Məhkəmə qərarları › İş №2(037)-450/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-450/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-450/2022 04.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə 04 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlimösüm oğlu, Cavabdeh3 və Cavabdeh4 Əlimösüm oğlundan müştərək qaydada ona borclu olduqları 4200 manat məbləğinin və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4262 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər qonşularıdır. 2015-ci ildə İsmayıllı rayon Basqal qəsəbəsində fərdi yaşayış evinin (villa) pilləkənin qurulması ona tapşırılmış, görüləcək iş material qarışıq 18000 ABŞ dollarına danışılmışdır. Cavabdeh2 oğlu da həmin tikilinin qarovulçusu və usta-fəhləsi kimi işləmişdir. Tikintiyə məsul olan İsgəndər adlı şəxs ona ilkin olaraq material almaq üçün 6000 ABŞ dolları məbləğində pul vermiş, bundan 1-2 gün sonra Elnur evlərinə gələrək ondan qısa müddətdə qaytarmaq şərti ilə bir neçə dəfəyə 1650 manat borc almışdır. Bundan başqa həyətində yeddi baş qoyunu 550 manata qiymətləndirərərk ona nisyə vermişdir. Elnur ona atası ilə birlikdə 2000 manata yaxın əmək haqqı aldığını, ayın sonunda 2750 manat borclu olduğu pulu tam ödəyəcəyini bildirmişdir. Bundan başqa tikintinin rəhbəri İsgəndər adlı şəxs iki dəfəyə onun adına Elnur vasitəsi ilə 4000 ABŞ dolları pul göndərmiş, Elnur da hər dəfə həmin puldan 1000 manat olmaqla 2000 manat icazəsiz götürmüşdür. Bu barədə İsgəndərlə aralarında hesablaşma apararkən ona məlum olmuşdur. Həmin vaxt Elnur və atası söz vermişlər ki, xəclədikləri 2000 manat pulu ona qaytaracaqlar. Lakin xeyli müddət gözlədikdən sonra Elnura bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə, Elnurun atası, anası və qardaşı onun evinə gələrək qısa müddətdə 4200 manat borcu ödəyəcəklərinə söz vermişlər. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının əvvəllərində iki nəfər yaxın tanışı ilə Elnurla çayxanada rastlaşmış və ona borcunu ödəməsini bildirdikdə, Elnur onu nalayiq sözlərlə təhqir etmiş hətda orada olan odun parçasını götürərək üstünə hücum etmişdir. Məhz bundan sonra o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Əlimösüm oğlu iddianı qəbul etməyərək göstərdi iki, İddiaçı onun qonşusudur, əvvəllər aralarında mehriban qonşuluq münasibətləri olmuşdur, iddiaçının arvadı ilə onun anası (hazırkı digər cavabdeh) bacı kimidirlər. İddiaçını sözügedən fərdi yaşayış evinin (villanın) tikintisinə o məsləhət görmüş və onun vasitəçiliyi ilə tikinti işlərinə cəlb edilmişdir. Həmin vaxt, yəni 2015-ci ildə villanın pilləkənlərinin hazırlanması üçün Qədirlə materiallar da daxil olmaqla həmin iş 16000 ABŞ dollarına danışılmış, Qədir orada 2-3 ay işlədikdən sonra işi məqbul olmadığından onu həmin fərdi yaşayış evinin tikintisindən uzaqlaşdırmışlar. Bununla bağlı Qədir mütəmadi olaraq dövlət orqanlarına şikayətlər etmiş və nəticədə ona danışılan məbləğ tam olaraq ödənilmişdir. İddiaçının qeyd etdikləri yalan və cəfəngiyatdır. Belə ki, onların işlədikləri 2-3 ay ərzində münasibətləri yaxşı olmuş, həmin fərdi yaşayış evinin tikintisindən əldə etdikləri gəlir hesabına müxtəlif vaxtlarda qarşılıqlı pul xərcləmişlər. Bildirmək istəyir ki, onun qardaşı atası və anasının sözügedən işlərlə bağlı hər hansı əlaqəsi olmamış, atası, anası və qardaşı ümumiyyətlə guya borclu olduğu pulu ödəyəcəklərini demək üçün onun evinə getməmiş, yuxarıda da qeyd etdiyi kimi anası ilə iddiaçının arvadı arasında çox yaxşı münasibət olduğundan bir qonşu kimi onun evinə gedib-gəlmişdir, lakin aralarında heç vaxt bu mövzuda dialoq olmamışdır. İddiaçının belə bir iddia ilə müraciət etməsi anlaşılan deyildir. Hətda iddiaçının oğlu kənd ərazisində qarşılaşdıqları zaman atasının hərəkətinə görə onlardan üzr istədiyini, bu hərəkətə görə bir oğul kimi utandığını bildirmişdir. Belə olan təqdirdə iddiaçının ailəsi belə şahidlik etməkdən imtina etmişdir. Eyni zamanda əgər onun borcu olsa idi 8 ilə yaxın müddət ərzində iddiaçı onu tələb edərdi. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh4 Əlimösüm oğlu eyni məzmunlu ifadə verərək, iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 3000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi faktlarla bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, 8 ilə yaxın keçən müddət ərzində cavabdehlərdən özünün iddia etdiyi pulunu tələb etməməsi və hazırkı iddia ilə məhz aralarındakı münasibətlərin pisləşməsindən sonra məhkəməyə müraciət etməsi də məhkəmədə iddianın əsassız olması qənaətini yaradır. Belə qənaətə gələrkən məhkəmə onu da qeyd edir ki, iddiaçının keçən müddət ərzində alacağı pulunu cavabdehlərdən tələb etdiyini sübut kimi məhkəməyə şahidlərin gətirilməsi barədə şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin, iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmiş və bu barədə məhkəmədə hər hansı bir əsaslı səbəb göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar