Məhkəmə qərarları › İş №2(037)-362/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-362/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-362/2021 29.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə 29 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş 1660 manat və 1000 manat ziyan, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2690 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 oktyabr 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda hərəkətdə olarkən qəflətən yola iri buynuzlu mal heyvanı çıxmış və o, hadisədən yayına bilməyərək həmin malı vurmuşdur. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Avtomobili saatda 60-70 km saat sürətlə idarə etmiş və hava qaranlıq olduğundan mal heyvanını görməmişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş maddi ziyan heyvanın sahibi Cavabdeh tərəfindən ödənilməmişdir. Ziyanın müəyyən edilməsi üçün "xxxx" ASC-nin İsmayıllı filialına müraciət etmiş və "xxxx" ASC-nin İsmayıllı filialının 30 oktyabr 2020-ci il tarixli, 59 nömrəli arayışında “Mercedes Benz” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınına 1660 manat məbləğində maddi ziyan dəydiyi hesablanmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və ona dəymiş zərərin əvəzi olaraq 3500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkün düşmüş və müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunda məskunlaşmışdır. Heç bir yerə işləmir, yeganə gəlir yeri, iri heyvandarlıqla məşğul olmasıdır. 29 oktyabr 2020-ci il tarixdə saat 23:30 radələrində təsərrüfatında olan bir baş inəyi İddiaçı idarə etdiyi avtomobillə Qəbələ-İsmayıllı yolunda vurmuş və mal tələf olmuşdur. Həmin heyvanın orta bazar qiyməti 2500-3000 manat təşkil edir. Ona dəymiş ziyan İddiaçı tərəfindən ödənilməmişdir. O, malı yolda nəzarətsiz qoysa da hadisədə sürücünün günahı olmuşdur. İddiaçı avtomobili yüksək sürətlə idarə etmiş, optik eynəkdən istifadə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə də hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ilkin və qarşılıqlı iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki,ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)- 387/2020 saylı, 13.11.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində inzibati cərimə edilmiş və İddiaçı idarə etdiyi “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunmuş, Şəki Apelyasiya Məhkəməsinin 3(107)-300/2020 saylı, 10.12.2020-ci il tarixli qərarından görünür ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-387/2020 saylı, 13.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, “Mercedess Benz” markalı avtomobilə maddi zərər dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli, 59 nömrəli arayışdan görünür ki, “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 1660 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyindən görünür ki, “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1515 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda ilkin iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, cavabdeh ona məxsus heyvanın sahibi olaraq üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş, qanunvericiliyin tələblərini pozaraq iddiaçıya ziyan vurmuşdur. Ona görə də Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyi ilə razılaşaraq, sözügedən rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, rəydə müəyyənləşdirilmiş 1515 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 1000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də, hazırkı mübahisə üzrə cavabdehin 1000 manat ziyan vurmasını sübutetmə yükü ilkin iddia üzrə iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbinin 1000 manat maddi ziyan hissəsi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini belə əsaslandırır ki, o, malı yolda nəzarətsiz qoysa da hadisədə sürücü İddiaçı günahı olmuşdur. İddiaçı avtomobili yüksək sürətlə idarə etmiş, optik eynəkdən istifadə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə də hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrində və sözügedən mübahisə ilə bağlı istinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə araşdırması zamanı tələbi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu (yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulmaqla), zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər, o cümlədən, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbini əsaslandıran hallara dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı sözügedən mübahisə üzrə Cavabdeh təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar ilkin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalı, 100 manat məhkəmə əmtəəşünaslıq ekspertizası xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddiası qismən təmin edilsin və Cavabdeh 1550 manat və ödənilmiş 30 manat dövlət rüsümü olmaqla, ümumilikdə 1580 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi" tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar