Məhkəmə qərarları › İş №2(037)-386/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-386/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-386/2023 08.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı İlyaslı Elməddı̇ n Araz oğlunun, Cavabdeh Bəbı̇ rov Rəsul Eynulla oğlunun iştirakı ilə İddiaçı İlyaslı Elməddı̇ n Araz oğlunun cavabdeh Bəbı̇ rov Rəsul Eynulla oğluna qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 08 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İlyaslı Elməddı̇ n Araz oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bəbı̇ rov Rəsul Eynulla oğlundan (bundan sonra cavabdeh) 4070 (dörd min yetmiş) manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehi İsmayıllı rayon sakini kimi tanımışdır. Cavabdeh 2021-ci ilin noyabrın 24-dən 25-nə keçən gecə İsmayıllı şəhəri, Natəvan küçəsi ev 13 ünvanında yerləşən təzə inşa etdirdiyi, lakin yaşayış üçün yararlı halda olmayan və heç kəsin yaşamadığı fərdi yaşayış evindən gecə vaxtlarında oğurluq etmişdir. Məlum olmuşdur ki, oğurluğu Cavabdeh törətmişdir, yəni istintaq və məhkəmə bu nəticəyə gəlmişdir. Oğurluq nəticəsində cavabdeh fərdi yaşayış evində yerləşən hər birinin dəyəri 100 manat olmaqla 2 ədəd Türkiyə istehsalı olan prefaratoru, dəyəri 60 manat olan bir ədəd Rusiya istehsalı İaqondanı (kəsici alət), dəyəri 100 manat olan bir ədəd Rusiya istehsalı üç gözlü elektrik paylayıcısını, dəyəri 70 manat olan 6 mm qalınlığında işlədilməmiş artıq qalan elektrik kabelini, dəyəri 35 manat təşkil edən 50 metr uzunluğunda 2,5 mm qalınlığında işlədilməmiş artıq qalan elektrik kabelini oğurlamış, evə quraşdırdığı bütün elektrik sistemini və naqilləri söküb-dağıtmaqla ona ümumilikdə 4070 manat məbləğində maddi zərər vurmuşdur. O, ilk dəfə elektrik naqillərini topu 45-50 manat olanda almış, oğurluq hadisəsindən sonra naqillərin topunu 70-75 manatdan almışdır. Belə ki, o, elektrik sisteminin quraşdırılması üçün lazım olan materialları İsmayıllı şəhərində yerləşən "İzmir tikinti” mağazasından almışdır. İddia ərizəsinə əlavə etdiyi 1000 manatlıq qaimə faktura qəbzi ilk dəfə elektrik naqillərini alarkən, 1205 manatlıq qaimə faktura qəbzi isə ikinci dəfə elektrik naqillərini alarkən həmin mağaza tərəfindən ona verilmişdir. Elektrik sisteminin çəkilməsi üçün ustaya 700 manat haqq ödəmiş və yenidən də 700 manat ödəməlidir. Cavabdeh isə ona yalnız 500 manat ödəmiş, qalan zərəri də ödəyəcəyinə söz versə də, bu günədək ödəməmişdir. Belə ki, istintaq zamanı istintaqçı ona 465 manat məbləğin ödənilməsi barədə ərizəyə imza etdirərkən onu inandırmışdır ki, vurulan zərərin qalanı da məhkəmədə ödətdiriləcəkdir. Cavabdeh evinə girdiyini, evin divarlarını dağıtdığını boynuna almasa da, cinayət işinin araşdırmasında, məhkəmə hökmlərində cavabdeh evinə girdiyini, oğurluq etdiyini etiraf etmişdir. Həmçinin cavabdehin atası həmin vaxt ona zəng edərək pulu ödəyəcəyini söz vermiş və Rəsuldan şikayətçi olmamağını xahiş etmişdir. O, cavabdehdən cinayət nəticəsində ona vurduğu 4070 (dörd min yetmiş) manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçını İsmayıllı şəhər sakini kimi tanımış, evində işləmiş, münasibətləri yaxşı olmuşdur. O, iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarını dağıtmamış, naqilləri oğurlamamış, bunu dörd dəfə əməliyyatçılara, iki dəfə müstəntiqə, on dəfə məhkəmədə verdiyi ifadələrində də bildirmişdir. Sözügedən evdən ancaq təmir alətləri götürmüş, məhkəmə qərarında həmin alətlərin dəyəri 465 manat məbləğində müəyyən olunmuş və həmin məbləği də iddiaçıya ödəmişdir. İddiaçının tələb etdiyi 4070 manat pulu ödəyə bilməyəcək. O, hazırda heç bir yerdə işləmir, həmin pulu ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, iddiaçı onun oğludur. Nə oğlunun, nə də onun cavabdehə və atasına pisliyi dəymişdir. Oğlu cavabdehi yanında işlətmiş, zəhmət haqqısını kəsməmiş, vaxtında vermiş və borclu qalmamışdır. Cavabdeh evin divarlarını dağıtmadığını, naqilləri kəsib qırmadığını, evdən yalnız tikinti alətlərini oğurladığını bildirsə də, cinayət işinin araşdırmasında və məhkəmə hökmlərində cavabdehin oğluna məxsus fərdi yaşayış evinin divarlarını, döşəməsini, tavanını dağıtdığı, elektrik naqillərini və digər alətləri oğurladığı sübut olunmuşdur. Cavabdehin etiraf etdiyi 465 manat məbləğ evdən oğurladığı tikinti alətlərinin dəyəridir. Hər kəs hazırda 6 otaqdan ibarət ümumi sahəsi 125 kvadrat metr olan evə, ustanın haqqı da daxil olmaqla nə qədər vəsait sərf olunmasını bilər. Onlar həmçinin evi təkrar bərpa etmişlər. Usta ona hörmət edərək evi bərpa etməyə 700 manat pul almışdır. Onlar hələ də tikinti materialları satılan dükana borclu qalmışlar. Oğurluq hadisəsi olmasaydı, oğlu həmin evə 1 aya köçəcəkdi, hadisədən 1 il 5 ay keçməyinə baxmayaraq hələ də oğlu ailəsi ilə evlərinə köçə bilməyib. Şahid2 ifadə verərək göstərdi ki, iddiaçının qardaşı onun evində mətbəx mebeli bağlamış, iddiaçı ilə tanışlığı da həmin vaxtdan yaranmışdır. Özü elektrik ustası və sanitexnikdir. O, iddiaçıya məxsus evdə elektrik işləri görmüş və gördüyü işə görə iddiaçıya hörmətə 700 manat haqq almışdır. Elektrik naqillərini iddiaçı tərəf almışdır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2021-ci il tarixli ******* nömrəli və 10 mart 2022-ci il tarixli ******* nömrəli qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən elektrik naqillərinin alınması üçün ilk dəfə 1000 manat məbləğ, təkrar 1205 manat məbləğ ödənilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında olan elektrik naqilləri kəsilərək çıxarılmışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 1(037)-35/2022 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Belə ki, iş materiallarından, tərəflərin izahatlarından və şahidlərin ifadələrindən görünür ki, cavabdeh iddiaçıya məxsus evdə usta işləmişdir. xx.xx.2021-ci il tarixdə, saat 19 radələrindən xx.xx.2021-ci il tarixə, saat 09 radələrinədək olan müddət ərzində Bəbı̇ rov Rəsul Eynulla oğlu İddiaçı mülkiyyətində olan və saxlanc yeri hesab edilən İsmayıllı şəhəri, Natavan küçəsi, 13 saylı ünvanda yerləşən ətrafı hasarlanmış və dəmir qapısı olan fərdi yaşayış evinin və saxlanc yeri hesab olunan tikilinin içərisinə qanunsuz daxil olmaqla, oradan hər birinin dəyəri 100 manat təşkil edən, Türkiyə istehsalı olan 2 ədəd preferatoru, dəyəri 60 manat təşkil edən Rusiya istehsalı olan 1 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən Rusiya istehsalı olan 3 gözlü 1 ədəd elektrik paylayıcısını, dəyəri 70 manat təşkil edən 100 metr uzunluğunda, qalınlığı 6 millimetr olan elektrik kabelini, dəyəri 35 manat təşkil edən 50 metr uzunluğunda, qalınlığı 2,5 millimetr olan elektrik kabelini qəsdən gizli olaraq talayıb İddiaçı ümumilikdə 465 (dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Cavabdeh 465 manat maddi ziyan məbləğini iddiaçıya ödəmişdir. Bu göstərilənlər işin mübahisəsiz halıdır. İddiaçı həmçinin ona məxsus fərdi yaşayış evinin divarlarında olan elektrik naqillərinin kəsilərək aparıldığını, ilk dəfə 1000 manat dəyərində, oğurluqdan sonra təkrar 1205 manat dəyərində elektrik naqilləri aldığını, evin divarlarının dağıldığını, evin yenidən təmir edildiyini və bunun üçün ustaya 700 manat haqq ödədiyini iddia edir və ümumilikdə 4070 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin saxlanc yeri hesab olunan tikilinin içərisindən 465 manat dəyərində alətləri oğurladığını və həmin maddi ziyan məbləğini iddiaçıya ödədiyini, göstərdiklərindən başqa evdən elektik naqili oğurlamadığını, evin divarlarına, tavanına zərər vurmadığını bildirirək, iddia tələbinin rədd olunmasını xahiş edir. Hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Tərəflərin izahatlarından, şahidlərin ifadələrindən, iş materiallarına əlavə edilmiş qaimə fakturalar və fotoşəkillərdən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin divarlarında və tavanında elektrik naqilləri quraşdırılmış, həmin naqillər iddiaçı tərəfindən 11 sentyabr 2021-ci il tarixdə 1000 manata alınmışdır. Bu fakt iddia ərizəsinə əlavə olunmuş 11 sentyabr 2021-ci il tarixli ******* nömrəli qaimə faktura ilə, oğurluq nəticəsində həmin elektrik naqillərinin kəsilərək çıxarılması, evin divarlarının yararsız hala salınması iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş fərdi yaşayış evinin fotoşəkilləri ilə, evin təmiri üçün 700 manat məbləğin sərf olunduğu isə şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. Həmçinin İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 1(037)-35/2022 saylı hökmü ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi dəyəri 70 manat olan 6 mm qalınlığında işlədilməmiş artıq qalan elektrik kabeli və dəyəri 35 manat təşkil edən 50 metr uzunluğunda 2,5 mm qalınlığında işlədilməmiş artıq qalan elektrik kabeli məhkəmənin hökmündə 465 (dörd yüz altmış beş) manat maddi ziyan məbləğinin tərkibində qeyd olunmuş və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 1000 manat dəyərində elektrik naqillərindən 105 manat məbləğ çıxılmaqla, 895 manat məbləğində və evin təmiri üçün ustaya ödənilmiş 700 manat olmaqla, cəmi 1595 manat məbləğində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilən maddələrin tələbləri baxımından iddiaçı dəymiş ziyana görə 1595 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçı elektrik naqillərinin təkrar alınması və evin təkrar təmiri üçün pul tələb etməkdə isə haqlı deyil. Bu hal iddiaçının əsassız varlanmasına gətirib çıxarmış olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61 manat dövlət rüsumu ilə bağlı hər hansı tələb olmadığından iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bəbı̇ rov Rəsul Eynulla oğlundan 1595 (bir min beş yüz doxsan beş) manat maddi zərər məbləği alınaraq iddiaçı İlyaslı Elməddı̇ n Araz oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar