Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-686/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması və pul tələbi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(060)- 6065/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının 21 noyabr 2003-cü il tarixli, 97 nömrəli İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarından görünür ki, “Fərhad-A” firmasının təsisçilərinin razılığını nəzərə alaraq, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 20 noyabr 2003-cü il tarixli, 88 saylı protokoluna əsaslanaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 fevral 1998-ci il tarixli, 154 saylı sərəncamı ilə “Fərhad-A” firmasına 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsinin firmadan geri alınması və həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməsi, qərarın verildiyi gündən rəsmiləşdirilmiş torpaq sahəsinə aid tapşırıqlar və öhdəliklərlə bağlı məsuliyyətin İddiaçı üzərinə düşməyi, bələdiyyənin memarlıq və tikinti şöbəsinə rəsmiləşdirilmiş torpaq sahəsinə aid müvafiq sənədlərin hazırlanmasının tapşırılması, qərarın icrasına nəzarətin bələdiyyənin memarlıq və tikinti, bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinə tapşırılması qərara alınmışdır.
2. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin maps şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.
3. "xxxx" MMC tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, BÖO seriyalı, 569773 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Nümayəndə hüquqi xidmət üçün 200 (iki yüz) manat məbləğində mədaxil etmişdir.
4. Ödəniş qəbzindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin hesabına bələdiyyə mülkiyyətinin icarəsinə görə 3000 manat məbləğində ödəniş etmişdir.
5. İddiaçının nümayəndəsi tərəfindən analoji qeyri-yaşayış sahəsi ilə bağlanmış 23 avqust 2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsindən görünür ki, icarədar İddiaçı ilə icarəçi X8 arasında müqavilə bağlanmışdır. İcarədar İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10cu mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin 50 kv.metrdən ibarət bir hissəsini X6 icarəyə verir, X8 isə həmin 50 kv.metr sahəsi təhvil alır. Bu icarə müqaviləsi 3 (üç) il müddətinə bağlanır və 23 avqust 2021-ci il tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olan müddəti qurtardıqdan sonra əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam etsələr, onda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş olur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi zərər kimi 7.100 (yeddi min yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun- cəmi 7.395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində pul tutulması və qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehə məxsus əşyaların həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən bağlı avtodayanacaq onun mülkiyyətindədir və 1997-ci ildən bu günə kimi qardaşı Nümayəndə istifadəsindədir. Cavabdeh 05 iyun 2017-ci il tarixdə özünə məxsus ev əşyalarını müvəqqəti olaraq 10-15 gün müddətinə avtodayanacaqdakı otaqlardan birinə yerləşdirib saxlamağı xahiş etmiş və kirayə haqqını ödəyəcəyinə söz vermişdir. Qardaşı Nümayəndə onunla razılaşmış və bildirilmişdir ki, 10- 15 gün üçün kirayə haqqı kimi özü nə verərsə versin, ancaq bu yerin aylıq kirayə haqqı 100 manatdır. Onlar şifahi olaraq belə razılaşmışlar. Ertəsi gün Elçin və Cavabdeh qardaşları həmin ev əşyalarını gətirib avtodayanacaqdakı otaqlardan birinə yerləşdirmişlər. Təxminən 1 aydan sonra avtodayacanağın gözətçisi X2 30 manat pul vermiş və bildirmişlər ki, 2-3 günə ev əşyalarını avtodayanacaqdan götürəcəklər. Lakin, bu günə qədər Cavabdeh ev əşyalarını avtodayanacaqdan aparmış və kirayə haqqını ödəməmişdir. Nəticədə, cavabdeh özünə məxsus ev əşyalarını uzun müddət avtodayanacaqda saxlamaqla qeyri-yaşayış sahəsini zəbt etmiş və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, 2017-ci ilin iyun ayından bu günə kimi o həmin qeyri-yaşayış sahəsini kirayə vermiş, qazanc əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh onun xeyrinə maddi zərər kimi 7100 manat məbləğində pulun tutulması barədə qətnamə qət edilməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Behbudova)27 dekabr 2023-cü il tarixli, 2(060)-6065/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh məxsus əşyaların İddiaçı istifadəsində olan 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsindən (anbardan) çıxarılması və Cavabdeh İddiaçı xeyrinə 1980 manat maddi zərər, 200 manat hüquqi yardımın göstərilməsi üçün pul məbləği, cəmi 2180 (iki min yüz səksən) manat məbləğində pul, 41.8 (qırx bir manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 21 noyabr 2003-cü il tarixli, 97 nömrəli İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarından görünür ki, “Fərhad-A” firmasının təsisçilərinin razılığını nəzərə alaraq, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 20 noyabr 2003-cü il tarixli, 88 saylı protokoluna əsaslanaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 fevral 1998-ci il tarixli, 154 saylı sərəncamı ilə “Fərhad-A” firmasına 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsi firmadan geri alınmış və həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının iddia etdiyinə görə 2017-ci il tarixdə əşyalarını həmin avtodayanacağa yerləşdirmiş və bu günə kimi həmin əşyalar həmin sahədə qalmış, iddiaçı isə həmin sahədən istifadə edə bilmədiyi, yəni gəlir əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, əşyaların həmin sahədə olduğunu təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh iddia tələbindən məlumatlı olmasına baxmayaraq, iddianı qəbul etməməsinə dair məhkəməyə məlumat verməmiş, etirazının əsaslarını məhkəməyə bildirməmişdir. İşin mübahisə edilməyən halı cavabdehin ona qarşı verilmiş iddianın dəlillərini mübahisələndirməməsi olmuşdur. İddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinin bir hissəsi cavabdehin əşyalarını yığmaqla qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edib ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli sahədən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Həmçinin məhkəmə hesab edib ki, iddiaçı tərəfindən tələb olunan 7100 manat maddi zərər həqiqəti əks etdirmir. Məhkəmə iclasında tədqiq edilmiş hallara əsasən (iddiaçının nümayəndəsinin bildirdiyi izahata) məhkəmə bu qənaətə gəlib ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin arasında olan şifahi razılaşmaya əsasən icarə haqqı qismində ödənilmiş 30 manatı 2017-ci il ilin iyun ayından hesablamaqla cavabdehdən iddiaçının xeyrinə pul məbləği tutulmaqla, qeyri-yaşayış sahəsi boşaldılmalıdır. İcarə haqqı qismində ödənilməli olan məbləğ, müddət olaraq altmış altı ay 30 manata vurulmaqla hesablanmalı, yəni 66x30=1980 manat maddi zərərin cavabdehdən tutulub iddiaçıya ödənilməsi ədalətli və işin tədqiq olunan hallarına uyğundur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(060)-6065/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 1096.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Belə ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən bağlı avtodayanacaq iddiaçının mülkiyyətindədir və 1997ci ildən bu günə kimi qardaşı Nümayəndə istifadəsindədir. Cavabdeh 05 iyun 2017-ci il tarixdə özünə məxsus ev əşyalarını müvəqqəti olaraq 10-15 gün müddətinə avtodayanacaqdakı otaqlardan birinə yerləşdirib saxlamağı xahiş etmiş və kirayə haqqını ödəyəcəyinə söz vermişdir. Aralarında şifahi formada razılaşma əldə edilmişdir. Təxminən bir ay sonra cavabdeh və qardaşı avtodayanacağın gözətçisi X2 30.00 manat pul vermiş və bildirmişlər ki, 2-3 günə ev əşyalarını avtodayanacaqdan götürəcəklər. Lakin, cavabdeh ev əşyalarını avtodayanacaqdan aparmamış və kirayə haqqını ödəməmişdir. Nəticədə, cavabdeh özünə məxsus ev əşyalarını uzun müddət avtodayanacaqda saxlamaqla qeyriyaşayış sahəsini zəbt etmiş və iddiaçıya xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, 2017-ci ilin iyun ayından etibarən həmin qeyri-yaşayış sahəsini kirayəyə verib qazanc əldə edə bilməmişdir. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi avtodayanacaqda aylıq kirayə haqqını 100 manat deyil, 30 manat hesablamış və 2017-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayınadək (iddia ərizəsi məhkəməyə 2023-cü ilin sentyabr ayında daxil olmuşdur) olan müddət 75 ay olduğu halda, 66 ay kimi hesablamaqla yanlışlığa yol vermişdir. Bundan başqa cavabdehlə aralarında olan şifahi razılaşmada aylıq kirayə haqqının 30 manat olması barədə söhbət olmayıb. Hesab edir ki, iddia tələbi tam təmin edilməklə Cavabdeh onun xeyrinə 7.100.00 (yeddi min yüz) manat məbləğində pul tutulması barədə yeni qətnamə qət edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh 2017-ci ildə özünə məxsus əşyaları iddaçıya məxsus avtodayanacaqda qısa müddətə saxlanılmasını xahiş etmişdir. Razılaşmalarına əsasən bu müddət 1 həftə-10 gün aralığında olmalı idi. Lakin keçən 6 il müddətində cavabdeh əşyalarını gəlib aparmamışdır. Ondan əşyalarını gəlib götürməsi tələb edilsə də, əşyalar götürülməmişdir. İşə baxan məhkəmə iddiaçıya dəymiş ziyan məbləğini düzgün hesablamamışdır. Məhkəmə qətnaməsi iddiaçıya dəymiş ziyan məbləğinə aid hissədə əsaslı deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq ***-***-**-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir.
16. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Kollegiya, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(060)-6065/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir.
20. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, yəni “iddianın təmin olunmayan hissəsində” yoxlanılmasını vacib hesab edir. İddianın təmin olunmuş hissəsi isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hisssədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(060)-6065/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən-əmlakın boşaldılması və dəymiş ziyanla bağlıdır.
23. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisəsi gedən əmlak Sumqayıt Şəhər Bələdiyyə Şurasının 21 noyabr 2003-cü il tarixli, 97 nömrəli qərarına əsasən İddiaçı ayrılmış, sonuncunun adına “mövqe planı” işlənilmiş və “tikinti üçün torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi barədə “Akt” tərtib edilmişdir.
24. İşdən həmçinin görünür ki, “Fərhad-A” firmasının təsisçilərinin razılığını nəzərə alaraq, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 20 noyabr 2003-cü il tarixli, 88 saylı protokoluna əsaslanaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 fevral 1998-ci il tarixli, 154 saylı sərəncamı ilə “Fərhad-A” firmasına 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsi firmadan geri alınmış və həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir.
25. Göründüyü kimi yuxarıda qeyd olunan sənədlər əsasında mübahisəsi gedən əmlak iddiaçınının sahibliyindədir.
26. İddiaçı tələbinin faktiki əsasını onunla əsaslandırır ki, Cavabdeh 2017-ci il tarixdə əşyalarını həmin avtodayanacağa yerləşdirmiş və bu günə kimi həmin əşyalar orada qalmaqdadır. O, həmin sahədən istifadə edə bilmədiyi, yəni gəlir əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, əşyaların həmin sahədə olduğunu təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İşə baxan məhkəmə mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, narazı qalan iddiaçı da qətnamədən apellyasiya şikayəti vermiş və iddianın təmin olunmayan hissəsinin də təmin olunmasını xahiş etmişdir.
27. Mübhaisənin bu hissəsində kollegiya bildirir ki, cavabdeh sözügedən qətnaməni (iddianın təmin olunmuş hissəsində) mübahisələndirməsə də, məhkəmə iclaslarına gəlməkdən də yayınmışdır. Cavabdehin iştirakının təmin olunması məqsədilə məhkəmə prosesləri bir neçə dəfə təxirə salınaraq, sonuncuya müxtəlif üsul və vasitələrlə (qeydiyyat ünvanına bildiriş göndərilməklə, istifadəsində olan mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Bildirişlə, məhkəmə iclas katibi tərəfindən istifadəsində olan mobil telefon nömrəsinə zəng edilib məlumat verilməklə) məlumat vermiş, lakin sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu bildirsə də, məhkəmə iclasında iştirak etməmiş, əksinə məhkəmə iclasından yayınmaqla ədalətli məhkəmə araşdırmasına maneçilik törətmişdir.
28. Göründüyü kimi hazırkı halda apellyatorun dəlili cavabdehin hərəkəti (ona məxsus əşyaların mübahisəli ünvanda saxlamaqda hərəkətsizliyi) nəticəsində onun uzun müddət məhrum olduğu aylıq kirayə haqqının əldə edilməsindən ibarətdir.
29. İddiaçı mövcud mübahisə üzrə pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
30. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
31. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
33. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
34. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Beləliklə deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
35. Yuxarıda sadalananlardan müəyyən edilir ki, cavabdehə məxsus olan əşyalar uzunmüddət ərzində iddiaçıya məxsus olan avtodayancaqda yerləşən otaqda saxlamaqla, daimi olaraq otağı məşğul etmiş, mülkiyyətçi kimi iddiaçının otaqdan aylıq kirayə haqqı əldə etməsi hüququnu məhdudlaşdırmaqla, sonuncuya maddi ziyan vurmuşdur.
36. Apellyasiya şikayətinin məzmunundan aydın olduğu kimi iddiaçı ona dəymiş ziyanın məbləğinə dair işə baxmış məhkəmənin mövqeyini qəbul etməmiş və göstərmişdir ki, 2017-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayınadək (iddia ərizəsi məhkəməyə 2023cü ilin sentyabr ayında daxil olmuşdur) olan müddət 75 ay olduğundan və hər ay üçün aylıq kirayə haqqı məbləği 100 manat hesablanmaqla ona dəymiş zərərin əvəzinin cavabdehdən tutulması təmin edilməlidir.
37. Apellyasiya şikayətinin iddiaçıya dəymiş ziyan məbləğinin qətnamədə müəyyən edilmiş məbləğdən daha artıq olması ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiyası məhkəməsi dəymiş ziyan məbləğini müəyyən edərkən haqlı olaraq ilkin variantda cavabdehin ödəmiş olduğu və iddiaçı tərəfindən qəbul edilən 30 manat məbləğini vahid qəbul etmiş və məşğul edilmiş aylara uyğun hesablamışdır.
38. İddiaçı apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin yanlış hesablanmasını bildirsə də, bununla bağlı hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmiş, etirazlarını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır.
39. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
40. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf ziyanın məbləğinin məhz göstərilən həddə olmasını təsdiq edən sübutları nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
41. Sadalananlara əsasən kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək, əsassız hesab edir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(060)-6065/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan (7100- 2180=4920) hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(060)-6065/2023 nömrəli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.