Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-39/2023 01.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Mustafayeva Aı̇ də Əlı̇ kram qızının, Cavabdeh Paşayeva Lamı̇ yə Ası̇ f qızının iştirakı ilə İddiaçı Mustafayeva Aı̇ də Əlı̇ kram qızının cavabdeh Paşayeva Lamı̇ yə Ası̇ f qızına qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 01 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borc olaraq verdiyi 3100 manat və ödənilmiş 51 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3151 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehi İsmayıllı şəhər sakini kimi əvvəldən tanımış, normal münasibətdə olmuşlar. 2021-ci ilin fevral ayında cavabdehin müraciəti ilə ona aylıq 20 faiz əlavə ödəniş olmaqla 500 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulu aylıq 20 faiz ödəməklə bir neçə aya qədər qaytaracağına söz versə də təxminən bir aydan sonra onun yanına gələrək eyni şərtlərlə yenidən 500 manat borc istəyərək, lotereya oynadığını və növbə ona çatan kimi borcunu qaytaracağını bildirmişdir. Cavabdehin sözünə inanaraq ona 500 manat pulu ona vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh 500 manat ödəniş edib yenidən 1500 manat məbləğini aylıq 20 faiz ödəməklə götürmüş. Bir aydan sonra bir ayın 20 faizini ödədikdən sonra 1000 mamat məbləğində pulu qaytarmış və onun 1000 manat borcu qalmışdır. Az müddət keçdikdən sonra cavabdeh onun yanına gələrək ayı 200 manatdan lotereya oynadığını onun da qoşulmasını və növbəsinin dörd aya çatacağını bildirmiş, o da cavabdehə üç ay ardıcıl olaraq hər ay 200 manat olmaqla, ümumilikdə 600 manat pul ödəmiş və dördüncü ay tamamlandıqda o pulu almalı olduğu halda almamış, həmin üç aylıq müddətdə cavabdeh ondan 300 manat dəyərində qızıl sırğa və nağd 300 manat pulunu da alaraq qısa müddətdə ödəyəcəyini bildirmişdir. Bir neçə gündən sonra isə cavabdeh ondan yenidən 600 manat borc alaraq, ümumi borcu 3100 manat təşkil etmişdir. Dəfələrlə borcunu ödəməsini tələb etdikdə heç bir nəticəsi olmamışdır. Məhz bundan sonra o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, cavabdehin dedikləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçıdan aylıq 20 faiz olmaqla 500 manat pulu faizi ilə birlikdə qaytarmış, sonradan 1500 manat götürdüyü puldan may ayında 450 manat faiz qaytarmış və nəticədə 1 ayda 900 manat faiz vermiş və pulun kötüyünü 300 manat sırğa və həftəlik 100 manat lotereya oynamaqla qaytarmışdır. Bildirmək istəyir ki, iddiaçıdan ümumilikdə 4500 manat pul almış və 4800 manat qaytarmış, əlavə olaraq da ona 1600 manatlıq sep vermişdir. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçı o borcunu qaytaran ana qədər demək olar ki onu, anasını dəfələrlə zəng və WhatsApp yazışmaları ilə təsir altında saxlayaraq borcunu tələb etmişdir. Lakin borc tamamilə ödənildikdən sonra iddiaçı onu WhatsAppda blok etmişdir. Əgər onun iddiaçıya borcu qalmış olsa idi, əvvəlki kimi borcunu almaq uçun yaza, zəng edərdi. Onun iddiaçıya borcu qalmamışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Aidə Musatafayeva və Cavabdeh məxsus WhatsApp profillərində olan yazışma mətinlərindən görünür ki, 2022-ci ilin may ayının əvvələrindən iyun ayının sonlarına doğru tərəflər arasında pul alıb-verilməsi məzmunda yazışmalar olmuş, İddiaçı Lamiya Paşayevadan verdiyi pulu tələb etmiş, o isə müxtəlif səbəblər gətirərək borcunu qaytara bilmədiyini, bu istiqamətdə çalışdığını və yaxın zamanlarda borcunu ödəyəcəyini qeyd etmiş, 15 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək müxtəlif vaxtlarda Cavabdeh tərəfindən pulun çatması soruşulmuş, İddiaçı tərəfindən isə pulun çatmasının təsdiq edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 3000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi faktlarla bağlı məhkəməyə cavabdehlə yazışdığını əks etdirən WhatsApp yazışmalarının mətnini təqdim etmiş, həmin mətinlərdəki yazışmalarda 2022-ci ilin may ayının əvvəllərindən başlayaraq, iyul ayının sonuna qədər iddiaçı tərəfindən cavabdehə borcunu qaytarması məzmunda yazışmalar olduğu əks etdirən WhatsApp yazışmaları olmuş, cavabdeh isə məhkəməyə iddiaçı ilə aralarında olan borcun iddiaçı tərəfindən qəbul edildiyi barədə onunla aralarında aparılmış WhatsApp yazışmalarının mətnini təqdim etmiş, həmin mətində 15, 18, 22, 25 iyul və 01 avqust tarixlərində cavabdeh tərəfindən iddiaçının profil hesabına pulun çatması barədə yazısına, İddiaçı tərəfindən pulun çatmasını təsdiqləyici (hə çatıb) şəklində cavab verilmişdir. Məhkəmə iclasında İddiaçı həmin pulların lotereya oynadıqlarından onun payına düşən hissəsinin olduğunu, cavabdeh tərəfindən ona borcu ödənilmədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, 2022-ci ilin may ayından etibarən mütəmadi olaraq iddiaçı tərəfindən cavabdehin WhatsApp profilinə borcunu ödəməsi barədə müxtəlif məzmunlu mesajlar yazması və müxtəlif vaxtlarda və ən son isə 01 avqust 2022-ci il tarixdə iddiaçı tərəfindən borcun ödənildiyi barədə yazıdan sonra cavabdehdən borcun ödənilməsi barədə hər hansı tələbinin olmaması da məhkəmədə iddianın əsassız olması qənaətini yaradır. Belə qənaətə gələrkən məhkəmə onu da qeyd edir ki, iddiaçının 01 avqust 2022-ci il tarixdən sonrakı müddət ərzində alacağı pulunu cavabdehdən tələb etdiyini sübut kimi məhkəməyə şahidlərin gətirilməsi barədə şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin, iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmiş və bu barədə məhkəmədə hər hansı bir əsaslı səbəb göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Mustafayeva Aı̇ də Əlı̇ kram qızının cavabdeh Paşayeva Lamı̇ yə Ası̇ f qızına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-39/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-39/2023
01.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver