Məhkəmə qərarları › İş №2(037)-433/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-433/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-433/2024 05.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 05 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan 4000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və digər iki nəfər X6 və X1 RPŞ-nə ərizə ilə müraciət edərək, İsmayıllı şəhər sakini Cavabdeh1 və onun kürəkəni Cavabdeh2 onlara qarşı dələduzluq edərək, ümumilikdə 8870 manat pulun alınıb geri qaytarmadıqlarından şikayət əsasında qarşı tərəfdən izahatlar alınmış və Şamaxı RPŞ-nin İstintaq Bölməsinin 01 yanvar 2023-cü il tarixli, HK-1/1456 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.Qərarda Cavabdeh1 və onun kürəkəni Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin qərarda yazılanlardan aşkar olunur ki, cavabdehlər ona və digər şəxslərə olan borclarını etiraf etmişlər. Özünə aid hissədə bildirir ki, cavabdehlərin ona 4000 manat məbləğində borcları vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərdi ki, Cavabdeh1 Şamaxı rayonu, Göylər kənd yolunda yerləşən sexlərin birində dəmirçi işlədiyi müddətdə tanımış, bir neçə dəfə onunla dəmirdən hazırlanan ləvazimatlar almış, eyni zamanda bir müddət onunla birlikdə işləmiş, 2020-ci ildə cavabdeh ona bu gördüyü işi birlikdə şərikli işləmək barədə təklif edərək, ona müəyyən məbləğ pul verməsini, dəmir alınaraq müxtəlif əşyalar hazırlamasını və əldə edilən qazancın aralarında bölünməsini bildirmiş, belə olan təqdirdə o cavabdehə ümumilikdə 2000 manat pul vermiş,sonradan cavabdeh razılaşmanı pozaraq ondan aldığı 2000 manatı və qazancı olan 2000 manat olmaqla ümumilikdə 4000 manatı verməkdən imtina etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, 2020ci ilin yanvar ayından Şamaxı rayonu, Göylər kənd yolunda yerləşən sexlərin birində dəmirçi işlədiyi dövrdə İddiaçı bir müddət onun yanında olmuş, birlikdə işləmişlər. 2020-ci ildə İddiaçı bu gördüyü işi birlikdə şərikli işləmək barədə təklif edərək, ona müəyyən məbləğ pul verməsini, dəmir alınaraq müxtəlif əşyalar hazırlamasını və əldə edilən qazancın aralarında bölünməsini bildirmiş,İddiaçı isə hissə-hissə ona ümumilikdə 1470 manat pul vermiş, bir müddət qarşılıqlı fəaliyyət göstərmişlər, lakin o Şamaxıda işləyən zaman fəaliyyətlərində durğunluq yarandığından işləri yolunda getməmiş və belə olan təqdirdə iddiaçı ondan pulu və gəlirləri istədikdə o, pulu geri qaytara bilməmişdir. 2021-ci ildə o, aldığı puldan 1000 manat iddiaçının yaşadığı evinin qarşısında vermək istədikdə o, pulu qəbul etməyərək işlədiyi müddətdə əldə edilmiş gəlirdən onun payına düşəni də istəyərək, ondan ümumilikdə 4000 manat pul verməsini tələb etmişdir. Sonradan borcundan 500 manatını polis şöbəsində ödəmiş, qalan borcunu isə hissə-hissə ödəməyə söz verir. Ona görə də ədalətli qətnamə çxarılmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki,iddiaçını ümumiyyətlə tanımır,aralarında hər hansı münasibət olmamışdır. Cavabdeh isə qaynatası olsa da onunla iddiaçı arasında hər hansı bir münasibətin olmasından yalnız polis şöbəsinə müraciət olunandan sonra xəbəri olmuşdur. Belə olan təqdirdə onun hazırki tələb üzrə cavabdeh kimi qeyd edilməsi anlaşılan deyildir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, Şamaxı şəhərində yaşayır. Amili və Ağanı Şamaxı rayon sakinləri kimi tanıyır. Eyyubla isə dəmirçi sexindən dəmir ləvazımatları alarkən tanış olmuşdur. Eyyub dəmir ləvazımatı alarkən əlində pul olmasını görmüş və ondan borca pul istəmişdir. O, da Eyyuba inanaraq ona borc pul vermişdir. Eyyub bir neçə gündən sonra aldığı borcu və üzərində əlavə 70 manat pulu da ona vermişdir.Bundan sonra Eyyub ondan bir neçə dəfə borca pul istəmiş, o da Eyyuba inanaraq ona borc pul vermişdir.Sonradan hesablamışdır ki, Eyyub hissə-hissə olmaqla ondan ümumilikdə 3500 manat borc pul almışdır. O, Eyyubdan aldığı borcu qaytarmasını xahiş etmiş, sonuncu isə ona bir neçə dəfə vaxt verməsini xahiş etmişdir. O, Eyyuba aldığı borcu qaytarması üçün bir neçə dəfə vaxt versə də, sonuncu verilən vaxt ərzində ona olan borcunu qaytarmamış, əvəzində isə kürəkəni olan Ağa adlı şəxs qaynatası Eyyubun ona olan borcundan hissə-hissə olmaqla ümumilikdə 450-500 manatını qaytarmışdır.O, sonradan eşitmişdir ki, Eyyub Şamaxı şəhər sakini Amil adlı şəxsdən də borc pul almış, aldığı borcu qaytarmamışdır. Bu məqsədlə Amil ilə birlikdə Eyyub barəsində Şamaxı rayon Polis Şöbəsinə müraciət etmişlər. Şamaxı rayon X7 Bölməsinin müstəntiqi, polis kapitanı Elvin Nəbiyev tərəfindən onların müraciətləri əsasında araşdırma aparılmış, araşdırma zamanı onların müraciətlərində göstərilən xüsusatlarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şamaxı rayon X7 Bölməsinin müstəntiqi, polis kapitanı X2 şəhər sakinləri İddiaçı,X6 və X3 müraciətləri əsasında HK- 1/1456 nömrəli material üzrə araşdırma aparmış, araşdırma zamanı Şamaxı şəhər sakinləri İddiaçı,X6 və X3 müraciətlərində göstərilən xüsusatlarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və müraciət müəlliflərinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən təqdim edilmiş sadə yazılı qəbzdən görünür ki, Amil İslam adlı şəxsə cəmi 1470 manat pul vermişdir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları, şahid ifadələri və işin digər sənədləri ilə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər 2020-ci il tarixdə dəmirçi fəaliyyəti ilə məşğul olmaq üçün ortaq fəaliyyətə başlamışlar.Belə ki,iddiaçı sözügedən fəaliyyətin həyata keçirilməsi üçün Cavabdeh1 2000 manat verdiyini, müxtəlif vaxtlarda əşya hazırlanması üçün qarşılıqlı dəmir məmulatı alındığını, cavabdeh isə həmin məbləğin 1470 manat olduğunu etiraf edir. Belə ki, tərəflər 2021-ci il tarixdən 2023-cü il tarixədək şərikli dəmirçi fəaliyyəti ilə məşğul olmuş, bir müddət işlədikdən sonra sözügedən şərikli fəaliyyətdə durğunluq yaranmış və iş fəaliyyəti dayandırılmış, Cavabdeh1 Şamaxı rayonundakı dəmirçi fəaliyyətini dayandıraraq İsmayıllı rayonuna qayıtmışdır. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflər arasında dəmirçi fəaliyyəti ilə bağlı şərikli öhdəlik münasibətləri yaranmışdır. Bu hal isə mülki qanunvericilikdə fiziki şəxslərlə bağlı müddəalarda yer almamaqla, yalnız hüquqi şəxslərə münasibətdə tənzimlənməkdədir. Belə olan halda məhkəmə hazırki iddianın qanuni əsasını yalnız qanunun analogiyasını tətbiq etməklə müəyyənləşdirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd edilən Məcəllənin 64.1 və 64.2-ci maddələrinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Göstərilən Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 71.1-ci madəsinə əsasən tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin dəyəri şərikli kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülmür. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 2021-ci ildə şərikli (ortaq) fəaliyyət haqqında şifahi razılaşma olmuş, 2021-ci ildən 2023-cü ilədək tərəflər razılaşmanın şərtlərinə əməl edərək qarşılıqlı şəkildə fəaliyyət göstərmişlər. Lakin 2023-cü ildən tərəflərin fəaliyyətlərində müxtəlif səbəblərdən durğunluq olduğundan iş fəaliyyəti dayandırılmış,Cavabdeh1 Şamaxı rayonundakı dəmirçi fəaliyyətini dayandıraraq İsmayıllı rayonuna qayıtmışdır.Məhz bundan sonra iddiaçı şərikli fəaliyyət üçün verdiyi və həmin dövr üçün əldə edilmiş qazancın ona çatan hissəsini tələb edir.Cavabdeh isə iddiaçıdan 1470 manat aldığını, həmin puldan 500 manatını qaytardığını, qalan pulu isə işlərində durğunluq olduğu üçün ödəyə bilmədiyini qeyd edir. Tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğundan hazırki mübahisəyə Mülki Məcəllənin əsassız varlanmaya aid müddəalarının tətbiqi istisna olunur. Ona görə də məhkəmə hazırki tələbə mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi hissəsinin müvafiq maddələrinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə,lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir.Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər.Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir Məhkəmə həqiqətə nail olmaq üçün,işin hərtərəfli,tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir,görüləcək,yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir,onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.Sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə,MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2020-ci ildə şərikli fəaliyyət üçün 2000 manat verdiyini bildirsə də bu hal məhkəmə iclasında öz təsdiqini tapmamış, cavabdeh isə həmin məbləğin 1470 manat olduğunu etiraf edir. Belə ki, iddiaçı Cavabdeh1 şərikli fəaliyyət üçün 2000 manat nəğd pul və 2000 manat şərikli fəaliyyət nəticəsində əldə edilmiş gəlir tələb etsə də, eyni zamanda digər Cavabdeh2 pul verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh1 isə iddiaçı tərəfindən ona birgə fəaliyyət üçün verilmiş 1470 manat puldan 500 manat hissəsini qaytardığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1470 manat oğluna ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 34.70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1470 manat pul və 34.70 manat dövlət rüsumu olmaqla, cəmi 1504.70 (bir min beş yüz dörd manat yetmiş qəpik) manat məbləği alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar