Məhkəmə qərarları › İş №2(037)-463/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-463/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-463/2023 24.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki,Bakı şəhərində yaşayır.2022-ci ilin iyul ayının 10-da cavabdeh ondan 15000 manat borc pul almışdır. Cavabdeh ondan 15000 manat borc pul alması ilə bağlı heç bir təzyiq olmadan, öz istəyi ilə qəbz yazmış, qəbzdə aldığı pulu bir həftə müddətinədək qaytaracağını qeyd etmişdir. Cavabdehlə aralarında bağladıqları şifahi borc müqaviləsinin şərtlərinə əməl etməklə ona 15000 manat pul vermişdir. Lakin cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Cavabdeh yazdığı qəbzdə ondan aldığı 15000 manat pulu bir həftə müddətinədək qaytaracağını qeyd etsə də, həmin pulun 10000 manatını qaytarmış, qalan 5000 manatını isə ona qaytarmaqdan imtina edir. O, cavabdehdən qalan 5000 manat pulu qaytarmasını tələb etsə də,sonuncu müxtəlif bəhanələrlə aldığı pulu ona qaytarmamışdır.Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. O, cavabdehdən 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,Bakı şəhərində yaşayır.İddiaçı ilə aralarında tanışlıq münasibətləri olmuşdur.O,iddiaçıdan 10000 manat borc pul almış və aldığı pulu sonuncuya qaytarmışdır.İddiaçının ondan 5000 manat pul tələb etməsinə münasibət bildirərək qeyd edir ki,iddiaçı Əntiqə adlı rəfiqəsindən 15000 manat pul almış, həmin pulun 10000 manatını ona vermiş,qalan 5000 manatını isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Əksinə iddiaçının ona borcu qalmışdır. Belə ki, o iddiaçıdan 10000 manat pul almış və əvəzində sonuncuya 11000 manat pul qaytarmışdır.İddiaçıdan 15000 manat pul alması və həmin pulu bir həftə müddətinədək ona qaytaracağı barədə qəbz yazmasına münasibət bildirərək qeyd edir ki,iddiaçı yaşadığı evə gəldiyindən məcbur qalaraq həmin qəbzi yazaraq imza etmişdir.O,iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, Şabran rayonu,Dəvəçi kəndində yaşayır.İddiaçını əvvəldən tanıyır, cavabdehi isə iddiaçı vasitəsilə tanımışdır. İddiaçı ilə aralarında bir neçə dəfə pul söhbəti olsa da aralarında heç bir narazılıq olmamışdır. İddiaçı ondan 15000 manat pulu alaraq cavabdehə borc vermişdir. Cavabdeh iddiaçıdan 15000 manat pul almasına dair öz imzası ilə yazılı şəkildə sadə qəbz vermiş, eyni zamanda onunla cavabdeh arasında olan mobil telefon danışıqları zamanı qeydə alınmış səs yazılarında cavabdeh iddiaçıdan 15000 manat pul aldığını və həmin pulun onda olduğunu bildirmişdir.Cavabdeh iddiaçıdan aldığı 15000 manat pulun 10000 manatını qaytarsa da,qalan 5000 manatını hazırkı vaxtadək qaytarmamışdır.Cavabdeh 5000 manat pulu iddiaçıya qaytaracağını bildirsə də,iki ildir ki,müxtəlif bəhanələrə həmin pulu qaytarmaqdan yayınır. Cavabdeh 5000 manat pulu qaytarmadığından iddiaçı onun yaşadığı evə getmişdir. İddiaçı pulun qaytarılması üçün cavabdehin evinə getdikdən sonra sonuncu 5000 manat pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iddiaçının izahatını,cavabdehin iştirak etdiyi məhkəmə iclasında iddia tələbinə münasibətini,şahid ifadəsini və iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, 10 iyul 2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki,2022-ci ilin iyul ayının 10-da Cavabdeh İddiaçı 15000 manat məbləğində borc pul almış və aldığı borcu bir həftə müddətinədək İddiaçı qaytaracağını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis baş leytinantı Elçin Bədəlzadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı müraciəti əsasında Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis baş leytinantı Elçin Bədəlzadə tərəfindən HK-1/3921 saylı təhqiqat materialı üzrə araşdırma aparılmış, aparılmış araşdırma zamanı araşdırılan fakt üzrə cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmiş və müraciət müəllifinə mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 2022-ci ilin iyul ayının 10-da iddiaçıdan 15000 manat borc pul almış və aldığı borcu bir həftə müddətinədək iddiaçıya qaytaracağı barədə sadə yazılı formada imza edilməklə qəbz vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 15000 manat pulun 10000 manatını qaytarsa da, 5000 manatını qaytarmamışdır. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı 2022-ci ilin iyul ayının 10da 15000 manat pulu sadə yazılı qəbz vasitəsilə Cavabdeh nağd şəkildə bir həftə müddətinədək qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 15000 manat pulun 10000 manatını qaytarsa da, 5000 manatını qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin 2022-ci ilin iyul ayının 10-da iddiaçıdan 15000 manat məbləğində borc pul alması və aldığı borcu bir həftə müddətinədək iddiaçıya qaytaracağı barədə qəbz verməsi təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 5000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, o, iddiaçıdan 15000 manat deyii, 10000 manat aldığını və əvəzində 11000 manat qaytardığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etrməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar