Məhkəmə qərarları › İş №2(037)-538/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-538/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-538/2020 03.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Mı̇ kayılov Övşər Abduləzı̇ z oğlunun Cavabdeh Tofı̇ q oğluna qarşı vurulmuş maddi zərərin ödənilməsi, müdaxilələrə qadağa qoyulması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Mı̇ kayılov Övşər Abduləzı̇ z oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Tofı̇ q oğlundan (bundan sonra cavabdeh) vurulmuş maddi zərərə görə 1545 manat məbləğin alınaraq ona ödənilməsi, bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsində su anbarı kimi yığdığı daşların ərazidən çıxarılması, su xəttinə və bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsinə, bulağın mühafizəsi üçün nəzərdə tutulan digər 0.05 hektar əraziyə çəkilən elektrik xəttinə cavabdeh tərəfindən müdaxilələrə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 33 il əvvəl el ağsaqqalı olmuş atası Abduləzizin xatirəsini əbədiləşdirmək üçün öz vəsaiti hesabına Gəndov kəndi ərazisində “Abduləziz” bulağını inşa etdirmişdir. Həmin bulaq öz vəsaiti ilə tikildiyindən bulaq və bulağın ətrafında yerləşən 0.03 hektar torpaq sahəsi, bulağın mühafizəsi üçün nəzərdə tutulan əlavə 0.05 hektar ərazinin mühafizəsi və məsuliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 və Bərpası Müəssisəsi tərəfindən verilmiş əmr və təhkim aktı ilə ona həvalə edilmişdir. O, bulağın təmirini, ətrafındakı torpaq sahəsinin təmizlənməsini öz şəxsi vəsaiti ilə həyata keçirmişdir. Həmin kənddə bulağa yaxın ərazidə cavabdeh və qohumu Bağırov Vasif Vı̇ dadi oğlu yaşamışdır. Təxminən 1-2 il əvvəl cavabdeh kənddən köçərək İsmayıllı şəhərində məskunlaşmışdır. Əvvəllər də bulağın ətrafına çəkdiyi dəmir tor, su xətləri cavabdeh və qohumları tərəfindən aparılmış, bulaq və ətrafındakı ərazi onlar tərəfindən dağıdılmışdır. 2019-cu ildə bulağa nəzarət etmək üçün həmin əraziyə gedərkən cavabdehin onun xəbəri olmadan bulağın mühafizəsi üçün ayrılmış 0.03 hektar hasara alınmış torpaq sahəsindən keçən hissədə bulağa çəkdiyi su xəttini dağıdaraq həmin ərazidə su anbarı inşa etdiyi və öz şəxsi məqsədləri üçün anbardan su çəkərək bulağın suyunu kəsdiyi ona məlum olmuşdur. Həmin vaxt cavabdehin anbardan çəkdiyi kapron su xətlərinə ilişərək yıxılmış və aldığı zədədən gözləri tutulmuş, Zərifə Əliyeva adına göz institutunda müalicə olunmuşdur. O, gediş-gəlişə 575 manat, müayinə və müalicələrə 600 manat, analizlərə 250 manat, su və elektrik xəttinin bərpasına 120 manat xərc çəkmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 1545 manat məbləğində maddi zərər dəymişdir. Cavabdehin əməlləri barədə İsmayıllı Rayon Polis Şöbəsinə şifahi müraciət etmiş, şöbənin əməkdaşları tərəfindən məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, cavabdehdən vurduğu maddi zərərə görə 1545 manat məbləğin alınaraq ona ödənilməsini, bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsində su anbarı kimi yığdığı daşların ərazidən çıxarılması, su xəttinə və bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsinə, bulağın mühafizəsi üçün nəzərdə tutulan digər 0.05 hektar əraziyə çəkilən elektrik xəttinə cavabdeh tərəfindən müdaxilələrə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1988-ci ildə İsmayıllı rayonun Gəndov kəndində anadan olmuş və həmin vaxtdan o kənddə böyümüşdür. Mübahisəli bulaq uzun müddətdir ki tikilmişdir. Həmin bulağı el bulağı kimi tanımışdır. Orada həm içməli, həm də ağaclar, meyvə-tərəvəzlərin suvarılması üçün su var. İçməli su bulağa axır. İddiaçı həmin bulağın ətrafını hasarlamışdan əvvəl onlar həmin bulağın suyundan içməli su kimi istifadə etmişlər. İddiaçı bulağın ətrafını hasarladığı üçün o və digər kənd sakinləri bulaqdan istifadə edə bilməmiş, həmişə su problemi ilə üzləşmişlər. O, mübahisəli anbarı 2010-2012-ci illərdən tikmişdir. Onlar əvvəllər anbarın suyundan yalnız ağaclar, meyvə-tərəvəzlər, mal-qaranın suvarılması üçün istifadə etmişlər. Hazırda isə iddiaçı bulağın ətrafını hasarladığından onlar anbarın suyundan içməli su kimi istifadə edirlər. 2019-cu ildə isə o, anbardan həyətyanı torpaq sahəsinə suyun gəlməsini təmin edən su borularını təzələmişdir. Bundan sonra iddiaçı su borularının üzdə olmasına, həmin borulara ilişərək yıxılmasına görə ona narazılığını bildirmiş və su borularını oradan götürməsini tələb etmişdir. O isə su borularını götürməyəciyini, ancaq torpağa basdıracağını bildirmiş və sözünə əməl edərək su borularını torpağa basdırmışdır. Onun tikdiyi anbar çay axının qarşısında yerləşir və anbarı hər an sel axının yuyub aparması təhlükəsi var. Həmin anbar bulağa, iddiaçının torpaq sahəsinə heç bir maneə yaratmır. İddiaçı isə el bulağı adlandırdığı bulağı hasara almaqla insanların həmin bulaqdan istifadəsini məhdudlaşdırmışdır. Bulağın ətrafında iddiaçıya məxsus 0.10 hektara yaxın torpaq sahəsi var. İddiaçı həmin torpaq sahəsində əkdiyi ağacların o və qohumları tərəfindən kəsildiyini bildirsə də, o elə hərəkət etməmiş, əksinə həmin ağacları sulamış və qurumalarına mane olmuşdur. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsŞamaxı X4 Mərkəzinin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, xx xxxx 2006-cı il tarixdə akt əsasında keçmiş X5 və X2 meşəbəyliyi 7 saylı dolayının ərazisində “Əbdüləziz” adlı bulağı təmir etmək və 0.05 hektar sahəni mal-qaradan mühafizə etmək üçün iddiaçıya təhvil verilmişdir. Göstərilən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, bulağın ətrafındakı 0.07 hektar ərazi mişar daşı və dəmir torla hasarlanmış, girişə dəmir darvaza qoyularaq qıfıllanmış, həmçinin ərazidə 4.2 metr enində, 5.5 metr uzunluğunda arxa tərəfi mişar daşı ilə, döşəməsi çay daşı və mişar daşla əsaslı divar çəkilərək dəmir dirəklərlə talvar üzərində bağlı otaq olan tikili inşa edilmişdir. İddiaçıya verilmiş torpaq sahəsi barədə hazırda heç bir müqavilə olmadığından, yazılmış əmr və aktın heç bir qüvvəsi yoxdur və əsasızdır. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. X1 bildirdi ki, o, kolxoz və sovxozlar ləğv edildikdən sonra meşə idarəsində baş mütəxəssis vəzifəsində işləmiş və həmin vaxtdan iddiaçını tanımışdır. İddiaçı İsmayıllı rayonun Gəndov kəndində atasının xatirəsini əbədiləşdirmək üçün bulaq çəkdirmişdir. Lahıc, Basqal və bu kimi digər kəndlər qədim kəndlər olduğundan rəhbərlik tərəfindən o kəndlərin yollarında öz vəsaiti hesabına hər hansı bir iş görmək istəyən insanlara şərait yaradılması tapşırılmışdır. İddiaçı meşə idarəsinə ərizə ilə müraciət edərək tikdiyi bulağın ərazisinin meşə ərazisi olduğuna görə həmin ərazinin icarəyə verilməsini xahiş etmişdir. X3 və Bərpası Müəssisəsinin rəhbəri onu həmin əraziyə göndərərək ərazini yerində müəyyən etməyi bildirmişdir. O da həmin əraziyə getmiş, oranın çaylaq ərazi olması və bulağın orada tikilməsi ona məlum olmuşdur. Həmin ərazi ot sahəsi kimi iddiaçının qısamüddətli istifadəsinə verilmiş, iddiaçı torpaq sahəsini daşlardan təmizlənmiş, orada ağaclar əkmiş və torpaqdan istifadəyə görə haqq ödəmişdir. Daha sonra Talıstan meşəbəyliyinin 7 saylı meşə dolayında yerləşən “Gəndo” bulağını yenidən bərpa etmək, bulağı və onun ətrafındakı ağacları mal-qaradan mühafizə etmək məqsədi ilə bulaq və onun ətrafındakı ərazinin çəpərlənməsi və ya məftil torla hasarlanması iddiaçıya tapşırılmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəticələrini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. X3 və Bərpası Müəssisənin xx xxxx 2006-cı il tarixli 11 nömrəli əmrindən müəyyən edilir ki, Talıstan meşəbəyliyinin 7 saylı meşə dolayında yerləşən “Gəndo” bulağını yenidən bərpa etmək, bulağı və onun ətrafındakı ağacları mal-qaradan mühafizə etmək məqsədi ilə bulaq və ona bitişik 0.03 hektar ərazinin çəpərlənməsi və ya məftil torla hasarlanması üçün Övşər Mı̇ kayılova şərait yaradılması, 0.03 hektar sahə Övşər Mı̇ kayılovun vəsaiti ilə çəpərlənib, bulaq bərpa edildikdən sonra yararlı vəziyyətdə Övşər Mı̇ kayılova təhvil verilməsi, 0.03 hektar sahəyə və bulağa görə Övşər Mı̇ kayılovun məsuliyyət daşıması qərara alınmışdır. X3 və Bərpası Müəssisənin əməkdaşları və iddiaçının birgə iştirakı ilə tərtib olunmuş xx xxxx 2006-cı il tarixli aktdan müəyyən edilir ki, İsmayıllı MMBM-nin xx xxxx 2006-cı il tarixli 11 saylı əmrinə əsasən Talıstan Meşəbəyliyinin 7 saylı meşə dolayının ərazisində yerləşən əvvəlki illərdə tikilmiş, sonralar baxımsızlıq ucbatından dağılmış “Əbdüləziz” adlı el bulağının bərpası üçün Övşər Mı̇ kayılova şərait yaradılmış, bulaq Övşər Mı̇ kayılov tərəfindən tam təmir edilmiş və istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. Bulağın ətrafına 0.03 hektar sahəyə mal-qaradan mühafizə məqsədi ilə dəmir tordan çəpər çəkilmiş, bulaq tam yararlı vəziyyətdə ömürlük Övşər Mı̇ kayılova və ailə üzvlərinə təhvil verilmiş, bulaq və onun ətrafındakı 0,05 hektar sahənin mühafizəsinin məsuliyyəti və cavabdehliyi Övşər Mı̇ kayılova həvalə edilmişdir. Şamaxı X4 Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 587 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı şəhər sakini İddiaçı xx xxxx 2006-cı il tarixdə akt əsasında keçmiş X5 və X2 meşəbəyliyi 7 saylı dolayının ərazisində “Əbdüləziz” adlı bulağı təmir etmək və 0.05 hektar sahəni mal-qaradan mühafizə etmək üçün təhvil verilmişdir. Qeyd edilən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, bulağın ətrafındakı 0.07 hektar ərazi mişar daşı və dəmir torla hasarlanmış, girişə dəmir darvaza qoyularaq qıfıllanmış, həmçinin ərazidə 4.2 metr enində, 5.5 metr uzunluğunda arxa tərəfi mişar daşı ilə, döşəməsi çay daşı və mişar daşla əsaslı divar çəkilərək dəmir dirəklərlə talvar üzərində bağlı otaq olan tikili inşa edilmişdir. İddiaçı verilmiş torpaq sahəsi barədə hazırda heç bir müqavilə olmadığından, yazılmış əmr və aktın heç bir qüvvəsi yoxdur və əsassız hesab edilməsi xahiş edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.1-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 31.6-cı maddəsinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 37-ci maddəsinə əsasən meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, X3 və Bərpası Müəssisənin xx xxxx 2006-cı il tarixli 11 nömrəli əmri və həmin əmr əsasında Müəssisənin əməkdaşları, iddiaçının birgə iştirakı ilə tərtib olunmuş xx xxxx 2006-cı il tarixli akta əsasən Talıstan meşəbəyliyinin 7 saylı meşə dolayında yerləşən “Gəndo” bulağını yenidən bərpa etmək, bulağı və onun ətrafındakı ağacları mal-qaradan mühafizə etmək məqsədi ilə bulaq və ona bitişik 0.03 hektar ərazi çəpərlənməsi və ya məftil torla hasarlanması, bulaq və onun ətrafındakı 0.05 hektar sahə mühafizə olunması üçün iddiaçıya təhvil verilmişdir. İddiaçının cavabdehdən müdaxilələrə qadağa qoyulmasını tələb etdiyi bulağın ətrafındakı torpaq sahəsi meşə fondunun torpağıdır və iddiaçı həmin torpaq sahəsindən istifadəsini, oranı icarəyə götürməsini, orada tikili tikməsinə razılıq almasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsində su anbarı kimi yığdığı daşların ərazidən çıxarılması, su xəttinə və bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsinə, bulağın mühafizəsi üçün nəzərdə tutulan digər 0.05 hektar əraziyə çəkilən elektrik xəttinə cavabdeh tərəfindən müdaxilələrə qadağa qoyulmasına dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin 1545 manat maddi zərər hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbinin cavabdehdən bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsində su anbarı kimi yığdığı daşların ərazidən çıxarılması, su xəttinə və bulağın mühafizə zonası olan 0.03 hektar torpaq sahəsinə, bulağın mühafizəsi üçün nəzərdə tutulan digər 0.05 hektar əraziyə çəkilən elektrik xəttinə cavabdeh tərəfindən müdaxilələrə qadağa qoyulmasına dair hissəsi iddiaçının bulaq və onun ətrafındakı torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququnu müəyyən edən sənədlərin olmaması əsası ilə rədd edildiyindən vəiddiaçı gediş-gəlişə 575 manat, müayinə və müalicələrə 600 manat, analizlərə 250 manat, su və elektrik xəttinin bərpasına 120 manat vəsait sərf etdiyini təsdiq edən sübutları təqdim etmədiyindən, iddia tələbinin 1545 manat məbləğində maddi zərər məbləğinin ödənilməsi hissəsi də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Mı̇ kayılov Övşər Abduləzı̇ z oğlunun Cavabdeh Tofı̇ q oğlundan vurulmuş maddi zərərə görə 1545 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi, bulağın mühafizə zonası olan 0,03 hektar torpaq sahəsində su anbarı kimi yığdığı daşların ərazidən çıxarılması, su xəttinə və bulağın mühafizə zonası olan 0,03 hektar torpaq sahəsinə, bulağın mühafizəsi üçün nəzərdə tutulan digər 0,05 hektar əraziyə çəkilən elektrik xəttinə cavabdeh tərəfindən müdaxilələrə qadağa qoyulmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar