Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-500/2022 06.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra Agentlik) Cavabdeh qarşı pul tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Agentlik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.04.2018-ci il tarixli, 727-GL/18 nömrəli müqavilə üzrə 7915 manat gecikdirilmiş borcun, hesablanmış 3984,10 manat cərimə borcunun və hüquqi yardıma görə ödənilmiş 350 manat məbləğində pul olmaqla, ümumilkdə 12249,1 manat pulun alınaraq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı müqaviləyə əsasən kənd təsərrüfatı texnikaları lizinqə verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş,nəticədə onun 14.09.2021-ci il tarixə 7915 manat əsas, 3984,10 manat cərimə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 29 467,00 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verir. İş materiallarında olan 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı müqavilənin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, 2018-ci ilin ikinci rübündən, yəni 13.04.2018-ci il tarixdən başlayaraq, 2028-ci ilin ikinci rübünədək, yəni 30.06.2018-ci ilədək,2019-cu ilə qədər 896 manat,2020-ci ildən etibarən isə 726 manat məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh maliyyə borcu,gecikdirilmiş borc üzrə 7915 manat, cərimə borcu 3984 manat olmaqla, ümumilikdə 11 899,10 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, yaranmış borcun qısa zaman ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir,ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı lizinq müqaviləsinə əsasən ümumi məbləği 29 467,00 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3984,10 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 700 manata endirilməlidir. Eyni zamanda məhkəməyə təqdim edilmiş 03.11.2021-ci il tarixli, 000İPX121307026B saylı kassa mədaxil orderinə və hüquqi yardımın göstərilməsi haqqında 01.10.2021-ci il tarixli, 2044 saylı müqaviləyə əsasən iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuş və ona görə də vəkilə 350 manat məbləğində pul ödəmişdir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının subyektiv hüququ Cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, Cavabdeh 350 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7915 manat əsas borc,700 manat cərimə borcu və vəkilin göstərdiyi yardıma görə 350 manat xərc olmaqla, ümumilikdə 8965 manat məbləğində pul iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.04.2018-ci il tarixli 727-GL/18 nömrəli müqavilə üzrə 7915 manat gecikdirilmiş borc, 700 manat cərimə borcu və 350 manat hüquqi yardıma görə xərc olmaqla, cəmi 8965 (səkkiz min doqquz yüz altmış beş) manat məbləği tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-500/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-500/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver