Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-418/2023 28.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdeh tərəfindən faktiki aparılmış əmlakın icra vərəqəsi üzrə tələbdən çıxarılmasına dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən faktiki aparılmış 526 manat dəyərində cehiz əmlakı və 120 manat dəyərində şəxsi geyim paltarlarının icra vərəqəsi üzrə tələbdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı 2200 manat dəyərində qızıl-zinət əşyalarının, 4936 manat dəyərində cehiz əmlakının və 120 manat dəyərində geyim əşyalarının tələb edilməsi ilə bağlı iddia qaldırmış, İsmayıllı Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(037)-177/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sözgedən qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2(107)-1510/2020 saylı qətnaməsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi 2200 manat məbləğində qızıl-zinət əşyaları tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(102)- 1657/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2(107)-1510/2020 saylı qətnaməsi qüvvədə qalmışdır. İddiaçı cavabdehin ondan tələb etdiyi 526 manat dəyərində cehiz əmlakını və 120 manat dəyərində geyim paltarlarını faktiki vəziyyətdə ona vermişdir. Həmin cehiz əmlakların verilməsi zamanı videoçəkiliş edilmiş, lakin əmlakların verilməsi rəsmiləşdirilməmişdir. Ona görə də Cavabdeh tərəfindən faktiki aparılmış 526 manat dəyərində cehiz əmlakı və 120 manat dəyərində şəxsi geyim paltarlarının icra vərəqəsi üzrə tələbdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Cavabdeh tərəfindən faktiki aparılmış 526 manat dəyərində cehiz əmlakı və 120 manat dəyərində şəxsi geyim paltarlarının icra vərəqəsi üzrə tələbdən çıxarılması məhkəmənin deyil, məhkəmə qərarını icra edən icra məmurunun səlahiyyətindədir. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı müvafiq ərizəsinə icra üzrə icraat mərhələsində baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh tərəfindən faktiki aparılmış əmlakın icra vərəqəsi üzrə tələbdən çıxarılmasına dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, müvafiq müraciətlə icra işinin aparıldığı icra və probasiya şöbəsinə müraciət etməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdeh tərəfindən faktiki aparılmış əmlakın icra vərəqəsi üzrə tələbdən çıxarılmasına dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-418/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-418/2023
28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver