Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-337/2022 16.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 əsassız olaraq əldə etdikləri və hazırkı vaxtadək geri qaytarmadıqları 9.390 manat vəsaitin, ödənilmiş 114 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1000 manat xərc olmaqla, ümumilikdə 10.504 manat pulun müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisəyə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəmələri baxmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki işin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını ona görə də sözügedən iddiaya İsmayıllı Rayon Məhkəməsində baxılmalı olduğunu bildirdilər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların ifadələrini nəzərdən keçirərək, hesab edir ki, hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndrilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda sözügedən Qərarda göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki, İddiaçı2 31.08.2009-cu il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3100, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Cavanşir küçəsidir. Fəaliyyətini müvəqqəti dayandırmışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı1 17.02.2021-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3100, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Məshəti küçəsi, ev 24-dür. Statusu aktivdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar 2020-ci ilin sonlarında İsmayıllı rayon ərazisində fermer təsərrüfatı qurmaq məqsədi ilə cavabdeh X1 müraciət etmiş və xaricdən südlük inək cinslərinin gətirilməsi işində Kənd Təsərrüfatı Nazirliyinin onlara yardım etməsi barədə vasitəçilik etməsini xahiş etmişlər. Ehtiyac Hüseynovun isə sözügedən məsələ ilə bağlı iddiaçlardan ümumilikdə 21.950 manat pul aldığı qeyd edilmişdir. Göründüyü kimi tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı, olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (fermer təsərrüfatı yaratmaq) də məhz sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə prosessual qanunvericiliyin tələbinə və yuxarıda qeyd edilən Plenum qərarına əsasən hesab edir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onların hüquq münasibətlərinə başladığı zaman hüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmalarını, tərəflərin hüquqi ünvanlarının İsmayıllı rayonu olmasını və sözügedən hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasını nəzərə alaraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məhkəmə, şərh olunanlara əsasən, hazırki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair 2(037)-337/2022 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-337/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-337/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver