Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-663/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Əliqulu oğlunun Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi, kommersiya obyektindən maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-13/2010 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı Əliqulu oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi, kommersiya obyektindən maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(026)-13/2010 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi, kommersiya obyektindən maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiasından imtina etməsi və bu imtinanın qəbul edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Ağayev X2 Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(026)-13/2010 nömrəli qərardadından şikayət vermiş və eyni zamanda həmin qərardaddan şikayət verilməsinə dair prosessual müddətin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsində göstərilmişdir ki, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət verilən qərardad 07 aprel 2010-cu ildə qəbul edilmiş, 02 sentyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərardadın surətini 06 sentyabr 2023-cü il tarixdə aldığını bildirmiş, bundan sonra 21 sentyabr 2023-cü il tarixdə qərardaddan şikayət vermiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qərardaddan 10 gün müddətinə şikayət verməli olduğu halda şikayəti müddət ötürülməklə 21 sentyabr 2023-cü il tarixdə vermiş və şikayət verilməsi üçün müddətin bərpasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-13/2010 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Əliqulu oğlu tərəfindən Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(026)-13/2010 nömrəli qərardadından şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətinin bərpa edilməsi üçün əsaslar olmadığı üçün müddət bərpa edilməmiş, şikayət geri qaytarılmışdır (hakim Mirələm Quliyev). İddiaçı Əliqulu oğlun Qobustan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(026)-13/2010 nömrəli qərardadından Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. İddiaçı Əliqulu oğlu şikayət ərizəsində göstərilmişdir ki, Cavabdeh tərəfindən gedişgəliş yolunun açılması, tikilinin bərpası və dəymiş ziyanın ödənilməsi tələbinə dair Qobustan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmədə iddiası ilə bağlı dəfələrlə proseslər keçirilmiş və nəticədə iddiası baxılmamış saxlanılmışdır. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qərardad ona verilməmişdir. Bundan sonra müvafiq sənədləri toplamaqla analoji iddia tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək istədikdə onun bu adla daha bir iddianın məhkəməyə təqdim olunması və həmin iş üzrə icraata xitam verilməsi barədə 2010-cu ildə qərardadın qəbul edilməsi məlum olmuşdur. Həmin qərardadın surətini aldıqdan sonra onun məzmunundan belə aydın olmuşdur ki, guya o məhkəməyə ərizə verərək iddia tələbindən imtina etdiyi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə adından yazılmış ərizənin surətinin ona verilməsi üçün ərizə yazmış və ərizəni almışdır. Onun adından yazılmış ərizəyə baxarkən nə yazının, nə də imzanın onun olmadığını görmüşdür. Ərizənin latın qrafikasıyla yazıldığını görmüşdür. O isə latın qrafikası bilmir, yazıları kiril əlifbası ilə yazır. Əlavə olaraq adından iltizam yazılaraq notariat qaydasında təsdiq edilmişdir ki, həmin iltizamı da o yazdırmamışdır. Bundan başqa adından iltizam da yazılaraq notarius Tofiq Seyidov tərəfindən təsdiq edilmişdir. Bu iltizam da ona məxsus olmamaqla tərəfindən yazılmamışdır. Ona görə də qərardadın onun adından yazılmış saxta ərizə əsasında qəbul edilməsi ilə bağlı həmin qərardaddan şikayət vermiş, eyni zamanda da müddətin bərpasına dair ərizə vermişdir. Lakin məhkəmə dəfələrlə şikayətlərini təmin etməmişdir. Şikayətləri iki dəfə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış və Qobustan Rayon Məhkəməsinin qərardadları ləğv edilmiş və mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılmışdır. Qobustan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(026)- 13/2010 nömrəli qərardadı ilə Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(026)-13/2010 nömrəli qərardadından şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət bərpa edilməyərək onun şikayəti geri qaytarılmışdır. Hazırda həmin qərardadla razı olmadığını, ona görə də Qobustan Rayon Məhkəməsinin 24 yanvar 2024cü il tarixli, 2(026)-13/2010 nömrəli qərardadın ləğv edilməsi, şikayətin verilməsi müddətinin bərpa olunması və 07 aprel 2010-cu il tarixli, 2(026)-13/2010 nömrəli qərardadından vermiş olduğu şikayətin təmin edilməsi və mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-13/2010 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Qobustan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(026)- 13/2010 nömrəli qərardadından verdiyi şikayətin təmin olunmaması, şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Mirələm Quliyev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. İddiaçı verilmiş şikayətlə bağlı əlavə sübutlar təqdim edəcəyini əsas gətirərək onun iştirakı ilə işə şifahi icraatda baxılmasına dair məhkəmə kollegiyasına vəsatətlə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinin elektron kabinet vasitəsi ilə tam ətraflı verdiyindən işə şifahi icraatda baxılmasını zəruri hesab etməmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-13/2010 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı iş materialları ilə müəyyən edilir ki, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-ci il tarixli, 2(026)-13/2010 nömrəli qərardadı ilə İddiaçı Əliqulu oğlunun Cavabdeh qarşı gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi və kommersiya obyektindən maneəsiz istifadə hüququnun təmin edilməsinə dair iddiasından imtina edilməsi və bu imtinanın qəbul edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadın surəti tərəflərə 07 aprel 2010-cu il tarixdə 201-202 reyestr nömrəli məktubla göndərilmişdir. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı Əliqulu oğlu 21 sentyabr 2010-cu il tarixdə Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(026)-13/2010 nömrəli qərardadının surətini məhkəmə qəbzinə imza etməklə almışdır. Ağayev X2 Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(026)- 13/2010 nömrəli qərardadını 2010-cu ildə almasına baxmayaraq vaxtında şikayət verməmiş, həmin qərardaddan şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İddiaçı müvafiq iddia ərizəsi ilə 2010-cu ildə birinci instansiya məhkəməsinə müraciət etməsini mübahisələndirmir. Lakin şikayətində həmin iddia ərizəsinin nəticə etibarı ilə baxılmamış saxlandığını qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bununla əlaqədar 2010-cu ildə çıxarılmış qərardaddan 13 il sonra prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizənin dəlili hər hansı məntiqə uyğun olmayıb əsassızdır. Beləliklə iddiaçı qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı dəlilləri formal xarakter olmaqla əsaslandırılmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardadı əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Əliqulu oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 2(026)-13/2010 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-663/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-663/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver