Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-473/2021 14.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “xxxx” X1 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh1 (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 2633,93 manat əsas borc, 300,08 manat faiz borcu - cəmi 2934,01 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Yavər Novruzov məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli əsas kredit müqaviləsinə əsasən birinci cavabdehə istehlak məqsədləri üçün 100000 manat məbləğində 120 ay müddətinə, 23 yanvar 2030cu il tarixinədək müddət ərzində Əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq birinci cavabdehlə bağlanmış 23 yanvar 2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə istehlak məqsədi üçün 12 ay müddətinə illik 24 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanılmışdır. Zaminlik müqavilələrinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya 2633,93 manat əsas borc, 300,08 manat faiz borcu - cəmi 2934,01 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. Ona görə də borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehlərdən müştərək qaydada 2633,93 manat əsas borc, 300,08 manat faiz borcu - cəmi 2934,01 manat borc məbləğinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən etiraf etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla iddiaçı arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli əsas və əlavə kredit müqavilələrinə əsasən ona istehlak məqsədləri üçün illik 24 % dərəcəsi ilə 12 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlər - hazırki iş üzrə digər cavabdehlər onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsi bağlandıqdan sonra o, bir müddət kreditin cədvəl üzrə aylıq ödənişlərini həyata keçirmişdir. Sonradan maddi imkansızlıqdan və ailəsində olan problemlərlə bağlı aylıq ödənişləri cədvələ uyğun həyata keçirə bilməmiş və ödənişlərdə gecikmələrə yol vermişdir. Hesablanmış faizlə razı deyildir. Borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək maddi imkanı olmadığından kredit borcunu vaxtlı-vaxtında ödəyə bilmədiyini göstərmiş, işə iştirakı olmadan baxılaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə ikinic cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Üçüncü cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə üçüncü cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 37micNAR/20-EM nömrəli 23 yanvar 2020-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki,borcverən borcalana 100000 (yüz min) manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 23 yanvar 2030-cu il tarixədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 37micNAR/20 nömrəli 23 yanvar 2020-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 12 ay müddətinə 23 yanvar 2021-ci il tarixədək illik 24 faiz ödəmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. 37micNAR/20 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, birinci cavabdeh 12 ay ərzində hər ay 473 manat ödəməklə 5000 manat əsas və 675 manat faiz – cəmi 5675 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, birinci cavabdeh 37micNAR/20 nömrəli 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 3 mart 2021-ci il tarixli bildirişin surətindən görünür ki, birinci cavabdehdən 37micNAR/20 nömrəli kredit müqaviləsi üzrə 3 mart 2021-ci il tarixə yaranmış 2633,93 manat əsas, 212,08 manat faiz - cəmi 2846,01 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 23 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 37micNAR/20 nömrəli 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 23 aprel 2021-ci il tarixə 2633,93 manat əsas və 300,08 manat faiz - cəmi 2934,01 manat borcu qalmışdir. 23 aprel 2021-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə birinci cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli əsas kredit müqaviləsinə əsasən birinci cavabdehə istehlak məqsədləri üçün 100000 manat məbləğində 120 ay müddətinə, 23 yanvar 2030cu il tarixinədək müddət ərzində Əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə uyğun olaraq birinci cavabdehlə bağlanmış 23 yanvar 2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə istehlak məqsədi üçün 12 ay müddətinə illik 24 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Əsas və əlavə kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanılmışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin etməmışdır. Birinci cavabdehin 23 yanvar 2020-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 2633,93 manat əsas və 300,08 manat faiz borcu qalmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 2633,93 manat əsas və 300,08 manat faiz – cəmi 2934,01 manat borc məbləğinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, kredit borcuna hesablanmış faizlə razı olmadığını bildirmiş və iş üzrə qanunamüvafiq qərar qərar qəbul olunmasını xahiş etmişdir. İkinci cavabdeh ərizə göndərərək maddi imkansızlıqdan borcu ödəyə bilmədiklərini bildirmiş və iş üzrə qanunamüvafiq qərar qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə uyğun olaraq cavabdehlər krediti və ona hesablanmış faizləri ödəməli olduqlarından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlərdən 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2633 manat 93 qəpik əsas borc, 300 manat 08 qəpik faiz borcu və 30 manat dövlət rüsumu, cəmi 2964 (iki min doqquz yüz altmış dörd) manat 01 (bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-473/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-473/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver