Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-361/2022 18.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İsrəfı̇ lov Elsevər Şaxtar oğlunun Cavabdeh Nadı̇ r oğluna qarşı borc pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 18 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsrəfı̇ lov Elsevər Şaxtar oğlu (bundan sonra iddiaçı) Cavabdeh Nadı̇ r oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən borc olaraq verdiyi 700 manat və ödənilmiş 30 manat dövlət rüsumu – cəmi 730 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh onun uzaq qohumudur. 2021-ci ilin aprel ayında cavabdeh ona müraciət edərək satlıq damazlıq inəyinin olduğunu bildirərək müştəri tapmağını xahiş etmişdir. O, həmkəndlisi Şamil adlı şəxsə bu barədə məlumat vermişdir. Şamil cavabdehlə inəyi 1200 manata razılaşaraq satın almışdır. Lakin üç-dörd gün sonra Şamil ona inəyin yaxşı çıxmadığını və qaytarmaq istədiyini bildirmişdir. O, cavabdehə bu barədə məlumat vermişdir. Cavabdeh gəlib inəyi aparanda pulun 500 manatını qaytarmış, qalan 700 manatı isə borclu qalmışdır. Cavabdeh inəyin qalan pulunu heyvan almaq üçün xərclədiyini, ona görə də qalan 700 manatı mümkündürsə Şamilə onun ödəməyini və 10-15 günə həmin pulu ona tam ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanaraq həmin pulu Şamilə ödəmişdir. Lakin həmin vaxtdan on aydan artıq müddət ötməsinə baxmayaraq cavabdeh onun pulunu ödəməmiş və sonuncu dəfə cavabdehdən pulunu tələb etdikdə ümumiyyətlə pulu ödəməyəcəyini bildirmişdir. Cavabdehdən borc olaraq verdiyi 700 manat və ödənilmiş 30 manat dövlət rüsumu – cəmi 730 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə iştirakı olmadan baxılmasını qərara almışdır. 17 fevral 2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Nadı̇ r oğlundan 700 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 730 (yeddi yüz otuz) manat alınaraq iddiaçı İsrəfı̇ lov Elsevər Şaxtar oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-361/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-361/2022
18.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver