Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-384/2023 15.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu aldadaraq satdığı torpaq sahəsinin hazırkı bazar qiyməti ilə dəyəri 14250 manat və dövlət rüsumu kimi ödədiyi 133 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2015-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyərkən həmin şöbədə işləyən X18 kəndində yaşayan və İsmayıllı rayon Soltankənd kəndinin Bələdiyyə sədri vəzifəsində işləyən Cavabdeh özünə və ailə üzvlərinə məxsus olan 3 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir.O,Cavabdeh satmaq istədiyi torpaq sahəsi ilə maraqlanmış, əgər münasib yerdə olarsa almaq qərarına gəlmiş və istəyini Azər Bədəlova bildirmişdir. O, Azər Bədəlov vasitəsilə Cavabdehla tanış olmuş və sonuncu özünə və ailə üzvlərinə məxsus olan pay torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. Niyazi ilə aralarında torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Niyazi 3 hektar pay torpaq sahəsini hər hektarı 1000 manatdan olmaqla, 3000 manata ona satmağı, əvəzində isə o torpaq sahəsinin alğısatqısı üçün verməli olduğu 3000 manat pulun 2000 manatını əvvəlcədən, qalan 1000 manatını isə alğı-satqı zamanı verməyi öhdəsinə götürmüşdür. Niyazi aralarında olan razılaşmaya əsasən özünə və ailə üzvlərinə məxsus 3 hektar pay torpaq sahəsini yerində ölçərək ona təhvil vermiş və o da razılaşmaya əsasən Niyaziyə 2000 manat pul vermiş,sonradan Niyazi problemlərinin olduğunu bildirərək ondan qalan 1000 manat pulu da istəmiş, o da Niyaziyə 500 və 200 manat olmaqla,ümumilikdə 2700 manat pul vermişdir. Həmin vaxtdan torpaq sahəsini əkib becərmiş,arada iki il imkanı olmadığından icarəyə vermiş və son 2022-ci il tarixinə kimi heç bir mübahisəsiz öz əmlakı kimi istifadə edərək əkib becərmişdir. Həmin vaxt aldığı torpaq sahəsinin sənədləşməsini aparmağa mane olan hal, Niyazinin atasının vəfat etməsi və vərəsəlik işinin açılmaması olmuşdur. Vərəsəlik işinin açılması üçün Niyazinin anasının doğum şəhadətnaməsi tələb olunmuş, anası həmin sənədi itirdiyindən doğum qeydi üçün məhkəməyə müraciət edilməli olmuş və qeyd edilən hallara görə aldığı torpaq sahəsinin alğı-satqı işi uzanmış və torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir.Niyazi torpaq sahəsini yerində ona naturada təhvil verərkən mülkiyyət sənədini də ona təhvil vermişdir. Bir neçə ildən sonra Niyazi ona müraciət edərək torpaq sahəsinin mülkiyyət sənədində ona satdığı 3 hektardan əlavə olan torpaq sahəsini Səbuhi adlı şəxsə satdığını, sonuncu torpaq sahəsinin alğı-satqısına mane olan halları özü aradan qaldıracağını deməsini bildirərək torpaq sahəsinin sənədini ondan istəmiş, o da cavabdehə inanaraq torpaq sahəsinin sənədini Səbuhi adlı şəxsin göndərdiyi şəxsə vermişdir. 2022-ci ildə Niyazi ona faktiki mülkiyyətində olan 3 hektar torpaq sahəsini 2015-ci ildə yerində ona təhvil verilərkən səhvə yol verdiyini, əmisinin mülkiyyətində olan torpaq sahəsini ona verdiyini,həmin ərazini bu il əkməməyini və ona başqa yerdən özünə məxsus olan torpaq sahəsini yerində ölçüb verəcəyini bildirmişdir.O, yenə də Niyaziyə inanmış, 2015-ci ildə ona ölçüb verdiyi torpaq sahəsini əkməmiş və gözləmişdir ki, Niyazi ona başqa ərazidən torpaq sahəsi verəcəkdir. Ancaq Niyazi ona başqa ərazidən torpaq sahəsi verməmiş, əvəzində isə onu aldadaraq telefon zənglərinə cavab verməmişdir. Niyazi ona nə 2015-ci ildə satdığı torpaq sahəsini, nə də torpaq sahəsinin alğı-satqısı üçün verdiyi pulu ona geri qaytarmaq istəmir.O,torpaq sahəsinin faktiki bazar qiymətini öyrənmək üçün "xxxx" MMC-yə müraciət etmiş və oradan alınmış rəydən göründüyü kimi torpaq sahəsinin hazırkı dövr üçün ərazi üzrə bir hektarının bazar dəyəri 4750 manat təşkil edir.O,cavabdehdən torpaq sahəsini alanda həmin ərazilərdə bir hektar torpaq sahəsinin orta bazar qiyməti 1000 manat idisə, indi həmin ərazilərdə bir hektar torpaq sahəsinin bazar qiyməti 4750 manat olmaqla, 3 hektar onun faktiki mülkiyyətinə verilmiş torpaq sahəsinin cəmi dəyəri 14250 manat təşkil edir.O,cavabdehdən onu aldadaraq satdığı torpaq sahəsinin hazırkı bazar qiyməti ilə dəyəri olan 14250 manat və dövlət rüsumu kimi ödədiyi 133 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi/Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır.İddiaçı qaynıdır, cavabdehi isə 2015-ci ildə iddiaçı vasitəsilə tanımışdır.2015-ci ildə iddiaçı ona Uştal kəndi ərazisində hektarı 1000 manatdan olmaqla, 3000 manata 3 hektar torpaq sahəsi satıldığını və həmin torpaq sahəsini almaq istədiyini bildirmiş, o da iddiaçıya almaq istədiyi torpaq sahəsinin qiymətinin yaxşı olduğunu bildirərək, əgər həmin qiymətə ala bilərsə almağını məsləhət görmüşdür. İddiaçı onun yanında cavabdehə 3 hektar torpaq sahəsinin alğı-satqısı üçün əvvəlcə ilkin olaraq 2000 manat pul vermiş, cavabdeh isə əvəzində özünə və ailə üzvlərinə məxsus olan 3 hektar torpaq sahəsini yerində ölçərək iddiaçıya təhvil vermişdir.Cavabdeh sonradan iddiaçıya müraciət edərək problemlərinin olduğunu bildirərək torpaq sahəsinin alğı-satqısı üçün ödənilməli olan qalan 1000 manat pulu da istəmişdir. İddiaçı ondan 500 manat borc alaraq və 200 manat da özündən qoyaraq cavabdehə vermişdir. İddiaçı onun yanında cavabdehə 3 hektar torpaq sahəsinin alğı-satqısı üçün əvvəlcə 2000 manat,sonradan isə 500 və 200 manat olmaqla, ümumilikdə 2700 manat pul vermişdir.İddiaçı cavabdehdən aldığı 3 hektar torpaq sahəsini 2015-ci ildən 2022-ci ildək özü əkib becərmişdir. İşdə olan JN-0045 KOD 40710038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayon Uştal kənd sakinləri X9, X1, Cavabdeh, X5, X6 və X2 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Uştal kəndi ərazisindən 5.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və Dövlət Aktı iki nüsxədə tərtib olunaraq bir nüsxəsi X3 verilmişdir. İşdə olan "xxxx" MMC-nin 28 dekabr 2022-ci il tarixli 18 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu, Uştal kəndində yerləşən X9,X4,Cavabdeh,X7,X6 və X2 birgə mülkiyyətlərində olan 3 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə son 1 il ərzində dənli taxıl bitkisinin (buğda,arpa) əkilməsindən əldə olunmuş xalis gəlirin məbləği 780 manat və həmin torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiyməti isə 4750 x 3 ha=14250 manat həddindədir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, "xxxx" MMC-nin texniki araşdırma və qiymətləndirmə rəyini nəzərdən keçirib,təqdim edilən sübutları tədqiq edərək,iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki tələb üzrə iddianın 14250 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəf və şahid ifadələrindən də göründüyü kimi, 2015-ci ildə cavabdeh özünə və ailə üzvlərinə məxsus torpaq sahəsinin 3 hektarını yerində ölçərək iddiaçıya təhvil vermiş, əvəzində isə iddiaçıdan torpaq sahəsinin alğı-satqısı üçün əvvəlcə 2000 manat,sonradan isə 500 və 200 manat olmaqla,ümumilikdə 2700 manat məbləğində pul almışdır.Cavabdeh sonradan iddiaçıya başqa ərazidən torpaq sahəsi verəcəyini bildirməklə,2015-ci ildə iddiaçıya təhvil verdiyi torpaq sahəsini başqa şəxsə satmışdır. Cavabdehin 2015-ci ildə iddiaçıya təhvil verdiyi 3 hektar torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri hər hektarı üçün 4750 manat olmaqla, ümumilikdə 14250 manat təşkil edir. İddiaçı cavabdehdən 2015-ci ildə təhvil verdiyi 3 hektar torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri olan 14250 manat məbləğini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır.İlk baxışda tərəflər arasında ilkin müqavilə bağlandığı kimi görünsə də, əslində ilkin müqavilənin formasına dair qaydalara əməl edilmədiyi üçün onun əhəmiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu,mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa,tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır.Belə ki,tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir.Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir.Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur.Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə,iddia tələbi həmin hissədə təmin olunaraq 1 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 4750 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 14250 manat satdığı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləği də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14250 manat satdığı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri və 133 manat dövlət rüsumu olmaqla,cəmi 14383 manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-384/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-384/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver