Məhkəmə qərarları › İş №2(037)-487/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-487/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-487/2021 18.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 18 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) 453,03 ABŞ dollar əsas, 36,24 ABŞ dolları faiz, 358,3 ABŞ dolları cərimə, 97,5 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu – cəmi 945,07 ABŞ dolları borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehə 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1000 (bir min) USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. Cavabdehlər kredit borcunu ödəmədiyindən 22 iyul 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin 02 sentyabr 2019-cu il tarixli 2(037)-649 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq tövsiyyə edilən tədbirlər bank tərəfindən təmin edilmişdir. Birinci cavabdeh göstərilən müddət ərzində banka müraciət etmədiyindən onunla güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi bağlanılmamışdır. Cavabdehlərdən bundan sonra da borcun ödənilməsi tələb olunsa da, borc məbləğinin ödənilməsi təmin olunmamışdır. Ona görə də təkrarən məhkəməyə müraciət olunaraq cavabdehlərdən 453,03 ABŞ dollar əsas, 36,24 ABŞ dolları faiz, 358,3 ABŞ dolları cərimə, 97,5 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu – cəmi 945,07 ABŞ dolları borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə birinci cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İkinci cavabdeh izahat verərək göstərdi ki, birinci cavabdeh onun anasıdır. Anası 2015-ci ildə İddiaçı ASC ilə müqavilə bağlayaraq kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi onunla İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Bir müddət kredit müqaviləsi üzrə ödənişlər olunmuşdur. Sonradan bank bağlanmış və kredit borcunu hara ödəyəcəklərini bilməmişlər. Hesab etmişlər ki, onlar krediti ABŞ dolları ilə götürdüklərindən həmin kredit borcu Prezidentin məlum Fərmanının təsir dairəsinə düşəcəkdir. Lakin bank tərəfindən yeni kredit müqaviləsi bağlanılması barədə onlara heç bir məlumat verilməmişdir. İddiaçı tərəfindən vaxtında və lazımı qaydada onlara məlumat verilsəydi yeni müqavilə bağlamaq üçün banka müraciət edərdilər. Birinci cavabdehin banka 453,03 ABŞ dollar borcu qalmışdır. Buna baxmayaraq iddiaçı onlardan əsassız olaraq faiz və cərimə məbləğlərini də tələb edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 21 avqust 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi onunla bank arasında bağlanmış zaminlik müqaviləsi üzrə bank qarşısında öhdəliyinin icrası müddəti bitmişdir. Göstərdiklərinə əsasən əsas borca hesablanmış faiz və cərimələrin silinməsini və onun zaminliyinə xitam verilməsini xahiş edir. 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən birinci cavabdehə illik 28 faiz dərəcəsi ilə 12 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, birinci cavabdeh 12 ay müddətində 1000 USD əsas borc və 158,07 USD faiz borcu, cəmi 1158,07 USD məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 21 avqust 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 03 mart 2021-ci il tarixli **********151 nömrəli maliyyə arayışının surətindən görünür ki, 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin 26 fevral 2021-ci il tarixinə 453,03 ABŞ dollar əsas, 36,24 ABŞ dolları faiz, 358,3 ABŞ dolları cərimə, 97,5 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu – cəmi 945,07 ABŞ dolları məbləğində borcu qalmışdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşən kreditlərin siyahısında borcalan şəxs barəsində məlumat tapılmamışdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış sonuncu məlumatdan isə görünür ki “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı restrukturizasiya olunmalı və (və ya) dövlət büdcəsi hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatlar hazırda dəqiqləşdirmə mərhələsindədir. 11 iyul 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindn həmin tarixdə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 28% dərəcəsi ilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə ikinci cavabdeh arasında 21 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, kredit və faizləri ödəməmişdir. İddiaçı 22 iyul 2019cu il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 02 sentyabr 2019-cu il tarixli 2(037)-649 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci cavabdeh göstərilən müddət ərzində banka müraciət etmədiyindən onunla güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi bağlanılmamışdır. Birinci cavabdehin 26 fevral 2021-ci il tarixinə 453,03 ABŞ dollar əsas, 36,24 ABŞ dolları faiz, 358,3 ABŞ dolları cərimə, 97,5 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu – cəmi 945,07 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehlərə qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması üçün bildiriş göndərilməsinə dair iş materiallarında sübut yoxdur. İddiaçı iş materiallarına cavabdehlərin adına yazılmış 01.07.2019-cu iltarixli xəbərdarlıq qəbzlərini əlavə etsə də iddiaçı tərəfindən cavabdehlərə hansı sənədin göndərildiyi müəyyən deyildir. İddiaçı cavabdehlərdən 453,03 ABŞ dollar əsas, 36,24 ABŞ dolları faiz, 358,3 ABŞ dolları cərimə, 97,5 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu - cəmi 945,07 ABŞ dolları borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan «İddiaçı” ASC-nin xeyrinə ödənilməsini tələb edir. Birinci cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair onun münasibətini öyrənmək mümkün olmamışdır. İkinci cavabdeh hesablanmış faiz və cərimlərin silinməsini və bank qarşısında öhdəliyinin müddəti bitdiyindən zaminliyinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, iddiaçı 21 avqust 2015-ci il tarixli 26_USD kredit müqaviləsi üzrə 453,03 ABŞ dollar əsas, 36,24 ABŞ dolları faiz, 358,3 ABŞ dolları cərimə, 97,5 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğini ikinci cavabdehdən tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 12 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 21 avqust 2016-ci il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək yəni, 21 avqust 2017-ci il tarixədək qaldıra bilərdi. İddiaçı cavabdeh zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onun zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışlardan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşən kreditlərin siyahısında borcalan şəxs barəsində məlumat tapılmamış, Fərmanının icrası ilə bağlı restrukturizasiya olunmalı və (və ya) dövlət büdcəsi hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatların hazırda dəqiqləşdirmə mərhələsində olduğu göstərilmişdir. Lakin iddiaçı təşkilat tərəfindən cavabdehlərə yeni kredit müqaviləsi bağlanılması üçün lazımı qaydada məlumat verilməsi təmin olunmadan, borcalana dair məlumatların hazırda dəqiqləşdirmə mərhələsində olduğu nəzərə alınmadan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 28 % dərəcəsi ilə 1000 (bir min) ABŞ dolları məbləğində verilmiş kredit üzrə cavabdehlərdən 453,03 ABŞ dolları əsas borc tələb olunur. Götürülmüş kreditin məbləği 10000 ABŞ dollarından aşağıdır. Müqavilənin bağlanma tarixindən və qalıq borcunun məbləğindən görünür ki, borcun ödənilməsi 360 gündən artıq gecikdirilmişdir. Kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Birinci cavabdeh yeni müqavilə bağlanılması üçün qanunla müəyyən olunmuş müddətdə iddiaçıya müraciət etməmişdir. İddiaçı cavabdehin yeni müqavilə bağlaması üçün üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman birinci cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən, 21 avqust 2015-ci il tarixli 26_USD nömrəli kredit müqaviləsi üzrə birinci cavabdehdən 453 ABŞ dolları 03 sent əsas borc məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qərarın icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, birinci cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 453 (dörd yüz əlli üç) ABŞ dolları 03 (üç) sent əsas kredit borcu və 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar