Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-386/2021 21.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3481 manat 75 qəpik əsas, 335 manat 45 qəpik faiz, 33 manat 32 qəpik cərimə - cəmi 3850 (üç min səkkiz yüz əlli) manat 52 (əlli iki) qəpik kredit borcunun və 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 48 faiz dərəcəsi ilə 22 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Ödəniş qrafiki əsasında cavabdeh borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməmişdır. 15 mart 2021-ci il tarixədək cavabdehin banka 3481,75 manat əsas, 335,45 manat faiz, 33,32 manat cərimə olmaqla cəmi 3850,52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. İddiaçı cavabdehdən 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3481 manat 75 qəpik əsas, 335 manat 45 qəpik faiz, 33 manat 32 qəpik cərimə - cəmi 3850 (üç min səkkiz yüz əlli) manat 52 (əlli iki) qəpik kredit borcunun və 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X1 məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi X1 izahat verərək göstərdi ki, iddiaçı onun qızıdır. Qızı 2019-cu ildə iddiaçı ilə müqavilə bağlayaraq kredit götürmüşdür. Bir müddət müqavilə üzrə ödənişlər etsə də, sonradan yaranmış mövcud vəziyyətlə əlaqədar iş yerləri bağlandığından qızı işdən çıxmış, maddi vəziyyəti çətinləşdiyindən borcunu ödəyə bilməmişdir. Kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə etirazı yoxdur. Qızı kredit borcunu hissə-hissə ödəyə biləcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Tərəflər arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli 6-Y-2-0-230-19 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. 07 yanvar 2019-cu il tarixli 6-Y-2-0-230-19 nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 48 ay müddətində 5000 manat əsas və 2561,44 manat faiz borcu, cəmi 7561,44 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 22 noyabr 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “xxxx” X3 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 02 mart 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə ona xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. 15 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 07 yanvar 2019-cu il tarixli müqavilə üzrə 3481,75 manat əsas, 335,45 manat faiz və 33,32 manat cərimə borcu vardır. 17 mart 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan qrafikə əsasən cavabdeh müqavilə ilə müəyyən edilmiş 48 ay müddətində 5000 manat əsas və 2561,44 manat faiz, cəmi 7561,44 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsində iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. “xxxx” X3 Səhmdar Cəmiyyətinin adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək 22 noyabr 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Kredit müqaviləsində kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Cavabdehin 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3481,75 manat əsas və 335,45 manat faiz borcu qalmışdır. Borcun gecikdirilməsinə görə 33,32 manat dəbbə pulu hesablanmışdır. İddiaçı cavabdehdən 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3850 (üç min səkkiz yüz əlli) manat 52 (əlli iki) qəpik kredit borcunun və 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi, 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti və ona hesablanmış faizləri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 07 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3481,75 manat əsas, 335,45 manat faiz, 33,32 manat cərimə və və 30 manat dövlət rüsumu, cəmi 3880 (üç min səkkiz yüz səksən) manat 52 (əlli iki) qəpik məbləği alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 yanvar 2019cu il tarixli 6-Y-2-0-230-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-386/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-386/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver