Məhkəmə qərarları › İş №2(037)-46/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-46/2021

26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-46/2021 26.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Hacıyev Zahı̇ d Pı̇ ralı oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Hacıyev Zahı̇ d Pı̇ ralı oğlundan (bundan sonra cavabdeh) 685 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 715 (yeddi yüz on beş) manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Mercedes Benz D-220” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilini İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol ayrıcında yolun kənarında saxladığı zaman həmin yol ayrıcından baş yola çıxan cavabdehin idarə etdiyi “VAZ-21065” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil baş yolda hərəkətdə olan “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və nəticədə həmin avtomobillər toqquşmuşdur. Toqquşma nəticəsində zərbədən “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə dəyərək əzmişdir. Baş vermiş hadisə nəticəsində cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Ona məxsus “VAZ-21065” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 685 manat məbləğində maddi zərər dəymişdir. Cavabdehdən 685 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 715 manat məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi “VAZ-21065” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol ayrıcından baş yola çıxarkən, baş yolda hərəkətdə olan “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili gözləməmiş və yola çıxaraq həmin avtomobillə toqquşmuşdur. Bundan sonra “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanmış vəziyyətdə olan iddiaçıya məxsus “Mercedes Benz D-220” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü həmin vaxt avtomobili yüksək sürətlə idarə etmişdir. Həmin avtomobilin sürəti yüksək olmasaydı onun avtomobili ilə toqquşduqdan sonra yolun kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz D-220” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməzdi. Onun maddi ziyanı ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İsmayıllı rayon Polis Şöbəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Hacıyev Zahı̇ d Pı̇ ralı oğlu barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(037)-373/2020 nömrəli qərarının surətindən görünür ki, Hacıyev Zahı̇ d Pı̇ ralı oğlu İXM-nin 332.4-cü maddəsi ilə təqsirili bilinərək 400 manat miqdarında inzibati cərimə edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli “xxxx” ASC-nin İsmayıllı filialı tərəfindən tərtib edilmiş 53 nömrəli arayışın surətindən görünür ki, İddiaçı məxsus “Mercedes Benz D-220” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 685 (altı yüz səksən beş) manat məbləğində müəyyən edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində cavabdeh idarə etdiyi “VAZ- 21065” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə baş yolda hərəkətdə olan “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq avtomobillər toqquşmuş və nəticədə “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus “Mercedes Benz D-220” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək əzmişdir. Baş vermiş hadisə nəticəsində cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə olunmuşdur. İddiaçının avtomobilinə dəyən maddi ziyanın məbləği “xxxx” ASC-nin İsmayıllı filialı tərəfindən 685 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən maddi zərərə görə 685 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 715 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, baş yolda hərəkətdə olan “Chevrolet Cruze” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədiyini, yola çıxaraq həmin avtomobillə toqquşduğunu, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsünün həmin vaxt avtomobili yüksək sürətlə idarə etdiyini, maddi zərər məbləğini ödəməyə imkanın olmadığını bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobilə 685 manat məbləğində maddi ziyan vurması faktı məhkəmə iclasında sübuta yetirilmişdir. Ona görə də iddia tələbi maddi zərərə görə 685 (altı yüz səksən beş) manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Hacıyev Zahı̇ d Pı̇ ralı oğlundan 685 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 715 (yeddi yüz on beş) manat alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar