Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-374/2021 02.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə 02 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh3 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh2 (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 1821.29 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumunun “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2016-cı il tarixli **********6917 saylı kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% dərəcəsi ilə 24 ay müddətinə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 167 ABŞ dolları məbləğində olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşlar. Kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulsa da, Cavabdeh1 üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, 11.03.2021-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği əsas borc üzrə 1821.29 ABŞ dolları təşkil etmiş və əsas borc məbləğinə faiz və cərimə məbləğləri hesablanmamışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək kredit borcunu ödəməmişdir. Cavabdehlərdən müştərək qaydada 1821.29 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumunun “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə birinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İkinci və üçüncü cavabdehlər iddia tələbini qəbul etmədiklərini bildirdilər və izahat verərək göstərdilər ki, “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə birinci cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsinin təminatı kimi onlarla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Onların zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrası müddəti bitmişdir. Ona görə də onların zaminliklərinə xitam verilməsini və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı tərəfindən birinci cavabdehə illik 25% dərəcəsi ilə 24 ay müddətinə 3100 ABŞ dolları məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə “FİNCA Azerbaijan” MM Qeyri Bank Kredit Təşkilatı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin kimi ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 11 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehin 11 mart 2021-ci il tarixinə 1821.29 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə olmaqla, ümumi yaranmış borcu 1821.29 ABŞ dolları məbləğində olmuşdur. 31 mart 2021-ci il tarixli **********23 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və ikinci və üçüncü cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə birinci cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 25% dərəcəsi ilə 24 ay müddətinə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. Birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. “FİNCA Azerbaijan” MM Qeyri Bank Kredit Təşkilatı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin kimi ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 11 mart 2021-ci il tarixli maliyyə arayışında 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehin 11 mart 2021-ci il tarixinə 1821.29 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə olmaqla, ümumi yaranmış borcu 1821.29 ABŞ dolları məbləğində olmuşdur. İddiaçı cavabdehlərdən müştərək qaydada 1821.29 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumunun tutulmasını tələb edir. Birinci cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. İkinci və üçüncü cavabdehlər iddia tələbini qəbul etmirlər, onların zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrası müddətinin bitdiyini bildirərək zaminliklərinə xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, iddiaçı 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsi üzrə 1821.29 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz və 0 ABŞ dolları cərimə olmaqla, cəmi 1821.29 ABŞ dolları kredit borcunu Cavabdeh1 tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 24 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminlərə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 29 iyun 2018-ci il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək yəni, 29 iyun 2020-ci ilədək qaldıra bilərdi.İddiaçı cavabdeh zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onların zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən, 29 iyun 2016-cı il tarixli, **********6917 saylı kredit müqaviləsi üzrə birinci cavabdehdən həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 1821.29 ABŞ dolları əsas borc məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin birinci cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 1821.29 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumu məbləği iddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-374/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-374/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver