Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-495/2022 09.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 09 sentyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində borcun və 40 manat ödənilmiş dövlət rüsumunun, ümumilkdə 2040 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Cavabdeh İsmayıllı şəhər sakini kimi tanımışdır və aralarında tanışlıq münasibətləri olmuşdur. Cavabdeh əvvəllər ailəsində olan problemlərlə əlaqədar ona bir neçə dəfə hüquqi baxımdan köməklik etmişdir. Sonuncu dəfə də başqa bir məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş və bu məsələnin həlli üçün onda müəyyən məbləğ pul olduğunu bildirmişdir. Lakin sonradan həmin məsələnin hüquqi həllinə ehtiyac olmamışdır. 2019-cu ilin oktyabr ayının 9-da cavabdeh onun yanına gələrək həyat yoldaşının xərçəng xəstəsi, bağırsağında kəskin qanaxması olduğunu və təcili əməliyyat olunmalı olduğunu bildirərək 15 gün ərzində qaytarmaq şərti ilə ona 2500 manat məbləğində borc pul verməsini xahiş etmişdir. O, əvvəl tərəddüd etsə də ona yox deyə bilməmiş və pulu tapıb xəbər edəcəyini bildirmişdir. Ertəsi günü evdə ehtiyat üçün saxladığı 20 ədəd yüzlük əskinasdan ibarət olan cəmi 2000 manat məbləğində pulu cavabdehlə İsmayıllı şəhərində görüşərək sayıb ona təhvil vermişdir.Cavabdeh pulu alarkən qısa müddətə aldığı 2000 manat pulu tam şəkildə ona qaytaracağı barədə bir daha söz vermişdir. Lakin həmin vaxtdan aylar, illər ötməsinə baxmayaraq cavabdeh bu günədək aldığı pulu geri qaytarmamışdır. Pulun qaytarılması ilə əlaqədar anası Səmayə Şükürova və dayısı Vəli Əliyevlə birlikdə dəfələrlə cavabdehin yanına getmiş, pulun qaytarılmasını xahiş etmiş, cavabdeh də pulu yaxın vaxtda ödəyəcəyinə söz vermiş, ancaq sözünə əməl etməmişdir. Cavabdeh aldığı pulu qaytarmadığından məcbur qalaraq özünə məxsus ***-***-**-** mobil nömrədən cavabdehə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrə bir neçə dəfə zəng edərək aralarında olan telefon danışıqlarının audio səs yazılarını mobil telefonu vasitəsilə qeydə almışdır. Qeyd edilən audio səs yazısı təxminən 7-8 ay bundan əvvəl onun tərəfindən yazılmışdır. Onun tərəfindən mobil telefon vasitəsilə qeydə alınmış səs yazısı cavabdehə məxsusdur. Qeyd edilən audio səs yazılarını CD disketə köçürərək məhkəməyə təqdim etmişdir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçıla aralarında tanışlıq münasibətləri olmuşdur. Bir neçə dəfə mülki mübahisələrlə bağlı cavabdehə köməklik göstərmişdir. O, iddiaçıdan borc pul almamışdır. İddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtandır. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi ona məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrə olunan zənglər zamanı qeydə alındığını bildirdiyi audio səs yazıları ona məxsus deyildir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq borcu olmadığını və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli 9/851 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD disketdə olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh məxsus olduğu müəyyən olunmuşdur.Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmaq üçün 40 (qırx) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi cavabdeh həm hazırlıq iclasında, həm də məhkəmə baxışında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirsə də bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, iddiaçı oğludur. Oğlu ondan evdə ehtiyat üçün saxladıqları 2000 manat pulu alaraq cavabdehə vermişdir. Lakin o, 15 gün ərzində pulu qaytaracağına söz versə də bu günə qədər qaytarmamışdır. Bu məsələ ilə bağlı, oğlu ilə yanaşı o, da müxtəlif vaxtlarda cavabdeh ilə telefon əlaqəsi yaratmış, lakin hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşayır. İddiaçı əmisi qızının oğludur. Cavabdeh isə 2019-cu ildə İddiaçı vasitəsilə tanımışdır. İddiaçı atası vəfat etdiyindən, qohum olaraq bir böyük kimi əmisi qızının ailəsinə nəzarət etmişdir. İddiaçı ailəsində ailə üzvləri arasında problem olmuş və həmin problemin həll olunmasında Cavabdeh yardımçı olmuşdur. İddiaçı Cavabdeh borc verdiyi 2000 manat pulun 1500 manatı ona məxsus olmuşdur. Həmin pulu ondan İddiaçı ailə üzvləri arasında olan problemin hüquqi həlli üçün lazım olduğunu bildirərək almışdır. Sonradan İddiaçı verdiyi pulla bağlı maraqlanmış, İddiaçı həmin pulu özündə olan pulla birlikdə 2000 manat düzəldərək Cavabdeh borc verdiyini və həmin pulu Cavabdeh qaytarmadığını bildirmişdir. O, İddiaçı və anası Səmayə Şükürova ilə birlikdə Cavabdeh yaşadığı evə gedərək borc aldığı pulu qaytarmasını xahiş etmişdir. Cavabdeh aldığı pulu qaytaracağına söz versə də həmin pulu iki ildən artıq müddət keçməsinə baxmayaraq qaytarmamışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq,iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/851 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan fonoqramalardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətinlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh məxsusdur. İş materiallarında olan ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqlar və onların yazılı mətinlərinin işin faktiki hallarını əks məlumatların bir qismi aşağıdakı kimidir: -Valla indi vaxt ötməsin də əmi, iki ildi e uje -Ötməz, ötməz, neçə gündü başım, neçə aydı görürsən, bu zibil içimdə. Ötməz, sənə qurban olum. Gələcəm Allaha and olsun, yoldaşımı... narahat olma -Sən Allah tez göəl ee mıni də incidirlər. Allah haqqı, borc yiyəsi gəlib qapını çıxardır yerinnən. Sən özün bilirsən ki, vəziyyətimi bilirsən ki, mənim başıma nələr gəlib, mən ona görə onnan-bunnan borc eləmişəm. -Yox bunlar(torpsğs çıxarış alacağını deyir) mənim boynumdadı, onu eləməliyəm e -Sənin başına dönüm, nə qədər zəng eliyək. Utanırıq, xəcalət çəkirik, bərəkət haqqı -Yox bu pandemiya zad. İndi zad elədim, ipotekaya qoydum evi, pul götürəcəm 6700. Zadı həll eliyəcəm, 2 mini həll eliyəcəm. Araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında müxtəlif vaxtlarda müxtəlif mülki məsələlərinin həlli ilə bağlı münasibətlər olmuş, cavabdeh bəzi məsələlərin həlli ilə bağlı iddiaçıya hüquqi yardım göstərmiş, bu məsələlərlə bağlı aralarında pul mübadiləsi olmuşdur. Lakin sözügedən tələblə bağlı,iddiaçı 10 oktyabr 2019-cu il tarixdə cavabdehə 15 gün ərzində qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir. Göründüyü kimi iddia tələbinin qanuni əsası tərəflər arasında bağlanmış şifahi borc müqaviləsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı 2000 manat məbləğində pulu nəğd şəkildə cavabdehə qaytarmaq şərti vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə,ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə,yaxud şahidlərin çağırılması,ekspertlərin təyin edilməsi,mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə,tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Hazırkı iş üzrə məhkəmə ekspertizasının təyin olunması cavabdehin təşəbbüsü ilə edildiyindən, mülki iş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi cavabdehə aid edilməli və Cavabdeh 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi,kod-210005, VÖEN-**********, müxbir hesab - AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 manat borc pul və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 (iki min qırx) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595,büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-495/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-495/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver