Məhkəmə qərarları › İş №2(037)-38/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-38/2021

05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-38/2021 05.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Avro-Ası̇ ya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Mı̇ rzaliyev Qurban Qardaşxan oğluna qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 05 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Avro-Ası̇ ya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdeh Mı̇ rzaliyev Qurban Qardaşxan oğlundan (bundan sonra cavabdeh) odəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə dəymiş 5000 avro məbləğində ziyan və 30 manat dövlət rüsumunun alınaraq Avro-Ası̇ ya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına köçürlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclası iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış və cavabdeh sürücü kimi işə götürülmüşdür. Cavabdeh 13 may 2019-cu il tarixdə Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və avtomaşına ziyan dəymişdir. Baş vermiş qəzadan sonra cavabdeh avtomaşını hadisə yerində qoyaraq qaçmış və iş yerinə gəlməmişdir. Cavabdehin təqsiri üzündən iddiaçıya 5000 avro məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehə dəfələrlə ziyanın könüllü şəkildə ödənilməsi təklif edilsə də nəticəsi olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə onun təqsiri üzündən dəymiş 5000 avro məbləğində ziyan və 30 manat dövlət rüsumunun alınıb Avro-Ası̇ ya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına köçürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Avro-Ası̇ ya İnşaat Korporası̇ yasi "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyətində sürücü işləmişdir. 13 may 2019-cu il tarixdə Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomaşına maddi ziyan dəymişdir. İddiaçı tərəfindən tələb olunan maddi ziyan məbləği çox hesablanmışdır. İddiaçı hazırda avtomaşına dəymiş ziyanı ondan tələb edir, lakin maddi imkanı yaxşı olmadığından ödəyə bilməmişdir. İddiaçı əgər onu işlə təmin edərsə maddi ziyan məbləğinin əmək haqqından tutulmasına razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 01 iyun 2012-ci il tarixli 7153 nömrəli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “Azərkörpü ASC tərəfindən X1 6-cı dərəcəli sürücü kimi işə götürülmşdür. 13 may 2019-cu il tarixli nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsi haqqında aktın tərcümə edilmiş surətindən görünür ki, “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşının bərpa edilməsi 5000 avro məbləğində təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2042 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 13 may 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9600 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 15 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 13 may 2019-cu il tarixdə cavabdeh Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda tikinti sahəsində iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş qəza nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. İddiaçı tərəfindən dəymiş ziyanın məbləği 5000 avro müəyyən edilmiş və cavabdehə həmin məbləğin könüllü şəkildə ödənilməsi təklif edilsə də nəticəsi olmamışdır. İddiaçı cavabdehdən ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə onun təqsiri üzündən dəymiş 5000 avro məbləğində ziyan və 30 manat dövlət rüsumunun alınıb Avro-Ası̇ ya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına köçürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh 13 may 2019-cu il tarixdə Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi zamanı həmin avtomaşına maddi ziyan dəydiyini, maddi ziyan məbləğinin çox hesablandığını və iddiaçı əgər onu işlə təmin edərsə maddi ziyan məbləğinin əmək haqqından tutulmasına razı olduğunu bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh dəymiş ziyan məbləği ilə razı olmadığından məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2042 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan 13 may 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9600 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə; c) bəndinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin məzmununa görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 204-cü maddəsinin məzmununa görə işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Tərəflər arasında bağlanmış 01 iyun 2012-ci il tarixli 7153 nömrəli əmək müqaviləsinin 5-ci maddəsinin məzmununa görə bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən ziyan könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 13 may 2019-cu il tarixdə Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Cavabdehin iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması faktı məhkəmə iclasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinə və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən cavabdeh vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddi ziyan məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2042 nömrəli ekspert rəyinə əsasən 9600 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və qərara gəlir ki, iddia tələbi qismən – 9600 manat məbləğində təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının hesabına köçürülməldir. İş üzrə ekspertiza xərci olan 100 manat məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mı̇ rzaliyev Qurban Qardaşxan oğlundan 9600 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu – cəmi 9630 (doqquz min altı yüz otuz) manat alınaraq iddiaçı Avro- Ası̇ ya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına köçürülsün. Cavabdeh Mı̇ rzaliyev Qurban Qardaşxan oğlundan 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar