Məhkəmə qərarları › İş №2(037)-565/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-565/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-565/2021 14.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 10460,99 manat əsas, 1947,73 manat faiz borcu olmaqla, cəmi 12408,72 manat vəsaitin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 23,84 faiz dərəcəsi ilə 72 ay müddətinə 10460,99 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. 19 may 2021-ci il tarixə cavabdehin 10460,99 manat əsas, 1947,73 manat faiz borcu olmaqla, cəmi 12408,72 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 10460,99 manat əsas, 1947,73 manat faiz borcu olmaqla, cəmi 12408,72 manat vəsaitin və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə (bundan sonra cavabdehin nümayəndəsi) məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi izahat verərək göstərdi ki, oğlu Cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən oğluna 72 ay müddətinə 10460,99 manat məbləğində kredit verilmişdir. Oğlu ilk aylar krediti vaxtında ödəmiş, daha sonra bir il yarım müddətdə işi sərəncamda olduğundan kredit borcunu ödəyə bilməmişdir. Oğlu hazırda Dövlət Sərhəd Xidmətinin kurslarında iştirak edir. İşlə təmin olunandan sonra kredit borcunu hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 10 avqust 2020-ci il tarixli RGTK2496328A178 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə cavabdehə illik 23,84 % olmaqla 72 ay müddətinə 10460,99 manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay ödəniş qrafiki üzrə əsas və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda, iddiaçının müqavilə üzrə borcların vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 10 avqust 2020-ci il tarixli RGTK2496328A178 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 10460,99 manat əsas və 9307,69 manat faiz borcu olmaqla, cəmi 19768,68 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 27 fevral 2021-ci il tarixli 16/10725 nömrəli bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. Maliyyə arayışından görünür ki, 19 may 2021-ci il tarixə cavabdehin 10 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10460,99 manat əsas, 1947,73 manat faiz borcu olmaqla, cəmi 12408,72 manat kredit borcunun qaldığı qeyd edilmişdir. 26 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 10 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 23,84 faiz dərəcəsi ilə 72 ay müddətinə 10460,99 məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin 19 may 2021-ci il tarixə 10460,99 manat əsas, 1947,73 manat faiz borcu olmaqla, cəmi 12408,72 manat borcu qalmışdır. İddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən cəmi 12408,72 manat kredit borcunun və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 10460,99 manat əsas, 1947,73 manat faiz borcu olmaqla, cəmi 12408,72 manat kredit borcunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 10460,99 manat əsas, 1947,73 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12438 (on iki min dörd yüz otuz səkkiz) manat 72 (yetmiş iki) qəpik məbləğ alınaraq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar