Məhkəmə qərarları › İş №2(037)-428/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-428/2022

27.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-428/2022 27.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Ələkbərov Elvı̇ n Ehtiram oğluna qarşı pul tələbinə dair mülki işə 27 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Ələkbərov Elvı̇ n Ehtiram oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən vurduğu zərər görə 2285 manat və ödənilmiş 43 manat dövlət rüsumu – cəmi 2328 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 02 avqust 2021-ci il tarixdə cavabdeh İsmayıllı şəhəri (keçmiş Qəzli kəndi) ərazisində onu döyərək qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan təpə-gicgah nahiyəsinin, alın nahiyəsinin, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin hematoması (tramatik şişkinliyi), ön kəsici dişin uc hissəsinin travmatik sınması, hər iki gicgah nahiyyəsinin, sağ qaş qövsünün, sağ dirsək oynağının, sol saidin və oma nahiyəsinin sıyrıqları, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sol qulaq seyvanının, üst dodaq haşiyəsinin, alt dodaq haşiyəsinin, sol bazunun qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri vurmuşdur. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 3(037)-33/2022 nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli -170 manat məbləğində cərimə edilmişdir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(037)- 8/2022 nömrəli qərarına əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 3(037)-33/2022 nömrəli qərarı ilə ona avtomobilinin əzilməsi nəticəsində 85 manat maddi ziyan vurulması müəyyən edilmişdir. O, aldığı xəsarətlərlə bağlı müalicə alması, "MRT", "KATE", "UZİ" aparatlarından keçməsi, müxtəlif qan analizləri verməsi, dərman pereparatları alması üçün ümumilikdə 1000 manat pul xəcləmişdir. Cavabdehin qanuna zidd əməli törədərkən o, Bakı şəhərində "Əsiltam" qənnadı fabrikində sürücü vəzifəsində çalışmış və 600 manat aylıq əmək haqqı almışdır. Cavabdehin ona yetirdiyi xəsarətlər nəticəsində iki ay əmək funksiyasını yerinə yetirə bilməmiş və əmək haqqı almamışdır. Cavabdeh ona avtomobilini əzməklə 85 manat, müalicəmlə bağlı 1000 manat, əldən çıxmış faydaya görə 1200 olmaqla cəmi 2285 manat zərər vurmuşdur. Cavabdehdən vurduğu zərər görə 2285 manat və ödənilmiş 43 manat dövlət rüsumu – cəmi 2328 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 3(037)-33/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli -170 manat məbləğində cərimə edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(037)-8/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 8 noyabr - Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan, hazırkı iş materiallarına da əlavə edilmiş Səhiyyə Nazirliyinin MTE və PAB-nin X2 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmətibbi ekspertizasının 23 avqust 2021- ci il tarixli 307 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan təpə-gicgah nahiyəsinin, alın nahiyəsinin, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin hematoması (travmatik şişkinliyi), ön kəsici dişin uc hissədən travmatik sınması, hər iki gicgah nahiyəsinin, sağ qaş qövsünün, sağ dirsək oynağının, sol saidin və oma nahiyəsinin sıyrıqları, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sol qulaq seyvanın, üst dodaq haşiyəsinin, alt dodaq haşiyəsinin, sol bazunun qançırları küt əşya (alət) təsirindən törənmişdir, 02.08.2021-ci il tarixdə və şəraitdə yəni, kənar şəxs (şəxslər) tərəfindən vurulması nəticəsində törnənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. “X1 Servis Mərkəzi”nin 21 sentyabr 2021-ci il tarixli 052 nömrəli arayışının surətindən görünür ki, 1999-cu il istehsalı, “VAZ-21061” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 85 manat məbləğində ziyan dəymişdir. 28 fevral 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 55 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehdən avtomobilini əzdiyinə ğörə 85 manat, müalicəsi ilə bağlı 1000 manat, əldən çıxmış faydaya görə 1200 olmaqla cəmi 2285 manat və ödənilmiş 43 manat dövlət rüsumu – cəmi 2328 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini və iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməməsini qəbul ediləcək qərarın nəticəsi ilə maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4-cü maddəsinə əsasən zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə iddia tələbinin cavabdehdən avtomobilini əzdiyinə görə 85 manat, müalicəsi ilə bağlı 1000 manat pulun alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 3(037)-33/2022 nömrəli qərarı ilə iddiaçıya avtomobilinin əzilməsi nəticəsində 85 manat maddi ziyan vurulması müəyyən edilmişdir. Cavabdeh müalicə alması, "MRT", "KATE", "UZİ" aparatlarından keçməsi, müxtəlif qan analizləri verməsi, dərman pereparatları alması üçün ümumilikdə 1000 manat pul xəcləməsi barədə məhkəməyə sübut təqdim etməsə də İsmayıllı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(037)-8/2022 nömrəli qərarında və cinayət işin materiallarında olan, hazırkı iş materiallarına da əlavə edilmiş Səhiyyə Nazirliyinin MTE və PAB-nin X2 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli 307 nömrəli rəyindən görünür ki, iddiaçının məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan təpə-gicgah nahiyəsinin, alın nahiyəsinin, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin hematoması (travmatik şişkinliyi), ön kəsici dişin uc hissədən travmatik sınması, hər iki gicgah nahiyəsinin, sağ qaş qövsünün, sağ dirsək oynağının, sol saidin və oma nahiyəsinin sıyrıqları, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sol qulaq seyvanın, üst dodaq haşiyəsinin, alt dodaq haşiyəsinin, sol bazunun qançırları xəsarətləri aşkar edilmişdir və həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının aldığı xəsarətlərlə bağlı müalicə alması üçün 1000 manat məbləğində xərc çəkməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehdən avtomobilini əzdiyinə görə 85 manat, müalicəsi ilə bağlı 1000 manat pulun alınmasına dair hissələrində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 1200 manat pulun alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Bakı şəhərində "Əsiltam" qənnadı fabrikində sürücü vəzifəsində çalışdığını, 600 manat aylıq əmək haqqı aldığını, cavabdehin ona yetirdiyi xəsarətlər nəticəsində iki ay əmək funksiyasını yerinə yetirə bilmədiyini və əmək haqqı almadığını bildirsə də həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da öz təsdiqini tapmadı. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi əldən çıxmış faydaya görə 1200 manat pulun alınmasına dair hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 1085 manatdır. Ona görə də cavabdehdən 1085 manat və həmin məbləğə uyğun olaraq 30,85 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Mülki iş üzrə ödənilmiş 43 manat dövlət rüsumunun 12,15 manatı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ələkbərov Elvı̇ n Ehtiram oğlundan 1085 manat və 30,85 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 1115 (bir min bir yüz on beş) manat 85 (səksən beş) qəpik alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 43 manat dövlət rüsumunun 12,15 manatı İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar