Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-513/2021 07.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon üçün 1376 manat ödənilməmiş hissə, 137 manat cərimə və 20 manat dövlət rüsumu – cəmi 1543 (bir min beş yüz qırx üç) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(037)-513 nömrəli qərardadı ilə cavabdehin etirazı əsasında işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tələbini müdafiə etdiyini və iş üzrə qətnamə çıxarılmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə ilkin 291 manat ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 148 manat ödəmək şərti ilə cəmi 2067 manat dəyərində İMEİ kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon satılmışdır. Cavabdeh müqavilə üzrə 691 manat ödəniş etmişdir. Müqavilənin şərtlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin müqavilə üzrə cəmi 1513 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon üçün 1376 manat ödənilməmiş hissə, 137 manat cərimə və 20 manat dövlət rüsumu – cəmi 1543 (bir min beş yüz qırx üç) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2019-cu ildə iddiaçı ilə müqavilə bağlayaraq 2067 manat dəyərində mobil telefon almışdır. Aldığı telefonun dəyərindən 700 manat ödəniş etmişdir. Telefon xarab olduğundan bir ildən artıqdır ki, iddiaçıya qaytarmışdır və hal-hazırda telefon iddiaçıdadır. Lakin bu barədə iddiaçı tərəfindən ona rəsmi sənəd verilməmişdir. İddiaçı telefonu düzəldib ona qaytararsa o da qalıq borcunu ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 14 iyun 2019-cu il tarixli 00721652 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 148 manat ödəmək şərti ilə cəmi 2067 manat dəyərində İMEİ Kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon satılmışdır. Müqavilə üzrə 291 manat ilkin ödəniş olunmuşdur. 01 avqust 2019-cu il tarixli aktın surətindən görünür ki, İMEİ Kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefonun ekranı ağardığından 24 iyul 2019-cu il tarixdə servisə qəbul olunmuş, malda istehlakçı tərəfindən istifadə nəticəsində mexaniki zədə aşkar edilmişdir. İstehlakçı tərəfindən istismar qaydaları pozulduğu üçün istehsalçı tərəfindən verilən zəmanət ləğv edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndinə əsasən əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və və bu Müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. 07 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 22 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 14 iyun 2019-cu il tarixli müqavilə üzrə 2067 manat məbləğindən 691 manat ödəniş etmiş, 1376 manat ödənilməmiş hissə və 137 manat cərimə borcu qalmışdır. 23 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ilkin 291 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 148 manat ödəniş etmək şərti ilə cəmi 2067 manat dəyərində İMEİ kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon almışdır. Ekranı ağardığından cavabdeh telefonu geri qaytamışdır. Telefon 24 iyul 2019-cu il tarixdə servisə qəbul olunmuş, istehlakçı tərəfindən istismar qaydaları pozulduğundan istehsalçı tərəfindən verilən zəmanət ləğv edilmişdir. Cavabdeh ötən müddət ərzində iddiaçının bu hərəkətini mübahisələndirməmişdir. Cavabdeh müqavilə üzrə 691 manat ödəniş etmiş, 1376 manat ödənilməmiş hissə və 137 manat cərimə borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndində əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu Müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilmədiyi göstərilmiş və cavabdeh şərtin qeyd olunduğu müqaviləni imzalamışdır. İddiaçı 14 iyun 2019cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon üçün cəmi 1513 manat borc və 30 manat dövlət rüsumu – cəmi 1543 (bir min beş yüz qırx üç) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh aldığı telefon xarab olduğundan iddiaçıya qaytardığını və ona görə də borcunu ödəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 14 iyun 2019-cu il tarixli 00721652 nömrəli müqavilə üzrə 137 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Əsas borcun miqdarının 1376 manat təşkil etdiyi halda, cərimənn miqdarının 137 manat məbləğində olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 14 iyun 2019-cu il tarixli müqavilə üzrə 137 manat cərimə məbləği tutulmasına dair hissədə qismən – 20 manat həddində təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehdən 1376 manat əsas və 20 manat cərimə - cəmi 1396 manat borc, 30 manat dövlət rüsumu – ümumilikdə 1426 (bir min dörd yüz iyirmi altı) manat məbləği alınaraq iddiaçı “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 14 iyun 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********39212 olan Samsung Galaxy S10 markalı telefon üçün 1376 manat ödənilməmiş hissə, 20 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 1426 (bir min dörd yüz iyirmi altı) manat məbləği alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-513/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-513/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver