizə ilə “X1” MMC-yə müraciət etməli və Cavabdeh MMC-yə bu barədə məlumat verməli idi və yaxud iddia tələbi irəli sürülməli idi. Bu müddət ərzində iddiaçı heç bir rəsmi müraciət və yaxud iddia irəli sürməmişdir. Hazırda iddiaçının iki ildən sonra hazırki iddia tələbi irəli sürməsinə mobil telefonun servis mərkəzində deformasiyaya uğraması deyil, iddia ərizəsində göstərildiyi kimi cavabdeh MMC tərəfindən pul tələb etməsi səbəb olmuşdur. Bunu isə icra hərəkətlərindən yayınmaq üçün məsləhət görülmüş hal kimi qiymətləndirərək iddia tələbinin əsassız olduğunu hesab edir. İddia tələbində göstərilənlər həqiqəti əks etdirmir, “X1” MMC-nin rəyi əsaslı olmaqla yanaşı, hazırkı günə kimi qüvvədədir. İddiaçının aldığı mobil telefonun deformasiyaya uğraması ilə bağlı hüquqi rəy olduğundan və həmin rəy mübahisələndirilmədiyindən, rəy aldıqdan sonra Cavabdeh MMC həmin mobil telefonun dəyişdirilməsi ilə bağlı müraciət etmədiyindən Cavabdeh MMC tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Nəzərə alınmalıdır ki, uzun müddətdir ki, mobil telefonun zəmanət müddəti bitmiş və həmin müddət ərzində mobil telefon iddiaçının özündə olmuşdur. Zəmanət müddəti bitdikdən sonra onun hansı şəraitdə saxlanmasına Cavabdeh MMC cavabdeh deyildir. Onu da qeyd edir ki, iddia tələbində ödənilən məbləğlər düzgün olsa da, ödənilən tarixlər düzgün qeyd edilməmişdir, yəni 2021-ci ilin dekabr ayında və 2022-ci ilin yanvar ayında ödənişlər olunmamışdır. Bütün bunlarla yanaşı onu da qeyd edir ki, iddiaçı iddia ərizəsinin göndərilməsində qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, İsmayıllı rayon məhkəməsi “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunan məhkəmə olduğundan, həmin məhkəməyə müraciət elektron qaydada həyata keçirilməli idi. Lakin iddiaçı iddia tələbini kağız daşıyıcı formasında məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilir ki, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (Maddə 10-1.3).Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz (Maddə 10-1.5). Odur ki, yuxarıda şərh olunanlara əsasən, İddiaçı Cavabdehnə qarşı “istehlakçının hüquqlarının müdafiəsi haqqında” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi Saeid Nakhjavani məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etiraz qeydlərini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, 15 noyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh MMC-dən 311 manat dəyərində avadanlıq almış, aldığı avadanlığa görə əvvəlcədən 12 manat ödəməklə qalan 299 manatı altı ay müddətinə ilk beş ayını 50 manat və sonuncu ayı 49 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh MMC-nin 15 noyabr 2019-cu il tarixli zəmanət talonundan görünür ki, 15 noyabr 2019-cu il tarixdə bir ədəd 299 manat dəyərində Samsung A105 32 GB RED markalı mobil telefon bir il zəmanət müddəti ilə İddiaçı təhvil verilmişdir. İşdə olan “X1” MMC-nin 24 yanvar 2020-ci il tarixli mobil cihaza baxış keçirilməsinin nəticəsinə dair tərtib olunmuş rəydə İddiaçı tərəfindən 24.01.2020-ci il tarixdə “X1” MMCyə müraciət olunmuş, “X1” MMC tərəfindən Samsung A105 markalı mobil cihaza baxış zamanı cihazın əmtəə görünüşü: telefon deformasiyaya uğrayıb, arxa qapaqda, ekranda, korpusda cızıqlar, karkasda və arxa kamerada zədələr olduğu, cihazın müayinəsi və texniki vəziyyəti: telefona texniki baxış keçirildi və müəyyən edildi ki, telefon deformasiyaya uğrayıb və əyrilik var, yaranan qüsur istesalçı zəmanət şərtlərinə daxil deyil, nəticə: ödənişli xidmətlər göstərilə bilər qeyd olunmuşdur. İşdə olan İddiaçı tərəfindən 20 fevral 2020-ci il tarixdə “facebook” sosial şəbəkəsi vasitəsilə Cavabdeh MMC-yə etdiyi yazılı müraciətə dair çıxarışından görünür ki, İddiaçı Cavabdeh MMC-nin İsmayıllı şəhərində yerləşən mağazasından aldığı Samsung markalı mobil telefonda yaranmış problemlərlə bağlı 20 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-yə “facebook” sosial şəbəkəsi vasitəsilə yazılı müraciət etmiş,Cavabdeh MMC-nin “facebook” sosial şəbəkəsində olan hesabından İddiaçı “facebook” sosial şəbəkəsində olan hesabına şikayətinin yönləndiriləcəyi yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı hissə-hissə ödəmək şərtilə 311 manat məbləğində Samsung A105 markalı mobil telefon satılmışdır. 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə alqısatqı müqaviləsinə əlavə edilmiş 1 saylı əlavə əsasən İddiaçı Cavabdeh MMC-dən aldığı 311 manat dəyərində avadanlığa görə əvvəlcədən 12 manat ödəməklə qalan 299 manatı altı ay müddətinə ilk beş ayı 50 manat və sonuncu ayı 49 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 15 noyabr 2019-cu il tarixli zəmanət talonuna əsasən 15 noyabr 2019-cu il tarixdə bir ədəd 299 manat dəyərində Samsung A105 32 GB RED markalı mobil telefon bir il zəmanət müddəti ilə İddiaçı təhvil verilmişdir. İddiaçı aldığı mobil telefona görə 2019-cu ilin noyabr ayının 15-də 22 manat, həmin ilin dekabr ayının 15-də 50 manat və 2020-ci ilin yanvar ayının 15-də 50 manat olmaqla, ümumilikdə 112 manat ödəniş etmişdir. İddiaçı telefonda yaranmış problemlə bağlı Cavabdeh MMC-nin İsmayıllı şəhərində yerləşən mağazasında məsul şəxsə məlumat vermiş, telefonda yaranmış problem barədə Cavabdeh MMC-nin İsmayıllı şəhərindəki telefon ustası telefona baxış keçirmiş və burada təmirinin mümkünsüz olduğunu bildirməklə telefonu İddiaçı alaraq “X1” MMC-yə göndərmişdir. “X1” MMC tərəfindən Samsung A105 markalı mobil cihaza baxış keçirilməsinə dair rəydə cihazın deformasiyaya uğradığı, arxa qapaqda, ekranda, korpusda cızıqlar, karkasda və arxa kamerada zədələr olduğu, telefonun deformasiyaya uğraması nəticəsində əyrilik olduğu, yaranan qüsurun istesalçı zəmanət şərtlərinə daxil olmadığı qeyd olunmuşdur. Bundan sonra o telefonu aldığı mağazaya qaytarmışdır. Bundan sonra müxtəlif vaxtlarda İddiaçı Samsung markalı mobil telefonda yaranmış problemlərlə bağlı 20 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-yə “facebook” sosial şəbəkəsi vasitəsilə yazılı müraciət etmiş, Cavabdeh MMC-nin “facebook” sosial şəbəkəsində olan hesabından İddiaçı sosial şəbəkəsində olan hesabına şikayətinin yönləndiriləcəyi barədə məlumat yazılmışdır. İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə əsasən 6 ay müddətinə ödənilməsi şərti ilə götürdüyü 311 manat dəyərində Samsung A105 markalı mobil telefonun başqa eyni dəyərli və markalı mobil telefonla əvəz edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.Cavabdeh MMC-nin nümayəndəsi Saeid Nakhjavani məhkəmə iclasına gəlməmiş,etiraz qeydləri ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini, iddiaçının aldığı Samsung A105 markalı telefonda nasazlıq olduğundan “X1” MMC-yə 24.01.2020-ci il tarixdə müraciət etdiyini, “X1” MMC-nin 24.01.2020-ci il tarixli rəyinə əsasən,Samsung A105 markalı mobil telefonun deformasiya uğradığı,arxa qapaqda, ekranda, korpusda cızıqlar olduğu, karkasda və arxa kamerada zədələr aşkar edildiyi, telefonun deformasiyaya uğradığından və telefonda əyrilik olduğundan yaranan qüsurun istehsalçı zəmanətinin şərtlərinə daxil edilmədiyinin qeyd edildiyini, iddiaçının telefonun dəyişdirilməsi barədə iddia tələbi irəli sürməsi, icra qeydinə əsasən borclu olduğu pulu ödəməkdən yayınması məqsədi daşıdığını bildirir və iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 583.2-ci maddəsinə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. 583.3-cü maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün qarantiya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər sayılır və əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır. 583.4-cü maddəsinə əsasən satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, iddiaçı 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-dən hissə-hissə ödəmək şərtilə 311 manat məbləğində Samsung A105 markalı mobil telefon almış, əvvəlcədən 12 manat ödəmiş, qalan 299 manatı isə altı ay müddətinə ilk beş ayı 50 manat və sonuncu ayı 49 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən 15 noyabr 2019-cu il tarixli zəmanət talonuna əsasən Samsung A105 32 GB RED markalı mobil telefon bir il zəmanət müddəti ilə İddiaçı təhvil verilmişdir. İddiaçı aldığı mobil telefona görə 2019-cu ilin noyabr ayının 15-də 22 manat, həmin ilin dekabr ayının 15-də 50 manat və 2020-ci ilin yanvar ayının 15-də 50 manat olmaqla, ümumilikdə 112 manat ödəniş etmişdir. İddiaçı zəmanət müddəti ərzində telefonda yaranmış problemlə bağlı Cavabdeh MMC-nin İsmayıllı şəhərində yerləşən mağazasına məlumat vermişdir. Bundan əlavə 20 fevral 2020-ci il tarixdə “facebook” sosial şəbəkəsi vasitəsilə Cavabdeh MMC-nin “facebook” sosial şəbəkəsində olan hesabına yazılı müraciət edərək telefonda yaranmış problem barədə məlumat vermişdir. Cavabdeh MMC-nin “facebook” sosial şəbəkəsində olan hesabından İddiaçı “facebook” sosial şəbəkəsində olan hesabına şikayətinin yönləndiriləcəyi barədə məlumat yazılmışdır. Sonrakı müddətlərdə isə dəfələrlə yazışmalar etmişdir. “X1” MMC-nin 24.01.2020-ci il tarixli rəyinə əsasən, Samsung A105 markalı mobil telefonun deformasiya uğradığı, arxa qapaqda, ekranda, korpusda cızıqlar olduğu, karkasda və arxa kamerada zədələr aşkar edildiyi, telefonun deformasiyaya uğradığından və əyrilik olduğundan yaranan qüsurun istehsalçı zəmanətinin hansı əsaslarla şərtlərinə daxil edilmədiyi konkret faktlarla deyil, ümumi əsaslarla qeyd edilmiş və yaranmış problemin iddiaçının təqsiri üzündən baş verməsi təsdiq edilməmişdir. Bundan əlavə iddiaçı telefonu aldıqdan sonra ödənişlərini vaxtlı-vaxtında ödəmiş, sonradan, qısa müddət ərzində telefonda yaranmış problem barədə cavabdeh təşkilatın İsmayıllı şəhərində yerləşən mağazasında olan məsul şəxsə məlumat vermiş və bundan sonra telefon servisə göndərilmiş, həmçinin “facebook” sosial şəbəkəsi vasitəsilə cavabdeh təşkilatın profil hesabına yazılı müraciətlər edərək, hazırda göstərilən qüsurların olduğunu bildirmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin etiraz mülahizəsində irəli sürdüyü arqumentlər (iddia verilməkdə məqsəd qalan ödənişdən yayınmaq və s) işin faktiki hallarına uyğun olmamaqla ağlabatan deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı aldığı mobil telefonda yaranmış problem barədə cavabdeh təşkilata zəmanət müddəti ərzində müraciət etdiyindən və telefonda yaranmış problemin iddiaçının təqsiri üzündən baş verməsi cavabdeh təşkilat tərəfindən təsdiq olunmadığından iddia tələbi təmin edilməli və Cavabdeh MMC-dən 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə əsasən 6 ay müddətinə ödənilməsi şərti ilə götürülmüş 311 manat dəyərində Samsung A 105 markalı mobil telefon başqa eyni dəyərli və eyni markalı mobil telefonla əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 15 noyabr 2019-cu il tarixli BL367359 saylı nisyə satış müqaviləsinə əsasən 6 ay müddətinə ödənilməsi şərti ilə götürülmüş 311 manat dəyərində Samsung A105 markalı mobil telefon başqa eyni dəyərli və eyni markalı mobil telefonla əvəz edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar