Məhkəmə qərarları › İş №2(037)-441/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-441/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-441/2025 26.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Zabil oğluna qarşı pul tələbinə dair mülki işə 26 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zabil oğlundan 2256 manat məbləğində borcun və 43 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1951-ci ildə Ağstafa rayonunda doğulmuşdur və onun 73 yaşı vardır. "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. İş yerində digər sürücü hazırkı iş üzrə Cavabdeh ilə iş münasibətləri olmuşdur. Təqribən 5 ay bundan əvvəl Cavabdeh ona yaxınlaşaraq maşın aldığı üçün təcili pul lazım olduğunu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Cavabdeh ondan 2256 manat borca pul verməyini təkidlə xahiş etmişdir. O, da Cavabdeh iş yoldaşı olduğu üçün inanmış və sonuncunun maşını ilə yaşadığı evə gedərək evdən 2256 manat pul götürüb ona vermişdir. Cavabdeh ilə aralarında olan danışıqlarda hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Sonra isə maşını satıb pulu verəcəyini bildirmişdir.Üzərindən bir müddət keçdikdən sonra Cavabdeh maşını satmışdır. O, Cavabdeh pulunu istədikdə sonuncu tez bir vaxtda verəcəyini bildirmişdir. O, da artıq aldadıldığını başa düşərək bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bildirir ki, Cavabdeh ondan pulu almasını və qaytaracağını təsdiq edən səs yazıları mövcuddur. Həmin səs yazılarını özündə əks etdirən CD disketi iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh aldığı borcu qaytarması ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bu hal isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Cavabdeh aldığı borcu qaytarmadığından məhkəməyə müraciət etmişdir. O,cavabdehdən 2256 manat məbləğində borcun və 43 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Zabil oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Əvvəllər iddiaçı ilə birlikdə "xxxx" MMC-də sürücü işləmişlər. İki ildən çoxdur ki, iddiaçı ilə birlikdə işlədiyi "xxxx" MMC-dən işdən çıxmışdır. "xxxx" MMC-dən öz ərizəsi əsasında işdən azad edilmişdir. Hazırda başqa şirkətdə işləyir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, onun iddiaçıya 2256 manat borcu olmamışdır. İddiaçıdan 250 manat məbləğində borc almış, həmin borc məbləğini də sonuncuya qaytarmışdır. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Belə ki, iddiaçı 250 manat pulun 200 manatını ona evində, qalan 50 manatını isə depoda vermişdir. Onun iddiaçıya 2256 manat məbləğində borcu olmasını təsdiq edəcək sübut yoxdur. İddiaçı ilə aralarında olan səs yazılarında da iddiaçıya 2256 manat borcu olması təsdiq edilmir. Əgər onun iddiaçıya 2256 manat borcu olmasını təsdiq edəcək sübut olarsa həmin məbləği ödəməyə hazırdır. Hazırda onun iddiaçıya 2256 manat borcu olmasına dair heç bir sübut yoxdur. Bundan əlavə əgər onun iddiaçıya 2256 manat borcu qalmışdırsa nə üçün iki ildən artıq müddət ərzində ona bu barədə məlumat verməmişdir. Məhkəmədən ona bildiriş gələndən sonra bu barədə məlumat əldə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 12 fevral 2025-ci il tarixli, 4/2-Q-598 nömrəli müraciətə cavab məktubundan görünür ki, İddiaçı İsmayıllı şəhəri, İsmayıllı kənd sakini Cavabdeh vermiş olduğu 2256 manat borc pulu geri qaytarmaması ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-nə xx.xx.2025-ci il tarixdə ünvanladığı müraciətinə baxılmış, əməldə cinayət və inzibati xəta tərkibi aşkar olunmadığından ərizədə qeyd edilmiş xüsusatlarla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş, CD disketdə olan audio səs yazılarından görünür ki, pulun verilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında müxtəlif məzmunlu danışıqlar olmuşdur. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 146 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh hazırda "xxxx" MMC-nin mağazalar şəbəkəsi bölməsində fəaliyyət göstərmir və xx.xx.2023-cü il tarixdə işçinin əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ƏMR№365K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “"xxxx" MMC-nin mağazalar şəbəkəsi” bölməsində sürücü vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx001200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********13 nömrəli mədaxil qəbzindən görünür ki,İddiaçı Əli oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmək üçün **********13 nömrəli mədaxil qəbzi ilə 142211 nömrəli büdcə təsnifat koduna 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan sonradan qaytarmaq şərti ilə 2256 manat məbləğində borc pul almışdır. Cavabdehin iddiaçıdan borc pul almasına dair aralarında olan danışıqlar zamanı qeydə alınmış audio səs yazıları mövcudur. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 2256 manat pulu qaytarmamışdır. Cavabdeh iddiaçıdan 2256 manat deyil, 250 manat borc pul aldığını, aldığı borcu qaytardığını, hazırda iddiaçıya borcu olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı Cavabdeh Zabil oğluna sonradan qaytarmaq şərti ilə nağd şəkildə 2256 manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı ümumilikdə 2256 manat pulu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin sonradan qaytarmaq şərti ilə iddiaçıdan 2256 manat məbləğində borc pul alması tərəflər arasında borcla bağlı olan danışıqlar zamanı qeydə alınmış audio səs yazıları ilə təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 2256 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin iddiaçıdan 2256 manat deyil,250 manat pul almasını, aldığı borcu qaytarmasına dair verdiyi etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçıdan 2256 manat deyil, 250 manat borc pul aldığını, aldığı borcu qaytardığını, hazırda iddiaçıya borcu olmadığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Zabil oğlundan 2256 manat pul və 43 manat dövlət rüsumu olmaqla, cəmi 2299 manat məbləği tutularaq İddiaçıq ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar