Məhkəmə qərarları › İş №2(037)-54/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-54/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-54/2023 07.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, X2, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 07 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 8615 manat məbləğində vəsaitin, həmçinin 4000 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində vəsaitin, ümumilikdə 12775 manat məbləğində vəsaitin və ödənilmiş 128,32 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 16 iyun 2022-ci il tarixdə saat 15:02 radələrində ona məxsus “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X7” yük markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, yəni sonuncu nəqliyyat vasitəsinin təqsirindən yaranmış yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13615 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin avtomobilində sərnişin qismində əyləşmiş qohumu X5 yüngül bədən xəsarəti almışdır. “Vegas Motors” Auto Service tərəfindən təqdim edilmiş 22 avqust 2022-ci il tarixli hesab fakturada ona məxsus nəqliyyat vasitəsinə 13615 manat məbləğində ziyan dəyməsi əks olunmuşdur. Hadisə zamanı “X7” yük markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən etibarnaməsiz idarə edilmişdir. Qeyd olunanlar Bakı şəhəri Nizami RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 avqust 2022-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2001/2022 saylı 13 sentyabr 2022-ci il tarixli qərarlarında öz təsdiqini tapmışdır. “X7” yük markalı **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsas olmadan Cavabdeh1 tərəfindən idarə olunmuşdur. Həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2dır. Cavabdeh1 təqsiri nəticəsində ona dəymiş 13615 manat məbləğində vəsaitin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda ona dəymiş ziyanı 8615 manat məbləğində qiymətləndirir. O, “Hyundai Veloster” markalı 90-UD 675 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, günə 50 manat olmaqla aya 1000 manat məbləğində qazanc əldə etmişdir. Lakin iyun ayından nəqliyyat vasitəsi yararsız halda olduğundan ondan faydalana bilməmiş və bunun nəticəsində 4 ay ərzində 4000 manat məbləğində ziyana məruz qalmışdır. Cavabdehlər tərəfindən həmin 4000 manat məbləğinin yarısının, yəni 2000 manat məbləğinin ödənilməsinə də razıdır. Əlavə olaraq, hazırkı mülki iş üzrə sübutların toplanması və məhkəməyə müraciət üçün hüquqi yardıma görə 160 manat məbləğində vəsait ödəmişdir. Verilmiş ekspert rəyindən narazı deyildir. 16 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 8615 manat məbləğində vəsaitin, həmçinin 4000 manat məbləğində əldə çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində vəsaitin, ümumilikdə 12775 manat məbləğində vəsaitin və 128,32 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 16 iyun 2022-ci il tarixdə saat 15:02 radələrində iddiaçıya məxsus “Hyundai Veloster” markalı **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “X7” yük markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı iddiaçıya məxsus “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 5000 manat və avtomobildə olan sərnişin X4 müalicəsi üçün 750 manat olmaqla, ümumilikdə 5750 manat pul iddiaçıya ödənilmişdir. İddiaçı həmin pulu aldıqdan sonra avtomobilin təmiri üçün cəmi 5000 manat vəsait lazım olduğu halda ondan 12775 manat pul tələb etmişdir. Verilmiş ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert rəyində göstərilmiş 10696 manat məbləği həmin avtomobilin təmiri üçün yüksək hesablanmışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Bakı şəhəri Nizami RPİ-nin 02 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. “Vegas Motors – Auto Service” tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli hesab fakturadan görünür ki, “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 13615 manat məbləğində müəyyən edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3(007)- 2001/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək, barəsində 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 06 oktyabr 2022-ci il tarixli 016- ********** nömrəli məktubundan görünür ki, 2007-ci il buraxılışlı, “X7” yük markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydə alınmışdır. "xxxx" ASC-nin 31 yanvar 2023-cü il tarixli, 05/01-231 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində Cavabdeh1 idarə etdiyi və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X7” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən İddiaçı əmlaka dəymiş zərərə görə 5000 manat, X1 dəymiş yüngül dərəcəli xəsarətə görə isə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 9/986 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Vegas Motors” avtoservis tərəfindən tərtib edilmiş 19 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2012-ci il buraxılışlı, “Hyundai Veloster” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10696 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. 20 sentyabr 2022-ci il tarixli BPMASAN**********49 nömrəli və 20 oktyabr 2022-ci il tarixli BPMASAN**********83 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 31 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 160 manat xidmət haqqı ödəmişdir. 20 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 128,32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 16 iyun 2022-ci il tarixdə Cavabdeh1 idarə etmə hüququ olmadan idarə etdiyi “X7” yük markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının idarə etdiyi “Hyundai Veloster” markalı **-UD-*** avtomobili vurmuş və nəticədə iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. “X7” yük markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri Nizami RPİ-nin 02 avqust 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3(007)-2001/2022 nömrəli qərarı ilə Cavabdeh1 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək, barəsində 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC 31 yanvar 2023-cü il tarixli, 05/01-231 nömrəli sorğuya cavab məktubu ilə bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində Cavabdeh1 idarə etdiyi və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X7” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən İddiaçı əmlaka dəymiş zərərə görə 5000 manat, X1 dəymiş yüngül dərəcəli xəsarətə görə isə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Vegas Motors – Auto Service” tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli hesab fakturaya əsasən “Hyundai Veloster” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 13615 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 9/986 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “Vegas Motors” avtoservis tərəfindən tərtib edilmiş 19 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2012-ci il buraxılışlı, “Hyundai Veloster” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10696 manat müəyyən edilmişdir. İddiaçı 16 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 8615 manat məbləğində vəsaitin, həmçinin 4000 manat məbləğində əldə çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində vəsaitin, ümumilikdə 12775 manat məbləğində vəsaitin və 128,32 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iddia tələbinin avtomobilə dəymiş maddi ziyana görə tələb olunan 8615 manat hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 özünə məxsus avtomobili idarəetmə hüququ olmayan Cavabdeh1 verdiyinə və sonuncu, həmin avtomobillə iddiaçıya məxsus avtomobillə toqquşaraq qəza törətdiyinə görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə ekspert rəyinə əsaslanaraq “Hyundai Veloster” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini 10696 manat qəbul edir. "xxxx" ASC tərəfindən həmin məbləğin 5000 manatı iddiaçıya ödənilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi avtomobilə dəymiş ziyana görə tələb olunan 8615 manat hissəsində qismən – 5696 (10696-5000=5696) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə tələb olunan 4000 manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərdən əldən çıxmış faydaya görə 4000 manat tələb etsə də bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etmədi. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi əldən çıxmış faydaya görə tələb olunan 4000 manat hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə tələb olunan 160 manat hissəsinə münasibətdə qeyd edir ki, 20 sentyabr 2022-ci il tarixli BPMASAN**********49 nömrəli və 20 oktyabr 2022-ci il tarixli BPMASAN**********83 nömrəli mədaxil qəbzlərinə əsasən iddiaçı ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 31 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 160 manat xidmət haqqı ödəmişdir. Məhkəmə qərara gəlir ki, iddia tələbi hüquqi yardıma görə tələb olunan 160 manat hissəsində təmin edilməlidir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 5856 manatdır. Ona görə də cavabdehlərdən müştərək qaydada həmin məbləğə uyğun olaraq 78,56 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 128,32 manat dövlət rüsumunun 49,76 manatı iddiaçının özünə aid edilməlidir. Cavabdeh1 vəsatətinə əsasən məhkəmə-əmtəəşünaslıq ekpsertizası təyin edildiyindən iş üzrə ekspertiza xərci olan 50 manat məbləği ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5696 manat maddi ziyan, 160 manat hüquqi yardım məbləği və 78,56 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 5934 (beş min doqquz yüz otuz dörd) manat 56 (əlli altı) qəpik tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 128,32 manat dövlət rüsumunun 49,76 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh1 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar